Gəncədə
tarixi həqiqət bərpa olundu
Tarixi arayış
Tarixi mənbələrə müraciət etdikdə məlum olur ki, N. Barataşvili Gəncədə çar üsul - idarəsinin gürcü əsilli məmurlarından biri olmuşdur. Fəaliyyətində Gəncədə xalqın hörmətini qazanacaq addım atdığına bir işarə belə yoxdur. Olsaydı qədirbilən gəncəlilər unutmaz, onun adını uçuq koma ilə deyil, ürəklərində, şifahi xalq ədəbiyyatında yaşadardılar. N. Barataşvili 1845-ci ilin iyun-oktyabr aylarında Gəncə şəhər qəza idarəsi rəisinin müavini olmuşdur. 1845-ci ilin oktyabrın 21-də Gəncəbasarda Murut kəndində vəfat etmiş və Gəncədə dəfn olunmuşdur. 1893-cü ildə N. Barataşvilinin məzarı Gəncədən Tiflisə köçürülmüşdür.
Azərbaycanın ən mühüm siyasi və mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərinin tarixinin öyrənilməsi hər zaman diqqət mərkəzində olsa da, bəzən tarixi faktlara münasibətdə yanlışların və əsassız mübahisələrin meydana çıxmasının şahidi oluruq. Həmin məsələlərdən birinin üzərində dayanmağa və onu xüsusi şərh etməyə ehtiyac duyulur. Belə ki, heç bir tarixi mənbələrə əsaslanmayan həvəskar tarixçilər səhvən Gəncə xanının dəftərxanasının sarayda deyil, şəhərin ikinci hissəsində -Çələbyurdda yerləşdiyini iddia edirlər. Odur ki, son vaxtlar Gəncə şəhəri haqqında yazılardakı bəzi faktlarda çox ciddi, əsassız yozumlamalara yol verilir. Belə ki, sovet hakimiyyəti illərində Gəncə tarixinin dolaşdırılmasının məhsulu olan saxta faktlar həqiqət kimi qəbul edilir və oxuculara təqdim olunur.
Gəncə çayı bütün dövrlərdə Gəncə şəhərini iki hissəyə bölmüşdür. Gəncə xanlığı dövründə də şəhər iki hissədən ibarət olmuşdur. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, haqqında danışılan tikili Gəncənin qədim məhəllələrindən sayılan və aparıcı türk tayfalarından olan çələbilərin məhəlləsində - Çələbyurdda yerləşmişdir. Məhəllənin adı isə Azərbaycanın siyasi-ictimai həyatında mühüm mövqeləri ilə seçilən Çələbi nəslinin adı ilə bağlı olmuşdur. Bu zaman meydana belə bir sual çıxır. Qacar sülaləsindən olan Cavad xan hansı səbəbə görə saraydan uzaqda Çələbi məhəlləsində özünə dəftərxana inşa etdirməli idi? Şübhəsiz, bütün bunlar adıçəkilən tikilinin Cavad xanın dəftərxanası olmadığını bir daha təsdiq etməkdə açar rolunu oynaya bilər.
Azərbaycan xanlarının, o cümlədən Gəncə xanlığının dəftərxana sistemi haqqında bir neçə kəlmə yazmağa ehtiyac vardır. Azərbaycan xanlıqlarında, o cümlədən Gəncə xanlığında dövlət idarə sistemində dəftərxanalar əsas yer tuturdu. Xanlığın idarəetmə sistemində amirlik və amillik (hərb və dəftərxana) sistemi mövcud idi. Dəftərxana xanlıqda həyata keçirilmiş, keçirilən və keçirilməsi planlaşdırılan işləri qeydə alır, eləcə də xanlığa aid hesabatların yazılmasına kömək göstərirdi. Bir sözlə, dəftərxana fasiləsiz olaraq bütün görülən işləri qeydə alan və xanlığın idarəetmə strukturunda ən mühüm vəzifə idi. Buna görə dəftərxana xan ilə mütəmadi əlaqədə olan idarə sayılırdı. Mal, mülk ilə əlaqədar işlərin daima diqqətdə saxlanılması da dəftərxananın vəzifəsinə daxil idi. Bununla yanaşı dəftərxana vergi sisteminin fəaliyyətini nəzarətdə saxlayan və xana məlumat verən idarə idi.
