Sinəsi
dağlı diyarın unudulmaz simaları
Şuşanın işğalından
20 il ötür
Qarabağın Üçmıx zirvəsindən baxanda sal qaya üzərində böyük ustalıqla həkk olunan ilahi bir əsərə - Şuşa möcüzəsinə heyrətlənməmək mümkün deyil. Sanki gözlərinin qarşısında sehirli, qeyri-adi bir mənzərə açılır. Cıdır düzü, Topxana meşəsi, Daşaltı çayı, Xəzinə qayası, bir-birinə söykənən uca dağlar, ətəyində mürgülənən dərələr, yaşıl çəmənlər çox məftunedicidir. Şəhərin sinəsinə döşənən əyri-üyrü küçələr, qala divarları, köhnə və təzə tikilən binalar sanki açıq bir kitaba bənzəyirdi. Oxuyub başa çatdırmaq mümkün deyildi. Təəssüf ki, 20 ildir indi bu qədim və füsunkar yurdumuza həsrət qalmışıq. Ermənilər tərəfindən işğal edildikdən sonra hüsnü qaraldı, mülkləri talan edildi, yandırıldı, şəhərin doğma sakinləri qətlə yetirildi. Bu qırğından canını qurtaranlar isə didərginə, qaçqına çevrildi.
XIX əsrdə Şuşa dünyanın ən dəbdəbəli şəhəri adlandırılırdı. Onu Avropanın məşhur şəhərləri ilə müqayisə edirdilər. Üstünlük yenə də bu türk şəhərinin idi. Sənətkarlar diyarına çevrilən Şuşanın şöhrəti dünyanı dolaşırdı. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, ədəbiyyatının, memarlığının, hərb tarixinin elə bir sahəsi yoxdur ki, şuşalılar orada öz sözlərini deməsinlər. Yaradıcılıqları, elmi kəşfləri, qoçaqlıqları, şücaətləri, təfəkkürləri, ağıl və idrakları ilə seçilən şuşalılar demək olar ki, bir çox sahələrdə ilkinlər sırasında dayanıblar. Bu məşhur simalar kimlər idi? Onların bəziləri haqqında oxuculara qısa məlumat veririk.
Firidun bəy
Köçərli
Şuşanın unudulmaz və böyük oğullarından biri də görkəmli ədəbiyyatçı alim Firidun bəy Köçərlidir. Öz xatirələrində həmişə bu şəhərlə əlaqədar ürək sözlərini qələmə alan Firidun bəy Köçərli 1863-cü ildə dünyaya gəldiyi doğma yurdu haqqında yazırdı: "Şuşa qalası Zaqafqaziyanın gözəl və basəfa şəhərlərindən birisi hesab olunurdu. Və axır vaxtlarda artıq sürət ilə abad olmağa üz qoymuşdu. İçində çox gözəl imarətlər yapılmışdı. Yay fəslində 60-70 minə qədər nüfuz bu şəhərə cəm olurdu, çünki Şuşanın abı havası xeyli saf və salamat olmağa görə yaylaq mənzələsindəndir".
İlk təhsilini doğma şəhərdə alan Firidun bəy Köçərli Mirzə Kərim Münşizadənin məktəbində fars dilini öyrəndikdən sonra Şuşa rus məktəbində oxuyub. 1885-ci ildə isə Qori Müəllimlər Seminariyasını bitirən Firidun bəy Köçərli elə həmin il İrəvandakı gimnaziyada Azərbaycan dili və şəriətdən dərs deyib. O, on ildən sonra isə Qori Müəllimlər Seminariyasında pedaqoji fəaliyyətə başlayıb. Ömrünün 40 ilini elmi yaradıcılığa bağlayan, dəyərli əsərləri ilə görkəmli ədiblərin sırasında özünə fəxri yer tutan Firidun bəy Köçərliyə demək olar ki, o dövr ziyalılarımızın əksəriyyəti borcludurlar. Akademik Teymur Bünyadov yazır: "Alimlərin alimi sayılan Firidun bəy Köçərliyə Şəki, Şirvan, Lənkəran, Muğan, Qarabağ, Naxçıvan, Gəncəbasar, Borçalı çökəyi, cəmi Azərbaycan, bütün türk dünyası borcludur".
