Modernləşmə
strategiyası davamlı iqtisadi inkişafın hərəkətverici
qüvvəsinə çevrilir
Azərbaycan 2020: Güclü
dövlət, yüksək rifah
Akademik Ramiz
Mehdiyevin sanballı elmi əsərləri "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanması üçün dərin
elmi əsaslar yaratmışdır
Sürətli inkişaf yolu keçən Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi uğurlar əvvəlcədən müəyyənləşdirilmiş, dəqiq strateji və taktiki hədəfləri olan fəaliyyət strategiyasına əsaslanır. İqtisadi, siyasi və hüquqi islahatların paralel şəkildə həyata keçirilməsi yolu ilə reallaşdırılan bu strategiya Azərbaycanı ən yaxın perspektivdə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmağa xidmət edir. Sistemli və ardıcıl islahatların nəticəsi kimi ötən illərdə bu istiqamətdə mühüm məqsədlərdən birinə nail olunmuş, iqtisadi sahədə keçid dövrünü geridə qoyan Azərbaycan modernləşmə mərhələsinə qədəm qoymuşdur.
Uzaq hədəflərə
hesablanmış inkişaf strategiyası
Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü uğurlu siyasət dövlət başçısının xalqın, ölkənin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Keçid dövrünün geridə qaldığı son 3 ildə Azərbaycanda milli ideya səviyyəsində nəzərdən keçirilən strateji məqsədlərdən biri də məhz Azərbaycanın orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasıdır. Dövlət başçısı hökumətin 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümumi daxili məhsulun ən azı 2 dəfəyədək artırılmasını mühüm vəzifə kimi müəyyənləşdirmişdir.
İstənilən cəmiyyətdə irəli sürülən ideya və məqsədlərin cəlbediciliyi ilk növbədə onların praktik tətbiq imkanları ilə ölçülür. İrəli sürülən məqsədlər, ideyalar nə qədər cəlbedici görünsə belə, real icra mexanizminə əsaslanmaması bəzən onların kağız üzərində qalması, deklarativ müzakirələr səviyyəsindən uzağa getməməsi ilə nəticələnir. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək niyyətini sadəcə bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də addımlar atır. Cəmiyyət qarşısında verdiyi hər bir vədini əməli fəaliyyəti ilə doğruldan cənab İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" 29 noyabr 2011-ci il tarixli sərəncamı da bunun bariz nümunəsidir.
Sərəncam əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu ilin sonunadək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını hazırlamalıdır. Əminliklə demək olar ki, belə bir konsepsiyanın hazırlanması Azərbaycanın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır.
Cəmi bir neçə il əvvəl Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmaq istəyi cəmiyyətdə müəyyən skeptik və qeyri-adekvat yanaşmalara yol açırdısa, hazırda bu məqsəd getdikcə milli ideya səviyyəsinə yüksəlir. Cəmi 8-9 il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında ictimai həyatın bütün sahələrində qazanılan fundamental uğurlar fonunda bu məqsədin reallığa adekvat olduğunu da əminliklə iddia etmək olar. Respublikanın ilbəil sürətlə artan maliyyə imkanları isə qarşıda duran bütün məqsədləri ardıcıl və sistemli surətdə həyata keçirməyə imkan verir. Bəzi paralellər aparmaqla respublikanın son 10 ildəki inkişaf dinamikası ilə bağlı aydın təsəvvür yaratmaq mümkündür. Məsələn, yeni yüzilliyin əvvəllərində bir sıra layihələri sırf maliyyə çatışmazlığı üzündən həll edə bilməyən Azərbaycan hazırda regionun ən böyük investor dövlətinə çevrilmişdir.
Ümumilikdə, Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyasının hazırlanması deməyə əsas verir ki, dövlət başçısı respublikanın gələcək inkişaf perspektivlərinin indidən dərin elmi əsaslarla müəyyənləşdirilməsini vacib sayır. İnkişaf Konsepsiyası layihəsinin hazırlanması prosesində müvafiq dövlət orqanları, beynəlxalq qurumlar və vətəndaş cəmiyyəti institutları ilə yanaşı, elmi təşkilatların və yüksəkixtisaslı mütəxəssislərin də cəlb olunması sənədin dərin elmi əsaslara söykənəcəyinə dəlalət edir.
