Şərəfli
ömür yolu
Müasir
dövrün tələblərinə cavab verən yüksək
ixtisaslı mütəxəssislərin hazırlanması ilə
yanaşı, Azərbaycan təhsilinin başlıca məqsədi
öz soykökünə, milli ənənələrinə
bağlı, ümumbəşəri dəyərlərə
hörmətlə yanaşan, vətənini, dövlətini,
millətini ürəkdən sevən və onları göz bəbəyi
kimi qorumağa hazır olan vətənpərvər, hərtərəfli
inkişaf etmiş, intellektual, fiziki cəhətdən kamil
şəxsiyyət yetişdirməkdən ibarətdir. Milli-mənəvi
dəyərlərimizə, tarixi ənənələrimizə
sədaqət ruhunda tərbiyə olunmuş yeni nəslin
formalaşması ilk növbədə xalqımızın
ümummilli mənafelərinin tələb etdiyi zərurətdir.
Bu şərəfli missiyanı yerinə yetirən ali məktəb
rəhbərləri arasında görkəmli tədqiqatçı
alim, bacarıqlı təhsil təşkilatçısı,
səmimi, qayğıkeş insan, prinsipial, möhkəm əqidəli
vətəndaş, Azərbaycan Dövlət Neft
Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, əməkdar elm
xadimi, kimya elmləri doktoru, professor Siyavuş Fərhad
oğlu Qarayevin özünəməxsus yeri var. 70 illik yubileyi
ərəfəsində alimin həyat salnaməsini, elmi
yaradıcılığını, pedaqoji və ictimai fəaliyyətini
vərəqlədikcə bu insanın xalqımıza daim
hörmət qazandıran, şərəfini yüksəklərə
ucaldan ziyalı olduğunu görürük.
Siyavuş Qarayev 1942-ci il aprelin 30-da Azərbaycanın Samux rayonunda anadan olmuşdur. 1964-cü ildə
Azərbaycan Dövlət
Universitetinin (indiki
BDU) kimya fakültəsini
bitirdikdən sonra o, Ümumittifaq Elmi-Tədqiqat
Olefinlər İnstitutunda
mühəndis, sonra isə Azərbaycan Elmlər Akademiyasının
Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi işləmişdir. 1967-ci ildə Azərbaycan Neft və Kimya
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) əyani aspiranturasına daxil olan S.Qarayev
1970-ci ildə namizədlik
dissertasiyası müdafiə
etmiş və taleyini ömürlük bu təhsil ocağı ilə bağlamışdır. Qısa müddət
ərzində kiçik
elmi işçidən
elmi işlər üzrə prorektorun müavininə qədər
yüksəlmişdir. 1981-ci ildə M.V.Lomonosov adına Moskva
Zərif Kimya Texnologiyası İnstitutunda
doktorluq dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edən S.F.Qarayev 1982-ci ildən bu günə kimi "Üzvi kimya" kafedrasının
müdiri və bu kafedranın nəzdində fəaliyyət
göstərən elmi-tədqiqat
laboratoriyasının rəhbəridir.
Professor Siyavuş Qarayev pedaqoji və elmi fəaliyyətini təşkilati işlərlə
uğurla uyğunlaşdıraraq,
1988-1997-ci illərdə kimya-texnologiya
fakültəsinin dekanı
olmuş, 1997-ci ilin iyun ayından isə ölkə Prezidentinin sərəncamı
ilə Azərbaycan Dövlət Neft Akademiyasına rektor təyin olunmuşdur. Onun rəhbərliyi ilə qısa müddət ərzində
akademiyanın tədris
prosesinin səviyyəsi
yüksəldilmiş, maddi-texniki
bazası təkmilləşdirilmiş
və kadr tərkibi möhkəmləndirilmişdir.
Akademik Siyavuş Qarayev hesab edir ki,
tədrisin müasir tələblər səviyyəsində
qurulması ən əvvəl tələbkarlığın
artırılmasından, daxili
intizam qaydalarının
və tapşırılan
iş üçün
məsuliyyət hissinin
möhkəmləndirilməsindən asılıdır. Görkəmli
alimin qətiyyətli
mövqeyi sayəsində
Azərbaycan Dövlət
Neft Akademiyasında möhkəm nizam-intizam yaradılmış, tədrisin
təşkilinə tələbkarlıq
son dərəcə artırılmışdır.