Bu sözlərdə böyük həqiqət var. Çünki neçə-neçə institutun görə biləcəyi işi Qori Müəllimlər Seminariyası çox ləyaqətlə yerinə yetirdi. O dövrdə azərbaycanlı gənclərin bu möhtəşəm və məşhur təhsil ocağında oxumasının, maariflənməsinin əsas səbəbkarı məhz Firidun bəy Köçərli idi.
Firidun bəy Köçərli zülmətdə yanan bir işıq idi. Ətrafına özü kimi insanları toplayaraq xalqımızın maariflənməsi yolunda böyük xidmət göstərib. Onun iştirakı ilə seminariyanın Qazaxda fəaliyyətə başlaması bütün soydaşlarımızı sevindirib. Həqiqətən də qazaxlıların taleyinə bir işıq düşüb. Təəssüf ki, bu sevinc uzun sürməyib. Sovet ordusu Azərbaycanı işğal etdikdən sonra ilk qətl fərmanları ziyalılar haqqında imzalanıb. Firidun bəy həbs edilib. Onun tutulması xəbəri o zaman Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova çatdırılıb. O, dərhal Firidun bəyin azad edilməsi barədə Gəncəyə teleqram göndərib. Təəssüf ki, bu xəbər ünvanına gecikib. Canilərin göstərişi ilə arxadan atılan güllə Firidun bəyin həyatına son qoyub. 1920-ci ildə 57 yaşında dünyasını dəyişən Firidun bəy Köçərlinin ömür çırağını söndürsələr də, onun arzularının işığı daim alovlandı, nur saçdı.
Əbdürrəhim bəy Haqverdiyev
Azərbaycan realist nəsrinin görkəmli nümayəndəsi sayılan Əbdürrəhim bəy Haqverdiyevin əsərləri Azərbaycan ədəbiyyatına yeni nəfəs və şöhrət gətirdi. Orta məktəbdən üzübəri bu unudulmaz yazıçı və dramaturqun adı çəkiləndə öyrəndiklərimiz, oxuduqlarımız yada düşür. "Bəxtsiz cavan", "Dağılan tifaq", "Pəri cadu", "Ağa Məhəmməd şah Qacar" pyesləri, "Bomba", "Mirzə Səfər", "Şeyx Sənan" kimi hekayələri, "Xortdanın cəhənnəm məktubları" adlı povesti müəllifin işıqlı obrazını gözlərimiz qarşısında canlandırır. "Marallarım" isə neçə-neçə tipləri yada salır.
