Parisdə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi böyük maraq doğurmuşdur
Xəbər verdiyimiz kimi, aprelin 11-də Parisdə Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgi açılmışdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyeva, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran mərasimdə iştirak etmişlər.
"Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi Londondan sonra bu dəfə Parisdə açılmışdır. Sərgiyə olan marağı Fransa paytaxtının mərkəzi küçələrində vurulan reklam lövhələrindən də görmək olurdu.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan sərgi Parisin məşhur Salomon de Rotşild malikanəsində açılmışdır. Bu da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətlərində mədəniyyətimizin təbliğinin prioritet istiqamət olduğunu bir daha təsdiqləyir.
Leyla xanım Əliyevanın
təşəbbüsü ilə keçirilən bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin
qovuşmasından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi
də qiymətləndirmişlər.
Mərasimdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım ƏLİYEVA
çıxış edərək dedi:
-
Xanımlar və cənablar!
Hörmətli
dostlar!
"Bakıya
uçuş" adlı sərgiyə gəldiyiniz
üçün sizə təşəkkür edirəm.
Gördüyünüz kimi, biz doğrudan da heyrətləndirən
və ilhamlandıran sənət əsərlərinin əhatəsindəyik.
Burada sərgilənən dinamizm və yaradıcılıq bu
gün mənim Vətənim Azərbaycanda baş verənlərin
böyük bir hissəsini əks etdirir. Mənim ölkəm
misli görünməmiş inkişaf dövrü
yaşayır və bu, özünü müasir incəsənət
sahəsində daha da qabarıq göstərir.
Müstəqil Azərbaycan nisbətən cavan ölkədir. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 20 illiyini qeyd etdik. Bu qədər cavan olmağımıza baxmayaraq, bizim qədim tariximiz vardır. Azərbaycan müsəlman Şərqində ilk ölkədir ki, burada 1918-ci ildə qadınlar səsvermə hüququ qazanmış, 1901-ci ildə isə müsəlman qızlar üçün ilk məktəb tikilmişdir. Azərbaycan, eyni zamanda, Şərqdə ilk opera və baletin səhnələşdirildiyi ölkədir. Beləliklə, biz bir çox ilklərə imza atmış ölkəyik.
Bakını gəzərkən siz küçələr boyu ətrafınızda sürətli inkişaf görə bilərsiniz - Zaha Hadidin şah əsərindən tutmuş yeni mağazalar, restoranlar və mehmanxanalar düzülmüş prospektlərədək, Xəzər dənizinin sahilində bulvaradək! Bu, gözünüzün önündə dəyişən şəhərdir. Bakının memarlığı özündə təkcə çox qədim Qız qalasında əksini tapan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, Zərdüşt məbədləri ilə müasir binaları və XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız şəhərsalma mədəniyyətini özündə təcəssüm etdirir.
Bu, qədimlik və müasirliyi, Şərq ilə Qərbin sintezini bizim "Konde Nast" nəşriyyat evi ilə birgə yaratdığımız jurnalımızda da görə bilərsiniz. "Baku" jurnalı 2011-ci ilin oktyabrında Londonda işıq üzü görmüşdür. İndi isə bu nəşri Parisdə də əldə etmək mümkündür. Ümid edirəm ki, bu jurnal şəhərimizin gözəlliyini tərənnüm edir. Nəşrin çoxsaylı səhifələri müxtəlif layihələrimizə və gənc rəssamlara həsr olunmuşdur.
Biz bugünkü tədbirin təşkilatçılarından biri olduğumuz üçün çox şadıq. Mənim üçün Paris xüsusi bir məkandır. Düşünürəm ki, buradakı binaların gözəlliyi və ab-havası bir çox rəssamlara ilham vermişdir. Mən rəsm əsəri çəkməyi çox sevirəm və bu da mənə bir çox böyük rəssamların əsərlərini dəyərləndirməyə kömək edir. Bu gün burada sərgilənən əsərlər arasında mənim də əsərlərimin təqdim edilməsindən həyəcanlıyam.