Uzun illər xanlıq hakimiyyəti rus tarixşünaslığında yanlış təqdim olunmuşdur. Rus tarixçisi N.Dubrovin xan hakimiyyətini heç bir çərçivəyə sığmayan özbaşına bir rejim kimi xarakterizə etmişdir. Bu kimi yanlış iddialardan fərqli olaraq görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov qeyd edirdi: "Xanlar şəriətin əsas qanunlarını və xalqın adət-ənənəsini pozmaq hüququna malik deyildir." Şəriətdə isə dəftərxana məmuru vəzifəsini nümunəvi olaraq yerinə yetirənin Allah yolunda cihada çıxan şəxslər qədər savab qazandığı ifadə edilmişdir. Belə bir məsul və geniş funksiyaya sahib olan idarənin saraydan uzaqlarda, baxımsız və nəzarətsiz bir ərazidə -Çələbyurdda yerləşdirilməsi nə qədər məntəqli olardı?!
Buna görə də bütün xanlıqlarda dəftərxanalar sarayın daxilində, xanın daima diqqəti altında və sarayın nəzarəti qüvvətli olan yerində yerləşirdi. Odur ki, sözü gedən tikili ilə əlaqədar xan dəftərxanasının saraydan kənarda yerləşməsini heç bir xan qanunvericiliyi qəbul edə bilməzdi. Azərbaycan Səfəvi dövlətində də dəftərxanalar ya saray daxilində, ya da saraya bitişik binada yerləşirdi. Gəncə xanlığı uzun illər Azərbaycan Səfəvilər dövlətinə daxil olan, onun tərkib hissəsi sayılan Qarabağ-Gəncə bəylərbəyliyinin mərkəzi olmuşdur. Gəncə bəylərbəyliyində isə idarəetmə hakimiyyəti Ziyadoğullarına məxsus idi. Odur ki, Nadir şahın ölümündən sonra yaranan Gəncə xanlığı da dövlət idarəçiliyi sistemində Azərbaycan Səfəvilər dövlətinin 250 illik idarəçilik ənənəsini davam etdirmişdir. Gəncə xanlığının idarə sistemi Azərbaycan Səfəvilər dövlətinin idarə sisteminin yeni şəraitdə davamı idi.
Lakin digər bir önəmli faktın qeyd edilməsi də vacibdir. Gəncə xanlığı dövründə dövlətçilk qanunlarına görə xan sarayı və ona daxil olan sahələr də şəhərin mərkəzində yerləşirdi. Ziyadoğlular nəslinə mənsub olan Cavad xanın bütün şəxsi mülkiyyəti və inzibati binaları şəhərin birinci hissəsində, hazırkı Atatürk prospektində yerləşmişdir. Çünki Gəncə şəhərini əhatə edən qalanın Şirəli bürcü və Şəhriyar hissəsi inzibati binaların yerləşdiyi ərazi olmuşdur. Demək, hazırkı Atatürk prospekti və Xan Bağının ətrafı həmin ərazilər hesab oluna bilər. Qeyd etdiyimiz kimi, şəhərin Çələbyurd adlanan ikinci hissəsi isə məskunlaşma seyrək olmaqla yanaşı, o dövrə aid mənbələrdən də göründüyü kimi, geniş bağ sahələrindən ibarət olmuşdur.
Gəncə şəhərinin ikinci hissəsində tariximizin mühüm yadigarı olan bir neçə alban kilsəsi mövcud olmuşdur. Rus işğalından sonra qeyd olunan mədəniyyət abidələri məqsədli olaraq bölgəyə yeni yerləşdirilən haylar tərəfindən mənimsənilmişdir. Əslində qeyd olunan abidələr alban məbəd və kilsələri olub haylaşmaya məruz qalmışdılar. Artıq tarixi həqiqət bərpa olunmuş və tarixi abidələrin alban abidələri olduğu isbat edilmişdir.