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci ilin may ayında Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan olub. İlk təhsilini Şuşa və Tiflisin realnı məktəblərində alan Əbdürrəhim bəy Haqverdiyev sonralar Rusiyaya gedərək Yol Mühəndisliyi İnstitutunda, eyni zamanda Peterburq Universitetinin Şərq fakültəsində oxumuşdur. Hələ tələbəlik illərində bir sıra pyeslər yazan Əbdürrəhim bəy Haqverdiyev Şuşaya qayıdan kimi müxtəlif tamaşalar təşkil edərək öz vətənində teatrın təşkilinə və inkişafına çalışmışdır. Məhz onun rəhbərliyi ilə Şuşada "Məcnun Leylinin qəbri üstündə" musiqili səhnəcik hazırlanmışdır. Bu səhnəciyin xorunda yeniyetmə Üzeyir bəy iştirak etmişdi. Tədqiqatçılar çox haqlı olaraq əsaslandırırlar ki, məhz bu musiqili səhnəcik Üzeyir Hacıbəylinin gələcəkdə "Leyli və Məcnun" operasını yazmasına təkan vermişdi. Ötən əsrin əvvəllərində Şuşada tez-tez "Şərq konsertlərində" təşkil olunardı. Bu mərasimləri də hazırlayan, xanəndə və musiqiçiləri axtarıb tapan məhz Əbdürrəhim bəy Haqverdiyev olardı. Gənclik illərində bir neçə musiqi alətində - klarnetdə, sonralar fleytada çalmağı öyrənmişdi. O, Şuşada klarnetdə xalq mahnılarını, Peterburqda fleytada isə klassik musiqilər çalardı. Tələbəlik illərində Peterburqdakı məşhur Aleksandrinski Teatrına tez-tez getməsi, onun musiqi ilə bağlı dünyagörüşünün genişlənməsinə, formalaşmasına böyük təsir göstərib. Vaxtilə "Toska" və "Romeo və Cülyetta" operalarının librettosunu ana dilimizə çevirən də Əbdürrəhim bəy Haqverdiyev olub. Bu səbəbdən də onun "Leyli və Məcnun" operasının tamaşasında (1908-ci il) dirijorluq etməsi təbii idi. O, teatr aləminə, musiqiyə çox bağlı olmaqla bərabər, bu sahələri dərindən bilirdi. Avropa musiqisinə, not sisteminə bələdliyi imkan verirdi ki, Əbdürrəhim bəy Haqverdiyev teatr pərəstişkarlarını teatr yaradıcılarına çevirə bilsin. Bakıda yaşadığı illərdə o, təkcə bədii yaradıcılıqla məşğul olmurdu. Uzun müddət Maarif Komissarlığında çalışmış, dövlət teatrlarında müfəttişlik etmiş, eyni zamanda İncəsənət şöbəsinin müdiri olmuşdur. On ilə yaxın müddət ərzində də Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ədəbiyyatdan dərs deyib.
Akademik Bəkir Nəbiyevə məxsus fikirdir ki, Azərbaycan dramaturgiyası və teatrı özünün XIX əsrin sonlarında və XX əsrin əvvəllərində əldə etdiyi bir sıra nailiyyətlər üçün Şuşadan pərvazlanmış Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov və Üzeyir Hacıbəyliyə borcludur. Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə ənənələrinin davamçısı sayılan Əbdürrəhim bəy Haqverdiyev məsləkdaşı Mirzə Cəlil kimi hekayə janrına çox əhəmiyyət verərək bu ədəbi formanın bənzərsiz nümunələrini yaratmışdır. Rus ədəbiyyatında A.P.Çexov kimdirsə, Azərbaycan nəsrində də Əbdürrəhim Haqverdiyev o zirvədə dayanıb. Adi hadisələri bədii təfəkkürdən keçirərək mənalandıran, şirin bir üslubda, təsirli formada oxucuya çatdıran müəllifin "Mirzə Səfər" hekayəsində qələmə aldığı məşhur mükalimə bu gün də dillər əzbəridir. Bir növ lətifəyə, müdrik kəlama çevrilib.
Əbdürrəhim bəy Haqverdiyev həm də dövrünün böyük jurnalisti idi. O, "Həyat" qəzetində və "Molla Nəsrəddin" dərgisində çeşidli janrlarla çıxış edirdi. O, bu jurnalın fədakar əməkdaşlarından biri idi.
Cəmi 63 il yaşamış Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə vəfat edib, qəbri Fəxri xiyabandadır.
Süleyman Sani Axundov
Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə ilə başlanan realist dram xəttini daha da inkişaf etdirmək üçün Süleyman Sani Axundov bir-birindən məzmunlu dram əsərləri yaradıb. "Tamahkar", "Dibdad bəy", "Türk birliyi" və s. Nəsr sahəsində də yaratdığı nümunələr ədəbiyyatımızın zənginləşməsinə kömək edib. Süleyman Sani Axundov oxucuların yaddaşında ən çox qorxulu nağılların müəllifi kimi qalmaqdadır. Onun məşhur "Qaraca qız" əsəri əsasında teatr tamaşaları hazırlanıb, film çəkilib, hətta uşaqlar üçün balet də bəstələnib.