Ayrı-ayrı milli dövlətlərin nümunəsində inkişaf konsepsiyalarının hazırlanma və reallaşdırılma səviyyəsi, forması fərqli olmuşdur. Bununla belə, əsas məsələ inkişaf konsepsiyasının hazırlanmasında cəmiyyətin ən mühüm institutlarının əlaqəli fəaliyyətinin təmin olunmasıdır. Konkret olaraq ABŞ nümunəsi əsasında demək mümkündür ki, Prezident Kennedinin hakimiyyəti dövründə bu dövlətin inkişaf strategiyası hazırlanarkən hökumətin, ayrı-ayrı məmurların, elm-təhsil ocaqlarının, beyin mərkəzlərinin və ictimai institutların birgə, əlaqəli əməyindən istifadə edilmişdi. Məhz bu amil hər bir ölkədə inkişaf strategiyasının uğurluğunu təmin edən ən vacib amildir.
Milli maraqlarla
uzlaşan mükəmməl konsepsiya
Azərbaycanın 2020-ci ilədək olan dövrü əhatə edəcək İnkişaf Konsepsiyasının hazırlanması prosesi cəmiyyətin intellektual kəsiminin, ilk növbədə, elmi elitanın üzərinə böyük mənəvi öhdəlik qoyur. Bu mərhələdə elmi əsaslarla irəli sürülən hər bir səmərəli təklif və təşəbbüs sənədin daha mükəmməl hazırlanması baxımından son dərəcə vacibdir. Lakin 2012-ci ilin birinci rübü artıq geridə qalsa da, etiraf etmək lazımdır ki, ictimai və humanitar sahələrdə ixtisaslaşmış elmi-tədqiqat institutlarının, habelə ayrı-ayrı mütəxəssislərin, alimlərin bu yönümdə xüsusi fəallığı nəzərə çarpmır.
Əlbəttə, istisnalıq təşkil edən təşəbbüslər də var ki, cəmiyyətdə faydalı elmi-fəlsəfi müzakirə və diskussiyaları canlandıraraq ümumi potensialın vahid milli ideya naminə səfərbər olunmasına kömək edir. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin son illərdə yüksək tədqiqatçı məharəti və dərin analitik təfəkkürlə qələmə aldığı əsərlərin praktiki əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bir çoxlarının üzərindən sükutla keçdiyi, laqeydlik nümayiş etdirdiyi problematik mövzuları alim təəssübkeşliyi və vətəndaş yanğısı ilə tədqiq edərək özünəməxsus şəkildə qələmə alan görkəmli filosof bu yolla həm də cəmiyyətdəki apatiyanı, süstlüyü aradan qaldırır, diqqəti ictimai həyatın həlli vacib məsələlərinə yönəldir. Problemləri göstərməklə yanaşı, onların həlli yolları ətrafında maraqlı və intensiv müzakirələrə rəvac verən elmi-fəlsəfi tezislər, postulatlar irəli sürür.
Əslində, akademik Ramiz Mehdiyevin əsərlərinin elmi-fəlsəfi dəyəri də məhz onların cəmiyyətdə bir qayda olaraq böyük maraqla qarşılanması, yeni polemikalara, diskussiyalara yol açması ilə ölçülür. Uzun illər dövlət idarəetmə sistemində yüksək vəzifələrdə çalışmış cənab Ramiz Mehdiyevin nəzəri mülahizə və düşüncələrini təcrübi fəaliyyətlə əlaqələndirərək uzlaşdırmaq, müqayisəli təhlillər aparmaq qabiliyyəti onun həm də yeni dünya nizamının incəliklərini yetərincə düzgün dəyərləndirən yüksək erudisiyalı, peşəkar tədqiqatçı olmasından irəli gəlir.
Ölkə hüdudlarından kənarda da kifayət qədər tanınan, əsərlərinə geniş istinad olunan alimin xüsusən də Azərbaycanın müasir inkişaf strategiyası - demokratikləşmə və modernləşmə xətti ilə bağlı dərc olunmuş əsərlərində yer almış tezislər "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması baxımından son dərəcə əhəmiyyətlidir. Ümumilikdə akademik haqlı olaraq sənədin hazırlanmasında aşağıdakı istiqamətləri xüsusi önə çəkmişdir:
- dövlət müstəqilliyimizin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması;
- siyasi sahədə demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi;
- iqtisadi sahədə ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, ölkəmizin ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi;
- iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi;
- mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi;
- Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması;
- sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması;
- Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması;
- bölgədə və bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan dövlətinin səylərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və s. konsepsiyanın hazırlanmasının əsas istiqamətlərinin müəyyənləşdirilməsi.