Burada Azərbaycandan
21 rəssam iştirak
edir. Onlardan bəziləri gəncdir,
bu işə yeni başlayıblar, bəziləri isə bu sənətlə çoxdan məşğul
olurlar və tanınmış rəssamlardır.
Bizim burada 100-dən çox əsərimiz - videolar, installyasiyalar, rəsm əsərləri, performanslar
və fotoşəkillər
nümayiş olunur.
Burada maraqlı cəhət ondan ibarətdir ki, bu əsərlərin
əksəriyyəti məhz
"Bakıya uçuş"
sərgisi üçün
yaradılmışdır və
ilk dəfədir ki, nümayiş olunur. Biz bu sərgini
bütün Avropada nümayiş etdirməyi planlaşdırırıq, Nyu-Yorkda
da təşkil edəcəyimizə ümid
vardır və sərgiyə Bakıda yekun vuracağıq.
Hər şeydən
əvvəl mən bütün istedadlı rəssamlara təşəkkürümü
bildirmək istərdim. Mən düşünürəm ki,
onlar həqiqətən
də mükəmməl
iş görüblər.
Əlbəttə ki, mən Erve Mikaeloff və Emin Məmmədova
bu sərgini qısa müddətdə
ərsəyə gətirdikləri
üçün təşəkkür
etmək istərdim.
Buraya gəldiyiniz və bu axşamı bizimlə keçirdiyiniz üçün sizin hamınıza təşəkkür
edirəm. Çoxunuzun
bildiyi kimi, may ayında biz Bakıda
"Eurovision" mahnı müsabiqəsinə
ev sahibliyi
edəcəyik. Bu fürsətdən istifadə
edərək sizi bizim şəhərə səfər etməyə və onun sehrlərini
kəşf etməyə
dəvət edirəm.
Təşəkkür edirəm.
Sərginin kuratoru Erve MİKAELOFF isə qeyd etdi
ki, bu sərgi
zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı
ilə seçilir. "Azərbaycan incəsənətinin
dərin tarixi kökləri vardır",
- deyən Erve Mikaeloff bu cür
tədbirlərin ölkəmizin
dünyada daha yaxşı tanıdılmasına
yardım etdiyini vurğuladı. O, bu
sərginin keçirilməsində
böyük əməyi
olan Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya minnətdarlığını bildirdi.
Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla xanım Əliyeva, Fransanın mədəniyyət
və kommunikasiya naziri Frederik Mitteran "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti"
mövzusunda sərgisi
ilə tanış
oldular.
Sərginin iştirakçıları arasında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da adı vardır. Onun müəllifi
olduğu illüstrasiyalardan
gələcəkdə rus
və ingilis dillərində işıq
üzü görəcək
"Biri var idi, biri yox"
nağıl kitabında
istifadə ediləcəkdir.
Leyla xanım Əliyevanın müəllifi olduğu
"Nar", "Nar ağacı",
"Həyat davam edir" və digər rəsm əsərləri də orijinallığı ilə
iştirakçıların qəlbinə yol tapır.
Sərgidə gənc rəssamlardan Aida Mahmudovanın əsəri
də üslubu ilə iştirakçıları
özünə cəlb
edə bildi. Müəllif əsərində keçmiş
həyatı, rastlaşdığı
hadisə və hissləri indiki zamanda təqdim edir.
Bundan əlavə, sərgidə
tanınmış rəssamlar
Altay Sadıqzadə, Ənvər
Əsgərov, Mirnadir
Zeynalov, ümumilikdə
21 müəllifin təsviri
incəsənət, qrafika,
heykəltəraşlıq, fotoqrafiya, video-art kimi müxtəlif istiqamətlərdə
işləri təqdim
edilir. Əsərlərin hər biri orijinallığı, bədii
üslubu ilə maraq doğurur. Bir-birindən maraqlı, fərqli,
avanqard ideyaların
hakim kəsildiyi bu sənət əsərləri
müasir Azərbaycan
incəsənətinin özəlliyindən
xəbər verir.