Süleyman Sani Axundov 1875-ci ildə Şuşada bəy ailəsində anadan olub. İlk təhsilini doğma şəhərdə aldıqdan sonra Qori Müəllimlər Seminariyasını bitirən Süleyman Sani Axundov uzun müddət Bakıda pedaqoji fəaliyyətlə məşğul olub. O, yaradıcı şəxsiyyət olduğundan dərs kitablarının tərtibində də iştirak edirdi. Onun qələmə aldığı "Laçın yuvası" pyesi uzun müddət teatrların repertuarından düşməyib.
Süleyman Sani Axundovun bədii yaradıcılığında ən çox önəm verdiyi janrlardan biri də hekayə olub. "Yuxu", "Qatil cocuq", "Cəhalət qurbanı", "Qan bulağı", "Ümid ağacı", "Mister Qreyin köpəyi" yazıçıya böyük şöhrət gətirmişdi. O, əsərlərində köhnə həyatın mənfi xüsusiyyətlərini, xüsusilə də cəhaləti, avamlığı tənqid edərək insanları maarifə, azad fikrə çağırırdı.
Yusif Vəzir
Çəmənzəminli
Ədəbiyyat tariximizdə özünə şərəfli yer tutan görkəmli yazıçılarımızdan biri Yusif Vəzir Çəmənzəminlinin bəlalara tuş gəlmiş ömrü yad şəhərlərdə, ölkələrdə keçsə də, könlü əbədi olaraq vətənlə çırpınmış, əsərlərində ana dilinin sehrini, gözəlliyini qorumağa çalışmış, bütün yaradıcılığı ilə ədəbi prosesin inkişafına kömək etmişdir.
Yusif Vəzir Çəmənzəminli 1887-ci ilin payızında gözəl Şuşada yaşayan nüsxəbənd ailəsində anadan olmuşdur. Atası Mirbaba Mirabdullaoğlu Şuşanın tanınmış bəylərindən olub. Bu ailənin daşıdığı Vəzirov familiyası XVIII əsrdə Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsi ilə bağlıdır. Mirzə Əliməmmədağa Yusif Vəzirin ulu babasıdır.
Uşaqlığı Şuşa şəhərində keçən Yusif Vəzir ilk təhsilini molla məktəbində alıb. Sonra Ağdamda oxuyub. Yusifin formalaşmasında atası Mirbaba Vəzirovun böyük əməyi var idi. Türk və fars dillərini çox mükəmməl bilən Mirbaba oğlu Yusif üçün bu dillərə aid bir lüğət yazmışdı. Bu lüğətin əsasında da oğluna dərs keçərdi. Mirbaba dövrünün çox geniş dünyagörüşlü ziyalılarından olub. O, sonra Yusifi Muradbəyli kəndindəki seminariyada oxudub. Məqsədi bu olub ki, Yusif rus dilində öyrənsin. Sonra Şuşada maarifçi Haşım bəy Vəzirovun məktəbində dərs alan Yusif Şuşa Realnı Məktəbinə da daxil olub. Bu illərdə müxtəlif mətbuat orqanları ilə əlaqə saxlayan Yusif Vəzir Şuşada ən çox oxunan "Şərqi-rus" və "Kaspi" qəzetlərini daha çox sevərdi. 1905-ci ildə ermənilərin törətdiyi iğtişaşlarla əlaqədar onu Aşqabadda yaşayan xalasıgilə göndəriblər. Lakin Şuşasız darıxan Yusif iki aydan sonra doğma şəhərə qayıdıb. Gördüyü mənzərədən sarsılıb. Ermənilər şəhərdəki evləri yandıraraq xaraba qoyublar. Bu çarpışmada atası da həlak olub. O ağır günlərdə böyük bir ailə, nəsil 19 yaşlı Yusifin himayəsində qalıb.
