Azərbaycanın cənub bölgəsinin arxeoloji turizm potensialı böyükdür

 

 Azərbaycan zəngin maddi mədəniyyətə malik diyardır. Əsrlərdən bizə miras qalmış tarixi irsimiz, uzaq keçmişimiz iqtisadi potensialı gündən-günə artan ölkəmizdə turizmin inkişafı üçün alternativ mənbə rolunu oynamalıdır. Turizm marşrutlarından biri olan "Cənub bölgəsi" bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Talış dağlarındakı arxeoloji abidələr, Lerikdəki BuzeyirZuvandçay paleolit dövrü mağara-düşərgələri Azərbaycanın potensial turizm obyektlərindən biri kimi dəyərləndirilməlidir. Bu ərazilərdəki orta əsr əzəmətli abidələri, qəbiristanlıqlardakı qoç heykəlli məzar daşları, türbələr və sənduqələr bölgənin zəngin tarixi icmalını asanlıqla izləməyə imkan verir. Orta əsr məscidlər və hamamlarının, ovdanların buraya gələn turistlərdə geniş maraq doğurması istisna deyildir. Cənub bölgəsinin qədim tarixinin zənginliyini özündə cəmləşdirən bölgələrdən biriLerik və Yardımlı rayonlarıdır.  

Lerik Talış dağlarının zirvəsində Azərbaycanın ən səfalı guşələrindən biridir. Təbiət bu yerlərdən özünün heç bir nemətini əsirgəməmişdir: əzəmətli dağlar, meşələr, büllur kimi saf sulu bulaqlar, çaylar və şəlalər, təmiz hava və bərəkətli torpaq. Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (1492 m) və Qızyurdu (2433 m) dağlarıdır. Lerik Lənkəran iqtisadi rayonunun dağlıq hissəsində yerləşir. Rayon turizm potensialı baxımından zəngindir.

Bu regionun bənzərsiz təbiəti ilə yanaşı, özünəməxsus mədəniyyəti və qədim tarixionu məşhurlaşdırır. Burada tapılmış mağaralarda daş dövrü insanların yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII - XIV əsrlər) və s. abidələr bu sıradandır.  Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi vardır. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən bu kənddə olmuş, ordakı qədim abidələrə baxmış, kənd sakinləri ilə söhbət etmişdir. Rayonun inzibati mərkəzi - Lerik şəhəri uca dağlarmünbit düzənlik ərazi arasında yerləşir.

Azərbaycanın cənubunda, Talış dağları arasında çay vadisi boyunca yerləşən Yardımlı rayonu da əsrarəngiz relyefə malikdir. Bu yerlərin gözəl təbiəti, çayları, bulaqları və çoxsaylı tarixi abidələri Yardımlıya xüsusi bir gözəllik bəxş edir. Qışda burada torpaq başdan-başa qar ötrüyü altında olur. Dağların ətəyində yerləşən, hər tərəfdən meşələrlə, çoxsaylı çeşmələrlə əhatə olunmuş Perimbel kəndi də çox gözəldir. Burada "Göz narı" adlanan çeşmə tarixi abidə hesab edilir.

Yardımlı Lənkəran iqtisadi rayonunun öz təbii resurslarının rəngarəngliliyi ilə seçilən bölgələrindəndir. Mədəni turizmdə səyahətin əsas komponenti tarixi-mədəni irsin təqdimatıdır. Turistlərin əksəriyyəti mədəni landşaftı və böyük abidələri görmək üçün səyahət edirlər. Mədəni turizm sayəsində turistlərlə yerli əhali arasında güclü əlaqə yaranır. Turistlər yerli insanların adət-ənənələrinin qiymətləndirilməsi, onların milli mətbəxləri, musiqiləri barədə məlumata sahib olurlar.

Azərbaycanın cənub ərazisi arxeoloji baxımdan böyük maraq doğuran mühüm tarixi ərazilərdən biridir. Bu rayonların tarixi ilə bağlı yazılı mənbələrdə məlumatlar olduqca azlıq təşkil etdiyi üçün bölgənin arxeoloji abidələrinin öyrənilməsi xüsusilə vacib rol oynayır. Burada mövcud olan arxeoloji abidələr bölgədə cərəyan etmiş sosial-iqtisadi prosesləri, demoqrafik vəziyyəti, təsərrüfat həyatını, mədəni inkişafı izləməyə imkan verir.

Lerik və Yardımlı rayonlarının arxeoloji abidələrinin öyrənilməsinə hələ XIX əsrin 90-cı illərindən başlanılmışdır. Məhz bu tədqiqatlar Fransanın Sen-Jermen muzeyinin əməkdaşı Jak de Morqanın adı ilə bağlıdır. 1890-cı ildə J.Morqan Lerik rayonu ərazisində ilk arxeoloji tədqiqat işləri aparmışdır. O, Lerik rayonu ərazisində bir çox abidələri tədqiq etmiş və əldə etdiyi maddi mədəniyyət qalıqlarının ən nəfis nümunələrini Parisin Sen Jermen muzeyinə göndərmişdir. O, rayonun dağlıq ərazilərində 200-dən çox müxtəlif qəbir abidələri qazaraq son tunc-ilk dəmir dövrünə aid zəngin maddi mədəniyyət qalıqları əldə etmişdir. J.Morqanın qazıntılarından sonra bu ərazidə uzun müddət heç bir genişmiqyaslı arxeoloji tədqiqat işi aparılmamışdır. Bölgənin arxeoloji irsi paleolit, son tunc-erkən dəmir, antikorta əsrlər dövrünə aiddir. Lakin bunların içərisində ən zəngini son tunc-erkən dəmir dövrü Talış-Muğan arxeoloji mədəniyyətinə məxsus abidələrdir. Əsasən qəbir abidələri ilə xarakterizə olunan bölgədə daş qutu qəbiristanlıqları, kurqanlar və dolmenlər üstünlük təşkil edir. Bu tiplərə məxsus qəbir abidələri Talış-Muğan arxeoloji mədəniyyətinin qədim sakinlərinə mənsubdur. Mədəniyyətin daşıyıcıları olan tayfaların sosial-iqtisadi, mədəni və mənəvi inkişaf tarixinin öyrənilməsi baxımından abidələrin tədqiqi xüsusi elmi əhəmiyyətə malikdir.  

Tarixi və mədəni abidələr ilə zəngin olan Lənkəran iqtisadi rayonu beynəlxalq bazara çıxış üçün mühüm turistik keyfiyyətə malikdir. Qədim şəhərlər, saraylar, qalalar, məscidlər, pirlər, karvansaralar regionun turistik çeşidləri hesab oluna bilər. Belə zəngin mənbələrə malik regionun mədəni turizmini inkişaf etdirmək üçün bu sahədə maarifləndirmə işinikadr yetişdirilməsini sürətləndirərək dünya turizm bazarına çıxmaq mümkündür.  Bölgənin mədəni mühiti, adət-ənənələri bu iqtisadi rayonda mədəni turizmin inkişaf etməsini şərtləndirir.

Azərbaycanın cənub-şərq bölgəsinin zəngin flora və faunası ilə yanaşı, arxeoloji abidələrlə geniş təmsil olunması bu ərazilərdə aparılacaq daha geniş arxeoloji tədqiqat işlərinə təkan verəcəkdir.

 

 

 Anar AĞALARZADƏ,

tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 10.