Göründüyü kimi, akademik Ramiz Mehdiyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı irəli sürdüyü bu istiqamətlərin hər biri iqtisadçı, ictimaiyyətşünas və politoloqlar üçün geniş araşdırma və tədqiqat mövzusudur. Sözügedən sənədin hazırlanması ilə bağlı irəli sürülən bütün təklif və ideyalar, təşəbbüslər ilk növbədə bu istiqamətlərə adekvat olmalı, onları inkişaf etdirməlidir. Ümumilikdə ölkənin seçdiyi strateji xəttə adekvat olaraq inkişafın yeni paradiqmaları da modernləşmə kursu ilə tam şəkildə uzlaşmalıdır.
Modernləşmə xətti
aktual olaraq qalır
Akademik Ramiz Mehdiyevin çoxsaylı əsərlərində
modernləşmə strategiyasının dərin elmi təhlilinə
və Azərbaycan üçün vacibliyinin əsaslandırılmasına
yönəlmiş uğurlu təşəbbüslər də
qətiyyən təsadüfi deyildir. Modernləşmə
tarixən bir ictimai-iqtisadi formasiyadan digərinə keçid
prosesini uğurla yekunlaşdıran hər bir dövlət
üçün səciyyəvi olmuşdur. Modernləşmə dedikdə, birbaşa mənada
müasir tələblər və normalar çərçivəsində
ardıcıl, sistemli yeniləşmə başa
düşülür. Modernləşmə
paradiqması XX əsrin ortalarında Avropa müstəmləkəçilik
imperiyalarının dağılması və çoxsaylı
yeni gənc dövlətlərin yaranışı nəticəsində
formalaşmışdır. Onun nəzəriyyəsinə
görə, insan cəmiyyətinin tarixində bütün
mövcud olanlar ikiqütblüdür. Bu
ondan irəli gəlir ki, modernləşmə nəzəriyyəsinin
əsas kateqoriyalarını ənənəvilik (ənənəvi
cəmiyyət) və müasirlik (müasir cəmiyyət) təşkil
edir. Burada proses ənənəvilikdən müasirliyə
doğru gedir. Başqa sözlə, modernləşmə
strategiyasında ehtiva olunan məqsədlər konkret zaman və
məkan üçün müəyyən dəyişikliklərə
uğrayır.
Qloballaşmanın təsiri altında iqtisadi və sosial strukturların modernləşməsi müasir dövrdə demokratikləşmənin vacib amili kimi nəzərdən keçirilir. Çünki ən müasir texnologiyaya əsaslanan iqtisadi inkişaf maddi rifahın yüksəlməsinə doğru apararaq demokratikləşməyə də meydan açır. Sivilizasiyaların toqquşması nəzəriyyəsinin banisi S.Hantinqton millətin maddi rifahı ilə onun demokratikləşməsi arasında qarşılıqlı əlaqənin kifayət qədər möhkəm olduğunu yazır. Sosioloq S.M.Lipset isə dövlətin inkişaf səviyyəsi ilə onun siyasi quruluşu arasında əlaqələri məxsusi araşdıraraq bu qənaətə gəlir ki, demokratikləşmə çox amillərdən asılıdır, lakin sosial-iqtisadi inkişafın səviyyəsi onun "əsas və zəruri şərtidir". Eyni postulatı əsərlərində daha da inkişaf etdirən akademik Ramiz Mehdiyev Azərbaycanda modernləşmə prosesinin vacib şərti kimi iqtisadi və siyasi islahatların paralel şəkildə həyata keçirilməsi vacibliyini ön plana çəkir.
Modernləşmənin son illərdə Azərbaycanda müasir milli ideya səviyyəsinə yüksəlmiş məqsədə çevrilməsi təsadüfi deyildir: bu istiqamətdə islahatların aparılmasını, ilk növbədə, respublikanın uzun illər ərzində formalaşmaqda olan milli inkişaf modeli diktə edir. Konseptual əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu modelin əsasını, ilk növbədə, sosialyönümlülük təşkil edir. Başqa sözlə, sərbəst bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycan üçün insan amilinin tərəqqi və yüksəlişinə xidmət edən islahatlar da prioritet məsələdir. Həyata keçirilən iqtisadi, siyasi, hüquqi islahatlar da özlüyündə "insan inkişafı indeksi"nin yüksəlməsinə xidmət edir. Modernləşmə prosesini sürətləndirən bu islahatların son məqsədi həm də Azərbaycan insanı üçün layiqli həyat tərzinin təmin edilməsidir. Bu mənada, respublikamızda həyata keçirilən modernləşmə strategiyasının əsas hədəflərindən birinin də məhz "hər kəs üçün yüksək sosial rifah" olduğunu əminliklə söyləmək mümkündür.