Orijinal zövqün, maraqlı düşüncənin, incə
ruhun təcəssüm
tapdığı əsərlərin
bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə
texnologiyaları diqqət
çəkir.
Sərgidə həmçinin müxtəlif
illərdə Venesiya Biennalesində Azərbaycanı
təmsil edən rəssamların, eləcə
də xarici ölkələrdə yaşayan
gənc fırça
ustalarının, beynəlxalq
nüfuzlu tədbirlərdə
iştirak edən sənət adamlarının
əsərləri də
nümayiş olunur. Buradan aydın
görünür ki, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində
reallaşdırdığı bu layihələr nəticəsində zəngin
Azərbaycan mədəniyyəti
ilə yanaşı, ölkəmizin istedadlı
gəncləri də dünyada tanınır və qəbul edilir.
Bu orijinal sərgidə
nümayiş olunan əsərlər bir daha sübut etdi ki, incəsənətin
imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Avanqard çalarlar ilə
zəngin olan bu sərginin ovqatı həm də onu təsdiqləyir
ki, Azərbaycanda mədəniyyətə və
sənətə hər
zaman böyük diqqət olmuşdur.
Ölkəmizdə mədəniyyətin
inkişafı üçün
daha münbit şəraitin yaradılması,
mədəniyyət və
incəsənət nümayəndələrinin
azad yaradıcılıq
imkanlarının təmin
edilməsi istiqamətində
müntəzəm tədbirlər
həyata keçirilir.
Fransa senatının üzvü
Natali QULE sərgi barədə fikirlərini
bölüşərək dedi: "Möhtəşəm
sərgidir. Bakının və Azərbaycanın
möhtəşəm təsviridir.
Hər şey mükəmməldir.
Bu, Paris üçün son
dərəcə gözəl
imkandır. Ümid edirəm
ki, bu sərgini
çoxlu sayda insan ziyarət edəcəkdir. Çünki çox maraqlıdır".
Fransanın Azərbaycandakı sabiq
səfiri Jan PERRƏN isə
bildirdi: "Çox maraqlıdır. Burada çoxlu əsər
vardır. Azərbaycanın gənc rəssamlar nəsli yetişmişdir.
Mən rəssamlarınızın əsərləri
ilə yaxından tanışam. Tahir Salahovu
və Toğrul Nərimanbəyovu yaxşı
tanıyıram. Əvvəllər sərgilənən Azərbaycanın
müasir rəssamlarının
əsərlərini xatırlayıram.
İndi isə yeni rəssamlar
nəsli yetişmişdir.
Onlar çox maraqlıdırlar".
Rus Soydaşlar Beynəlxalq Şurası idarə heyətinin sədri, qraf Pyotr ŞEREMETYEV də bu original sərgi barədə fikirlərini bölüşərək
dedi: "Bu qədər
maraqlı sərgidə
olmaq mənim üçün böyük
sevincdir. Mən bir memar və rəssam kimi belə tədbirləri çox xoşlayıram. Sərginin
Azərbaycan, Bakı ilə bağlı olması mənim üçün daha böyük maraq kəsb edir. Çünki mən çoxdandır
ki, Azərbaycana səfərlər edirəm
və bu baxımdan sərgi mənim üçün çox maraqlıdır.
Mən Azərbaycana hörmət
və ehtiramımı
çatdırmaq istəyirəm".
"Fantastikdir. Hər şey
çox gözəldir.
Məkan
da fantastikdir. Burada bu gün iştirak
etmək mənim üçün son dərəcə
xoşdur. Mən bu
sərgidə bir çox şeyləri kəşf etdim. Hər şey müasirdir və heyrətamizdir", - deyə
məşhur italyan kinoaktrisası Klaudia
KARDİNALE bildirdi.
* * *
Parisdə "Bakıya uçuş"
sərgisi aprelin 21-dək
davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 17 aprel.- S. 6.