Yusif Vəzirin yazmaqla bərabər rəssamlıq qabiliyyəti də olub. Onun 1906-cı ildə "Molla Nəsrəddin" jurnalında ilk karikaturası çap edilib. Sonralar Peterburqda ali təhsil alan Yusif Vəzirin həyatı daim səfər üstündə keçib. Gah Aşqabad, gah Daşkənd, gah da Kiyev şəhərlərindən sorağı gəlib. Sonuncu şəhərdə müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin tarix fakültəsinə daxil olub. Təhsil almaqla bərabər, yaradıcılıqla da müntəzəm məşğul olan Yusif Vəzir bir sıra hekayələr yazaraq Kiyevdə kitab çap etdirib. Sonralar Kiyev Universiteti Saratova köçürüldüyündən o, bu şəhərdə yaşamağa məcbur olub. Məşhur "Studentlər" romanının ilk variantını Saratovda tamamlayan Yusif Vəzir Çəmənzəminli bir il bu şəhərin məhkəmə palatasında çalışıb. Vətəndən uzaqda yaşasa da, "Açıq söz" qəzetində məqalələri çap edilib. Sonralar Rusiyanın müxtəlif şəhərlərində mülki işlərə baxan idarələrdə, hüquq direktorantlarında vəkil kimi çalışıb. Simferepolda, Odessada, İstanbulda, Bakıda, Batumda çalışdığı illərdə böyük bir tədqiqat əsərini - "Litva tatarlarının tarixi" kitabını yazaraq çap etdirib. "Azərbaycan ədəbiyyatına bir nəzər" kitabı isə 1920-ci ildə İstanbulda çap edilmişdi. Yusif Vəzirin sonrakı səfəri Fransaya olmuşdu. O, bir müddət də Parisdə yaşamışdı.
1926-cı ildə Bakıya qayıdan Yusif Vəzir Azərbaycan Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsinin əməkdaşı kimi fəaliyyət göstərmişdi. İşləməklə bərabər, Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alan Yusif Vəzir folklorla bağlı bir sıra gərəkli tədqiqatların müəllifidir.
Ədəbi mühitin və ictimaiyyətin diqqətində olan Yusif Vəzir yaradıcılıqla bərabər pedaqoji fəaliyyətlə də məşğul olurdu. O, beş il Azərbaycan Dövlət Sənaye İnstitutunda müəllim işləmişdi. 1934-cü ildə çapdan çıxan "Qızlar bulağı" romanı ədəbi aləmdə əsl hadisə oldu. Əlbəttə, Yusif Vəzirin qələmindən çıxan bütün əsərlər dəyərlidir. Amma onun yaradıcılığında "Qan içində" (1936) romanının xüsusi yeri var. Bu əsər Azərbaycan nəsrində tarixi roman janrının klassik nümunəsidir.
1937-ci ildə başlanan ağır repressiyalar zamanı qara qüvvələrin caynağına keçməmək üçün Yusif Vəzir uzun müddət Bakıda olmayıb. Qohum və dostlarının məsləhəti ilə o, ucqar kəndlərdə, yada düşməyən şəhərlərdə yaşamaq məcburiyyətində qalıb.
1939-cu ildə Yusif Vəzir Bakıya qayıdıb. Ona elə gəlib ki, artıq 37-ci il arxada qalıb. Təəssüf ki, Dövlət Təhlükəsizlik İdarəsinin rəisi, kapitan Oriqoryanın qərarı ilə Yusif Vəzir həbs edilib. Bu sanksiyanın həyata keçirilməsində daxili işlər komissarının müavini Markaryan xüsusi fəaliyyət göstərib. Üzləşdiyi haqsızlıqlara tab gətirə bilməyən Yusif Vəzir Çəmənzəminli 1943-cü ildə ağır xəstəlik keçirərək elə sürgündə də vəfat etmişdi.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 17 aprel.- S. 9.