Ümumiyyətlə, təcrübə göstərir ki, sosial rifaha xidmət edən çoxşaxəli siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli tərəqqiyə nail olur və dünya arenasında özünəlayiq yer qazanırlar. Ötən 9 ildə Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev də məhz bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirir. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır.
"Modernləşmə xətti yenə də gündəlikdədir" adlı əsərində filosof qeyd edir ki, uzun illər boyu dəyişməz siyasi imperativlərə əsaslanan cəmiyyətdə sosial mühitin hər hansı şəkildə dəyişməsi yalnız yeni oriyentirlərin ictimai qavrayışı və nəsillərin dəyişməsi amilləri nəzərə alınmaqla həyata keçirilə bilər. Akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində isə vurğulayır ki, Prezident İlham Əliyev müasir cəmiyyətin, müasir infrastrukturun yaradılmasını və müasir insanın formalaşdırılmasını modernləşmə sahəsində ölkə qarşısında duran əsas vəzifələr kimi müəyyən etmişdir. Akademik Ramiz Mehdiyev modernləşməni müasir dövlətin zəruri funksiyalarından biri kimi səciyyələndirir, eyni zamanda, Azərbaycanın innovasiya modernləşməsində maraqlı olduğunu xüsusi qeyd edir.
Akademik Ramiz Mehdiyevin bu qənaətini də tam bölüşmək olar ki, iqtisadi sahədə keçid dövrünü son illərdə geridə qoyan Azərbaycandan, sivil Qərb dövlətlərində olduğu kimi, yüksək demokratik inkişaf və sosial rifah gözləmək qeyri-adekvat yanaşma olar. Azərbaycanın demokratik inkişaf səviyyəsi xeyli dərəcədə kapitalist modernləşməsinin və sənaye cəmiyyətinin genezisinin erkən mərhələlərində Avropa ölkələrinin çoxu üçün səciyyəvi olmuş səviyyəyə bənzəyir. Başqa sözlə, demokratiyanın inkişaf səviyyəsi müəyyən edilərkən adambaşına düşən ümumi daxili məhsul da nəzərə alınmalıdır. Məsələn, 1990-cı illərin əvvəllərində Azərbaycanda adambaşına düşən məhsulun həcmi cəmi 300-400 dollar arasında idi. Və belə bir şəraitdə müstəqil Azərbaycan demokratik proseslərin əsaslarını qoysa belə, demokratik ölkə sayıla bilməzdi. Son illərdə isə Azərbaycanda adambaşına ümumi daxili məhsulun həcmi artaraq 7 min dollara çatmışdır. Milli gəlir, adambaşına düşən məhsul istehsalı artdıqca, təhsilə, elmə, səhiyyəyə, informasiya vasitələrinə, informasiya texnologiyalarına ayrılan vəsaitlər də çoxalır. Bu da insanların bir-birinə yaxınlaşması, demokratik proseslərin inkişafı üçün daha möhkəm təməl yaradır. Məhz buna görə də cənab İlham Əliyevin prezidentliyinin əsas konsepsiyası güclü iqtisadi bazanın yaradılmasından ibarətdir. Məhz güclü iqtisadi baza siyasi və hüquqi islahatları da uğurla davam etdirmək imkanı yaradır.
Azərbaycanda təkamül yolu ilə gerçəkləşən, tədrici xarakter daşıyan sistem dəyişkənliyi, habelə modernləşməyə keçid, ilk növbədə, idarəçiliyə yeni ruh və müasirliyin, habelə innovativ yeniliklərin gətirilməsi prinsipinə əsaslanır. Sabitləşmədən modernləşməyə aparan bu yol eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərinin daha etibarlı müdafiəsi, ictimai qüvvələrin tarazlığının qorunub saxlanılması, cəmiyyətə xas mülki, demokratik, özünüidarə meyillərini adekvat realizə etmək imkanlarını genişləndirir. Başqa sözlə, maliyyə imkanlarının genişlənməsi ilə paralel siyasi və hüquqi islahatların davam etdirilməsi istiqamətində addımlar atılır. Məqsəd qanunun aliliyinin tam təmin olunduğu, insan və vətəndaş hüquqlarının qorunduğu, vətəndaş cəmiyyətinin inkişaf etdiyi sivil cəmiyyət qurmaqdır.