Rektor xarici ölkələrin tədris
müəssisələri ilə
birgə layihələrin
həyata keçirilməsinə,
onlarla əməkdaşlığın
genişləndirilməsinə xüsusi önəm verir. Bütün bunlar ADNA-da təhsilin Avropa standartları üzrə modernləşdirilməsi istiqamətində
təcrübəmizi daha
da zənginləşdirir,
tələbələrin bilik
səviyyəsini ikiqat
artırır, Bolonya sisteminə qoşulma prosesini gücləndirir. Təhsil ocağında Avropa standartları səviyyəsində
tədrisin təşkili
sahəsində qazanılan
böyük uğurlar
TEMPUS proqramı çərçivəsində
Avropa İttifaqının
ali məktəbləri
ilə qarşılıqlı
əməkdaşlığa geniş zəmin yaradır. Məhz bu əməkdaşlığın
və rektorun ciddi səyləri sayəsində Azərbaycan
Dövlət Neft Akademiyasında ətraf mühit və neft sənayesi ixtisası üzrə Avropa İttifaqı standartları səviyyəsində
magistr hazırlığı
mümkün olmuşdur.
Ölkə Prezidentinin 1998-ci ildə
Azərbaycan Respublikasının
təhsil sistemində
islahatlar keçirilməsi
ilə bağlı imzaladığı sərəncam
və İslahatlar Proqramına uyğun olaraq ADNA-da, xarici tərəfdaşlarımızın
köməyi ilə beynəlxalq əlaqələr
ofisi, həmçinin
sənaye müəssisələri
ilə əlaqələri
genişləndirmək üçün
universitetlərarası innovasiya
şəbəkəsi yaradılmış,
Bolonya prosesi çərçivəsində, Avropa İttifaqının
dəstəyi ilə Qərb standartlarına yaxınlaşma məqsədilə
tədris planları yenidən işlənmişdir.
Neft Akademiyasinın 80 illik yubileyində iştirak edən ümummilli lider Heydər Əliyev qazanılan uğurları
yüksək qiymətləndirməklə
yanaşı, bu uğurlarda böyük əməyi olan professor S.Qarayevin adını da xüsusi vurğulamışdı. Ulu
öndər akademiyanın
ənənələrindən, onun nailiyyətlərindən
danışmışdır. Qazanılan uğurlar göz qabağında idi. Bu uğurun dövlət başçısı
tərəfindən yüksək
qiymətləndirilməsi hər
birimizi yeni-yeni nailiyyətlərə sövq
edirdi. Heydər Əliyevin verdiyi məsləhətlər, tövsiyələr
professor S.Qarayevin gələcək
fəaliyyətinin proqramına
çevrilmişdi.
"2009-2013-cü
illərdə Azərbaycan
Respublikasının ali
təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"na
müvafiq olaraq ADNA-da "Virtual Universitet",
kredit sistemi əsasında tədris prosesini idarə etmək üçün isə - "Elektron Tədris Mərkəzi",
tələbələr tərəfindən
geniş istifadə edilən "Elektron Kitabxana" yaradılmışdır.
Təhsil
ocağının 90 illik
yubileyinə həsr olunmuş təntənəli
iclasda Prezident İlham Əliyevin Neft Akademiyasının ölkəmizin həyatında
böyük rol oynadığını xüsusi
qeyd etməsi kollektivimizin düzgün yolda olduğunu göstərmiş və vətənimizin tərəqqisi
naminə daha böyük səylə işləməyi öhdəmizə
qoymuşdur. Bu isə
bizə ilham vermişdir.
Akademik Siyavuş Qarayev Neft Akademiyasında yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsini
dövrün əsas vəzifəsi hesab edərək, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına,
müasir təfəkkürlü
yeni insan kapitalının yetişdirilməsinə
xüsusi fikir verir. Tələbələrin
elmi yaradıcılığa
marağını artırmaq
və onların elmi-tədqiqat işlərində
iştirakını təmin
etmək üçün
onun təşəbbüsü
ilə hər il Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin elmi-texniki
konfranslarının keçirilməsi
ənənəyə çevrilmişdir.
Yaradılmış şəraitdən
istifadə edən gənclər müasir biliklərə, informasiya texnologiyalarına yiyələnir,
xarici dilləri mükəmməl öyrənir,
nüfuzlu neft şirkətlərində işlə
təmin edilir və ali məktəbdə
aldıqları biliyin
dəyərini yüksək
qiymətləndirirlər.
Neft Akademiyasının qarşısında
duran ən mühüm məsələlərdən
birinin də - elmi-tədqiqat işlərinin
tətbiqi istiqamətinin
gücləndirilməsi və
istedadlı tədqiqatçıların
hazırlanması olduğunu
nəzərə alan akademikin həyata keçirdiyi ciddi tədbirlər öz bəhrəsini verməkdədir.
