Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Parisdə Bakıya uçuş sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilmişdir

 

  Xəbər verdiyimiz kimi, aprelin 11-də Parisdə Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgi açılmışdır.

Sərgi ilə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından tədbirdə iştirak edən qonaqların şərəfinə ziyafət verilmişdir.

Ziyafətdə Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etmişlər.

 

Frederik Mitteranın çıxışı

 

- Hörmətli Mehriban xanım!

Hörmətli cənablar!

Hörmətli senat üzvləri! Əziz dostlar!

 

Xanım Əliyeva, icazə verin Sizi kiçik nitqimlə burada bir daha salamlayım. Bu axşam keçirilən sərgidə təşkilatçılıq işlərində xüsusi rol oynamış qızınız Leylanın burada olmağını qeyd etmək istərdim. Sizin simanızda biz Azərbaycanın mədəni həyatının görkəmli şəxsiyyətini, ölkəmizin dostunu görürük.

Azərbaycanda keçirilmiş "Fransa inciləri" sərgisi bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bilirik ki, bu işdə Sizin böyük əməyiniz olmuşdur. Bundan əlavə, Bakıdakı Müasir İncəsənət Muzeyi mədəni tədbirlərin təşkil edilməsində də çox fəaldır. Bilirik ki, Bakıda Xalça Muzeyinin binası tikilir. İşlər başa çatdırıldıqdan sonra onun dünyada ən gözəl xalça muzeylərindən birinə çevriləcəyinə əminik.

Bu gün keçirilən "Bakıya uçuş" sərgisinin əsas məqsədi gənc rəssamlar nəslinin yaratdığı əsərləri nümayiş etdirməkdir. Bu sərgi öz xüsusiyyətləri ilə seçilən incəsənətə xüsusi marağı olan Paris ictimaiyyəti üçün təşkil olunmuşdur. Bu təşəbbüsə və sərginin keçirilməsinə verdiyiniz dəstəyə görə Sizə öz həmkarlarım və Fransa hökuməti adından dərin təşəkkürümü bildirirəm.

Hörmətli xanım Əliyeva, bu gün axşam bizimlə olmağınızdan fərəh hissi duyuram. Bu gün axşam müğənnimiz Patrisia Kaas və Fransanın muzey işçiləri bizimlədir. Burada Fransanın Muzeylər Şurasının sədri cənab Kruzeli görürəm. O, Bakıda keçirilmiş "Fransa inciləri" sərgisinin təşkil edilməsində xüsusi rol oynamışdır. Xüsusilə burada Filip Kostamanyanın iştirakını qeyd edərdim. Bildiyiniz kimi, bu şəxs Bakıda keçirdiyimiz sərginin bələdçisi olmuşdur. O sərgi çox uğurlu keçmişdir. Bu axşam isə Parisdə açdığımız sərginin artıq uğurla baş tutmasından danışmaq olar.

Hörmətli xanım Əliyeva! Siz keçirdiyimiz bu tədbirlərin hamısında iştirak edirsiniz. Bu gün bizimlə olduğunuza görə bir daha minnətdaram və bundan məmnunam. Sağ olun.

 

Mehriban xanım Əliyevanın çıxışı

 

- Hörmətli cənab nazir!

Hörmətli qonaqlar!

 

İlk növbədə, mən sizin hamınızı bu axşam burada salamlayıram və bu gün bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı çatdırıram.

Cənab nazir, sizə mənim fəaliyyətim, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə xüsusi minnətdarlığımı bildirirəm.

Doğrudan da, bu gün Fransanın paytaxtı Parisdə belə bir sərginin keçirilməsi Azərbaycanın mədəni həyatında böyük bir hadisədir. Çünki Paris təkcə Fransanın yox, demək olar ki, bütün dünyanın mədəniyyət paytaxtıdır. Bu sərgi ilk dəfə Londonda nümayiş olunmuşdur. Bu gün Parisdə göstərilir. Sonra dünyanın digər ölkələrinin paytaxtlarında da nümayiş olunacaqdır. Mən sərginin hazırlanmasında əməyi olan bütün insanlara dərin minnətdarlığımı bildirirəm. Şəxsən bizim gənc, doğrudan da istedadlı rəssamların adından sizə dərin minnətdarlığımı çatdırıram. Mən ümidvaram ki, bu sərgi ölkəmizin zəngin mədəniyyətini, mədəni irsini Fransada daha da yaxşı tanıdacaqdır. Çünki bizim fəaliyyətimizin əsas məqsədi Azərbaycanı, onun zəng mədəniyyətini, tarixini tanıtmaqdır.

Bu gün sərginin açılışı oldu. Bu sərgi iki həftə Fransada nümayiş olunacaq və inanıram ki, böyük maraq doğuracaqdır.

Mən bir daha sizin hamınıza qonaqpərvərliyinizə, diqqətinizə görə dərin minnətdarlığımı, sizin ölkənizə olan hörmət və məhəbbətimi çatdırıram.

Sonda fürsətdən istifadə edərək sizin hamınızı Azərbaycana dəvət edirəm. Çox sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 6.