Ümumiyyətlə, bu reallıq indi aksiom kimi qəbul olunur ki, modernləşmə prosesi yalnız iqtisadi cəhətdən təmin olunmuş ölkələrdə özünə möhkəm dayaqlar tapa bilər. İqtisadi və siyasi islahatları paralel şəkildə həyata keçirmədən, bir-biri ilə sıx şəkildə əlaqələndirmədən ciddi nəticələrə nail olmağın mümkünsüzlüyünü Prezident İlham Əliyev dərin məzmunlu nitqlərində dəfələrlə vurğulamışdır.
"İnkişafın Azərbaycan
modeli"nin tədqiqinə yeni təkan
Şübhəsiz, bu gün ölkədə elm və təhsilin inkişafına müvafiq şərait yaradılmadan, əhalinin aktiv təbəqələri tərəfindən müasirləşməyə pozitiv yanaşma formalaşmadan modernləşmə məqsədlərini həyata keçirmək mümkün deyildir. Azərbaycanın sosiomədəni modernləşməsi təkcə yeni texnologiyaların və bazar mexanizmlərinin tez bir zamanda keyfiyyətli tətbiqini deyil, həmçinin keyfiyyətcə yeni qarşılıqlı münasibətlərin, kreativ və innovasion şüurun köməyi ilə millətin sivil yeniləşməsini şərtləndirə bilən institutların yaranmasını nəzərdə tutur.
Son illər sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin yeni reallıqlara nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması məhz bu və digər reallıqlarla şərtlənir. Keyfiyyətcə yeni mərhələdə dünyadakı qlobal proseslərə nəzərən Azərbaycanın demokratik inkişaf strategiyasının nəzəri-politoloji əsaslarını müəyyənləşdirmək, milli inkişaf modelinin özünəməxsusluğunu konkret elmi postulatlar əsasında ortaya qoymaq humanitar və ictimai elm sahələri qarşısında duran başlıca vəzifələrdəndir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev hələ 2009-cu ilin dekabr ayında işıq üzü görmüş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində ictimai və humanitar elmlərlə bağlı bir çox problematik məsələlərə toxunmuşdur. Müəllif haqlı olaraq qeyd etmişdir ki, Azərbaycanın davamlı tərəqqisi və iqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdırması elmi ictimaiyyət qarşısında yeni hədəflər müəyyənləşdirir: "Ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi məsələsi hələ də öz həllini tapmaq mərhələsindən çox uzaqdır. Məlumdur ki, həyata keçirilən iqtisadi islahatlar və dəyişikliklər məhz vahid iqtisadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmalıdır. Lakin bu istiqamətdə heç bir irəliləyiş gözə çarpmır. Bununla yanaşı, indiyədək sosial-iqtisadi inkişafımızın sürətləndirilməsinin nəzəri əsasları da işlənilməyibdir".
Hesab edirik ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması prosesində respublikanın son 20 ildə keçdiyi uğurlu inkişaf yolunun spesifik cəhətləri ümumiləşdirilməli, konkret olaraq "inkişafın Azərbaycan modeli"ni səciyyələndirən xüsusiyyətlər nəzərə alınmalıdır. Çünki davamlı inkişaf prosesi keçmiş, bugün və gələcək arasında sistemli əlaqənin yaradılması vacibliyini önə çəkir. Ancaq "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərindən xeyli müddət keçməsinə baxmayaraq, bu sahədə əsaslı, arzuolunan dönüşün baş verdiyini demək mümkün deyildir. Xüsusən də iqtisad elminin müasir çağırışlara cavab verməməsi ilə bağlı müəyyən narahatlıqlar hələ də aradan qalxmamışdır.