Akademik Siyavuş Qarayev yüksək insani keyfiyyətləri, mədəni
və elmi səviyyəsi ilə daim fərqlənir, əməkdaşlarla münasibətdə
etik normaları gözləyir, azərbaycançılıq
ideologiyasına sədaqət
mövqeyində dayanır.
O, bütün şüurlu
həyatının mənasını
ulu öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın
möhkəmləndirilməsinə, onun layiqli davamçısı
Prezident İlham Əliyevin sivil dövlətçilik siyasətinə
sədaqətlə xidmət
etməkdə görür.
Çoxsaylı professsor-müəllim, tədris-köməkçi heyəti
və tələbə
kontingenti ADNA rektoru Siyavuş Qarayevin yetkin şəxsiyyətinə,
yüksək insani keyfiyyətlərinə, zəngin
dünyagörüşünə, prinsipial mövqeyinə və ədalətli tələbkarlığına böyük
hörmətlə yanaşır.
Onunla bir yerdə işləmək,
təmasda olmaq hər kəs üçün böyük
həyat məktəbidir.
S.F.Qarayev
570-ə yaxın elmi əsərin müəllifidir,
70-dən çox beynəlxalq
və regional elmi konfrans və simpoziumlarda məruzə ilə çıxış
etmişdir. Onun elmi rəhbərliyi ilə Azərbaycan, Rusiya, Asiya, Afrika və Latın Amerikası ölkələri üçün
23 elmlər namizədi
və bir elmlər doktoru hazırlanmışdır.
Siyavuş Qarayev, Bakıda
keçirilən, işində
respublikanın və bir çox xarici ölkələrin aparıcı alimlərinin
iştirak etdiyi "Zərif üzvi sintez və kataliz" üzrə Beynəlxalq elmi konfransların təşkilat
komitəsinin daimi sədridir. O, "Azərbaycan
ali texniki məktəblərinin xəbərləri"
jurnalının baş
redaktoru, bir neçə elmi, ictimai-siyasi jurnal və qəzetlərin redaksiya heyətlərinin üzvüdür.
Görkəmli alim AMEA-nın həqiqi üzvü olmaqla yanaşı, Rusiya Təbii Elmlər Akademiyasının,
Beynəlxalq Elmlər
Akademiyasının və
Beynəlxalq Ekoenergetika
Akademiyasının, Nyu-York
Elmlər Akademiyasının,
Beynəlxalq Mühəndislik
Akademiyasının və
Azərbaycan
Mühəndislik Akademiyasının
həqiqi üzvü,
Çin Neft Universitetinin fəxri professorudur.
Akademik
S.F.Qarayev bir sıra fəxri adlara layiq
görülmüşdür. Beynəlxalq Mühəndislik Akademiyası
ona "XX əsrin görkəmli mühəndisi"
adını vermiş, Beynəlxalq Ekoenergetika Akademiyası
alimi qızıl medalla, Azərbaycan "Bilik" Cəmiyyəti
isə Y.Məmmədəliyev adına medalla təltif
etmişlər. Regional akademik əməkdaşlıqda
görkəmli nailiyyətlərinə görə Qara Dəniz
Universitetləri Assosiasiyası akademik S.F.Qarayevi xatirə
nişanı ilə təltif etmişdir. O, "Vektor" Beynəlxalq
Elm Mərkəzi tərəfindən həyata keçirilən
"Azərbaycanın 100 görkəmli alimi" layihəsinin
qalibi olaraq, Azərbaycan elminin inkişafındakı xidmətlərinə
görə beynəlxalq diplomla təltif olunmuşdur. Avropa
biznes-assambleyası və Avropa rektorlar klubu tərəfindən
aparılan "XXI əsrin Lideri" beynəlxalq proqramı
çərçivəsində S.F.Qarayev müasir cəmiyyətin
intellektual inkişafındakı şəxsi nailiyyətlərinə
görə Sokrat adına beynəlxalq mükafata layiq
görülmüşdür.
Fəaliyyətinin
bütün sahələrində - istər alim, istər
pedaqoq, istərsə də təşkilatçı kimi
seçilməsinə baxmayaraq, Siyavuş Qarayev həmişə
sadə və təvazökardır, rəhbərlik etdiyi 15
ildə özünün, ADNA-nın şərəfini və ədalət
hissini qoruya bilmişdir.
Akademik
S.F.Qarayevə möhkəm cansağlığı, xoşbəxtlik,
elmi, pedaqoji və təşkilati işlərində
uğurlar arzulayırıq.
Qasım MƏMMƏDOV,
ADNA-nın tərbiyə işləri
üzrə
prorektoru, dosent
Azərbaycan.- 2012.- 17 aprel.- S. 9.