Gəncə şəhərinin ikinci hissəsində çaydan şərqə doğru 400 metr uzaqlıqda Gəncə xanlığının tarixi ilə heç bir əlaqəsi olmayan, heç bir memarlıq dəyəri daşımayan 48,36 kvadratmetrlik bir bina tikilmişdir. Bu tikili Rusiyanın işğal etdiyi şəhərlərdə inşa etdirdiyi müşahidə məntəqəsindən başqa bir şey deyildir. Binanın tikilmə tarixi xanlıqlar dövründən çox sonralara aiddir. Rusiya imperiya üsul - idarəsinin gizli məqsədi və təşəbbüsü ilə Azərbaycan tarixini və gəncəlilərin vətənpərvərlik hissini təhqirə məruz qoymaq üçün bu əhəmiyyətsiz tikilini Cavad xan dəftərxanası olaraq təqdim edilməsinə nail olunmuşdur. Bu, Gəncə xanlığının, o cümlədən istiqlal şəhidimiz Cavad xanın əzəmətini kiçiltməkdən, Rusiya imperiyasının "mədəniləşdirici" rolunu şişirtməkdən başqa bir şey deyildi!
Gəncə son illərdə intibah dövrünü yaşamağa başlamışdır. Sözü gedən tikili ilə əlaqədar olaraq tarixi yanlışlıq aradan qaldırılmış, heç bir tarixi-memarlıq dəyəri olmayan tikili - gəncəlilərə müstəmləkə günlərini xatırladan göz dağı aradan qaldırılmış, milli və Gəncə memarlığı üslubunda inşa edilmiş bina ilə əvəz edilmişdir. Heç təsadüfi deyil ki, Gəncə Şəhər İcra Hakimiyyətinin böyük abadlıq və quruculuq işlərinin kiçik bir hissəsi olan bu addım Azərbaycan elminə və tarixinə, o cümlədən Gəncə tarixinə bələd olan tarixçilər, memarlar, çoxminli ziyalılar tərəfindən doğru və düzgün addım olaraq qəbul edilir və dəyərləndirilir. Axı əzəmətli Gəncə xanının 48,36 kvadratmetrlik dəftərxanasının olmasını hansı məntiqlə irəli sürmək olar? Şübhəsiz bu səhv fikri yalnız Gəncə xanlığının dəftərxana sistemini bilməyənlər söyləyə bilər.
Gəncə şəhər qəza rəisi müavininin şəhərin mərkəzi hissəsində deyil, ikinci hissədə darısqal, yoxuş başında təhlükəli vəziyyətdə olan 48,36 kvadratmetrlik tikilidə yaşaması heç inandırıcı görünmür. Bəs, N. Barataşvilinin muzeyi necə meydana çıxmışdır?
Sovet dövründə "qardaşlıq ailəsində" yaşayan respublikaların şəhərləri arasında qardaşlaşma hərəkatına siyasi məqsədlə start verilmişdi. Respublikaların şəhərlərində başqa xalqların nümayəndələrinin yaşadığına aid "faktlar" aşkar edilir və dostluğun tarixini qədimləşdirməyə çalışırdılar. O zaman N. Barataşviliyə ehtiyac da buradan meydana çıxmışdır. Buna görə də tələm-tələsik, tarixi reallığa əhəmiyyət vermədən sözü gedən tikili Gəncə və Rustavi şəhərləri arasında qardaşlaşmanı tarixiləşdirən "abidə" hesab edildi. Bu qardaşlaşmanı təsdiq və təqdim etmək məqsədi ilə sözü gedən tikili Nikolaz Barataşvilinin ev-muzeyi olaraq qeydə alındı. Lakin bu addım tarixi həqiqətə əsaslanmadığı üçün bir müddət sonra unuduldu. Uzun illər yöndəmsiz tikili bağlı qaldı, dövlət müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan Dövlət Aqrar Universiteti dağılmaqda olan tikiliyə sahib çıxdı, təmir etdirdi və gözətçi otağı olaraq son vaxtlara qədər istifadə edildi.
Gəncədə yerləşən və yanlış olaraq Cavad xanın dəftərxanası kimi tanıdılan, ADAU-nun gözətci binasının yerində, milli memarlıq üslubuna, Gəncənin tarixi simasına uyğun və layiq yeni binanın inşa oluması tarixi həqiqətin bərpası kimi qiymətləndirilməlidir.
Həsənbala SADIQOV,
tarix elmləri doktoru,
professor, əməkdar müəllim
Fəxrəddin MƏMMƏDOV,
tarix elmləri doktoru,
professor
Samir PİŞNAMAZZADƏ,
tarix üzrə fəlsəfə
doktoru, dosent
Azərbaycan.- 2012.- 17 aprel.- S. 8.