İnkişaf etmiş dövlətlərin
təcrübəsi göstərir ki, dövlət öz gələcəyi
ilə bağlı fundamental tədqiqatların həyata
keçirilməsi prosesini himayə edərək konkret
addımlar atdıqda əldə olunan yeniliklər daha səmərəli
və faydalı olur. Cəmiyyətin intellektual kəsiminin
iştirakı ilə formalaşan, "beyin mərkəzi"
qismində çıxış edən bu elmi-siyasi
institutlarda hasil olan layihələr ictimai həyatın ən
müxtəlif sahələrində mütərəqqi yenilikləri
stimullaşdırır. Hazırda dünyanın bir çox
ölkələrində belə "beyin mərkəzləri"
mövcuddur və onların dərin elmi
araşdırmaları, reallığa adekvat proqnozları
bütövlükdə dünya siyasətinə təsirsiz
keçmir. Məsələn, ABŞ-ın nüfuzlu
"Gellap International" institutunun keçirdiyi
sorğuların, açıqladığı elmi qənaətlərin,
ərsəyə gətirdiyi tədqiqatların mötəbərliyi
sivil dünya ölkələrində ciddi qəbul olunur. Eləcə
də Beynəlxalq Respublikaçılar İnstitutu, IFES kimi
ixtisaslaşmış mərkəzlər bu prosesdə
sözünü deyir, ABŞ-ın dövlət
maraqlarının həyata keçirilməsində iştirak
edirlər.
Akademik Ramiz Mehdiyev məhz bu reallıqdan çıxış edərək yazır ki, idarəçilik sistemində qəbul olunan siyasi qərarların elmi bazasının formalaşdırılmasında, gələcəklə bağlı iqtisadi proqnozların verilməsində, milli inkişaf modelinin əsaslandırılmasında alimlərin təşəbbüskarlığına və fəallığına ehtiyac var. Filosofun qeyd etdiyi kimi, sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycanda iqtisad elminin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, elmlə idarəçiliyin üzvi vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliyinə nail olunması yeni mərhələdə qarşıda mühüm vəzifələr kimi durur. Modernləşmə prosesi fonunda iqtisadçı alimlərimiz öz tədqiqatlarını gələcəyə yönəlik əməli işlər və araşdırmalar üzərində qurmalıdırlar. Gələcəyə yönəlik elmi işlər üzərində çalışmaq, məsələn, nanotexnologiyalarla bağlı araşdırma aparmaq son dərəcə zəruridir. Elmi istiqamətlərin gələcək inkişaf tendensiyalarının proqnozlaşdırılması da olduqca xüsusi əhəmiyyət kəsb edir.
İqtisadi nəzəriyyəyə
yeni baxış
Hesab edirik ki, Azərbaycanın 2020-ci ilədək dövrü əhatə edən inkişaf konsepsiyasında konkret olaraq ictimai elmlər sahəsində həyata keçiriləcək islahatlar əksini tapmalıdır. Çünki bu elm sahələrini inkişaf etdirmədən davamlı, sabit tərəqqi prosesi üçün etibarlı elmi zəmin formalaşdırmaq mümkün deyildir. Bu xüsusda iqtisadi nəzəriyyə fənninin tədrisinin yeni dövrün tələblərinə uyğunlaşdırılması da vacib məsələlərdən biridir.
Şübhəsiz, Azərbaycanda
tərtib edilən yeni təhsil standartlarında və ali təhsil
məktəblərinin tədris planlarında "İqtisadi nəzəriyyə"
fənninin yerinə "Ekonomiks" metodologiyasına və
metodikasına əsaslanan "Mikroiqtisadiyyat" və
"Makroiqtisadiyyat" kurslarının yer alması uğurlu
addım sayıla bilməz. Xatırlatmaq
yerinə düşər ki, 2007-ci ildə kredit sisteminə
keçidlə əlaqədar iqtisadyönümlü ali məktəblərin
bütün ixtisaslarında tərtib olunmuş yeni tədris
planlarında fundamental fənn kimi "İqtisadi nəzəriyyə"
saxlanılmış, 240 auditoriya saatı həcmində 4
semestrə bölünməklə (hər semestrdə 60
saat fənni tədris etməklə),
aşağıdakı kimi göstərilmişdir:
Mikroiqtisadiyyat - 1; Mikroiqtisadiyyat - 2; Makroiqtisadiyyat - 1;
Makroiqtisadiyyat - 2. Lakin 2009-cu ildə respublikada Bolonya sisteminə
keçidlə əlaqədar "İqtisadi nəzəriyyə"
fənninin adı ixtisaslar üzrə bakalavr
hazırlığını təmin edən ali baza təhsil
standartlarından tamamilə çıxarılmış, əvəzində
"Mikroiqtisadiyyat" və "Makroiqtisadiyyat" fənləri
müəyyənləşdirilmişdir. Yeni tərtib
olunmuş tədris standartları ixtisaslar üzrə
hazırlanaraq aşağıdakı iqtisad ixtisaslarını
əhatə etmişdir: "İqtisadiyyat", "Dünya
iqtisadiyyatı", "Kommersiya", "Maliyyə",
"Marketinq", "Menecment", "Mühasibat uçotu
və audit", "Sənayenin təşkili və idarə
olunması", "Statistika", "Dövlət və bələdiyyə
idarəetməsi". Bunların hamısı
iqtisadyönümlü istiqamət olduğu halda, yalnız
"İqtisadiyyat" ixtisasında "İqtisadi nəzəriyyə"
240 saat olmaqla, "Mikroiqtisadiyyat-1, 2"; "Makroiqtisadiyyat
- 1, 2" kimi verilmiş, digər ixtisaslarda tədris
saatlarının miqdarı 165 saat olmaqla
"Mikroiqtisadiyyat" və "Makroiqtisadiyyat"a
bölünmüşdür. İqtisadyönümlü ali təhsil
ocaqlarının tədris standartlarında və tədris
planlarında yuxarıda göstərilən ixtisasların
hamısında əvvəlki tədris planlarında
olduğu kimi, "İqtisadi nəzəriyyə"nin tədrisini
240 saat saxlamaqla, 4 semestr ərzində "Mikroiqtisadi nəzəriyyə-1";
"Mikroiqtisadi nəzəriyyə -2"; "Makroiqtisadi nəzəriyyə
-1"; "Makroiqtisadi nəzəriyyə
-2" formasında tədris etmək gələcək
iqtisadçı kadrların universitet statusuna uyğun nəzəri
və praktiki cəhətdən hərtərəfli
hazırlanmasına ciddi təkan vermiş olardı.
İqtisadi nəzəriyyə kimi fundamental xarakterli fənnin
tədrisi və onun saatlarının bölgüsü respublikada "İqtisadiyyat" qrupuna
daxil edilən ixtisaslardakı kimi, digər qruplara daxil olan
ixtisaslarda da eyni olmalıdır. İqtisad profilli universitetlərdə
bu elmin ayrı-ayrı sahələrinin mənimsənilməsi
eyni dərəcədə vacib olsa da, onların tədris
saatları arasında ciddi fərqlərin mövcudluğu kadr
hazırlığı prosesində heç də
müsbət presedent deyildir. Ümumiyyətlə, Təhsil
Nazirliyinin iqtisad profilli bütün ixtisaslar üçün
yeni tərtib edilmiş tədris standartlarında
"İqtisadi nəzəriyyə" fənninin roluna və
yerinə yenidən baxılması məqsədəuyğundur.
Yeni hazırlanan standartların çatışmayan cəhətlərindən biri də Qərb ölkələrinin iqtisadyönümlü bütün ali məktəblərinin tədris planlarında fundamental fənlər sırasına daxil olan "İqtisadi fikir tarixi" fənninin yer almamasıdır ki, bunu da əsasandırmaq çətindir. Bundan əlavə, ümumi humanitar fənlər sırasında "İqtisadi tarix" və ya "İqtisadiyyatın tarixi" fənninə də yer tapılmalıdır.
Hazırda ali məktəblərdə tədris sisteminin təkmilləşdirilməsi üçün iqtisadi nəzəriyyənin vaxtı çatmış təsnifat problemlərinin, onların sisteminin məntiqi qaydaya salınması da mühüm əhəmiyyət kəsb edir. İqtisadi nəzəriyyə insanların iqtisadi fəaliyyətlərində onların arasında baş verən iqtisadi münasibətlərin forma və məzmununun tədqiqinə həsr olunmuş bir elm sahəsidir. İqtisadi fəaliyyət bir tərəfdən hər birisinin öz tədqiqat predmeti olan, həmin fəaliyyətin xüsusiyyətlərinə uyğun prizmadan spesifik yanaşan, digər tərəfdən isə idrak metodları, məqsədləri və vasitələri ilə fərqlənən müxtəlif elmlər tərəfindən öyrənilir. Bu baxımdan, iqtisad elmlərini öyrənilən obyektin nəzəri cəhətdən ümumiləşdirilməsi dərəcəsinə görə bir-birindən fərqlənən iqtisadi tədqiqatların müxtəlif səviyyələrinə ayırmaq olar. İqtisadi nəzəriyyəyə aid olan fundamental metodoloji və ya ümumnəzəri problemlər birinci səviyyəni təşkil edir. İkinci səviyyənin problemləri xüsusi və ya funksional iqtisad elmlərinin (əməyin iqtisadiyyatı, maliyyə və kredit, marketinq, menecment, proqnozlaşdırma, iqtisadi statistika, mühasibat uçotu və audit, təsərrüfat fəaliyyətinin təhlili və s.) tədqiqat predmetinə daxildir. Ücüncü səviyyənin problemləri sahə iqtisad elmlərinin (sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, tikintinin iqtisadiyyatı və s.) tədqiqat predmetini təşkil edir. Bunlardan əlavə, bir-birinə yaxın olan sahələrarası və ya qarışıq iqtisad elmlərinin (iqtisadi tarix, iqtisadi sosiologiya, iqtisadi coğrafiya və s.) tədqiqat predmeti olan aralıq səviyyənin problemlərini də qeyd etmək olar. Sistem şəklində fəaliyyət göstərən bütün iqtisad elmlərinin təsnifatı onların fundamental və tətbiqi elmlərə bölünməsi ilə tamamlanır. Fundamental elmə iqtisadi nəzəriyyə, tətbiqi elmlərə isə yerdə qalan bütün iqtisad elmləri daxildir. Ümumiyyətlə, belə təsnifatlaşdırma nisbi xarakter daşıyır və bunun rolunu mütləqləşdirmək doğru olmazdı.
Ayrı-ayrı iqtisadi proseslərin nəzəri təhlili, elmi cəhətdən qiymətləndirilməsi çox hallarda müxtəlif elm sahələrinin biliklərindən istifadə etmək zərurətini yaradır. Nəticədə fənlərarası araşdırmalar, birgə elmi tədqiqatların arealı genişlənir. Son illərdə təsərrüfat fəlsəfəsi, iqtisadi sosiologiya, institusional iqtisadiyyat və başqa bu kimi elmi sahələrin meydana gəlməsi buna sübutdur. Digər tərəfdən, ictimai inkişafın, o cümlədən iqtisadi proseslərin tədqiqində daha çox riyaziyyat, fizika, kimya, mexanika kimi elmlərin təhlil metodlarından geniş istifadə olunur. Aydındır ki, bu cür qarşılıqlı təsir və yeni bilik sahələrinin yaranması qədim fəlsəfədən başlayaraq geniş mənada elmin obyektiv inkişaf qanunauyğunluğudur. Bir çox elmlər, xüsusilə təbiət elmləri öz tarixində bu cür diferensiasiya prosesinə uğramış və çoxsaylı bölmə, yarımbölmə, şöbələr halında vahid elmin istiqamətləri kimi bu gün özlərini doğrultmaqdadır. Məsələn, fiziki kimya, fiziki biologiya, Kvant mexanikası və başqa törəmə elmlər bugünkü fundamental fizika elmi ilə yanaşı yaşayır. İqtisadi nəzəriyyə elmində belə diferensiasiya prosesləri indi daha intensiv şəkildə gedir. Bu hal bir tərəfdən iqtisadi hadisələrin yeni reallıqlarının öyrənilməsində kəmiyyət etibarilə tədqiqatın elmi yükünü yüngülləşdirir, digər tərəfdən, keyfiyyət səciyyəsi kimi tədqiqatın nəticələrində elmi bütövlük, inteqral ümumiləşmə tələb edir. Buna görə fənlərarası sinergetik tədqiqatların çoxaldığı və iqtisadi təhlil vasitələrinin genişləndiyi şəraitdə iqtisadi nəzəriyyənin ayrı-ayrı fənlərə parçalanması yox, əksinə, onun fundamental bir elm kimi tədqiqat predmetinin yetkinləşməsi prosesi gedir. Bu gün iqtisadi nəzəriyyənin predmetinə iqtisadi hadisələrin və iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarının öyrənilməsi, iqtisadi tədqiqatların metodoloji əsaslarının işlənib hazırlanması ilə yanaşı, xüsusi və sahə iqtisadi tədqiqatlarının predmetodoloji ümumiləşdirilməsi baxımından yanaşmaq lazımdır.
Hər hansı dövlətdə iqtisadi tənəzzül o zaman baş verir ki, ümumiyyətlə, gələcəyə istiqamətlənmiş ideyalar tükənir. Bu baxımdan bütün sahələrdə yeniləşən Azərbaycanın uğurlu inkişaf magistralında olduğunu əminliklə söyləmək olar. Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılan modernləşmə xətti Azərbaycanın nəinki hazırkı, ümumiyyətlə gələcək uğurlarına etibarlı təminatdır.
Əlican BABAYEV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin kafedra müdiri,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-
2012.- 17 aprel.- S. 7.