Təbii fəlakətlərin qarşısını yalnız təbii yolla almaq mümkündür

 

 Son illər təbii fəlakətlərin artım tendensiyası, minlərlə insanın ölümünə səbəb olan zəlzələlər, sunamilər, daşqınlar, torpaq sürüşmələri, qış aylarının həddən artıq soyuq keçməsi və yayda istilik dərəcəsinin yüksək olması dünyada, eləcə də ölkəmizdə insanları bu suallar ətrafında düşünməyə vadar edir. Son illər sel daşqınları, torpaq sürüşmələri Azərbaycanda da adi hala çevrilib. Təbii sürüşmələr və uçqunlar nəticəsində insanlar həlak olur, evlər dağılır, dövlətə külli miqdarda ziyan dəyir. Bir müddət öncə Şəhidlər xiyabanı yaxınlığında baş verən sürüşməni mütəxəssislər ağacların mütəmadi suvarılması ilə əlaqələndirdilər. Onların fikrincə torpağa hopan su aşağı qatda gil layına keçə bilmir, gil və qumlu-çınqıllı qatlar arasında toplanan su üst təbəqənin boşalmasına və tədricən axmasına səbəb olur. Tovuzda bir ailənin faciəsi ilə bitən olay və ötən həftə Neftçalada üçotaqlı mənzilin qəflətən uçub yerlə yeksan olması cəmiyyəti, xüsusən də, dövlət qurumlarını və elm adamlarını yaranan problem ətrafında bir daha düşünüb çıxış yolu axtarmağa vadar etdi.

Xatırladaq ki, torpaq sürüşmələri dağ süxurlarının, torpaq kütləsinin öz ağırlığının təsiri altında yamac boyu öz yerini dəyişməsidir. Yəni, sürüşmə tarazlığın pozulmasından yaranır. Dünyada baş verən torpaq uçqunlarının tarixini vərəqlədikcə heyrətlənməmək mümkün deyil. 1654-cü ildə Çində baş verən torpaq sürüşməsi zamanı 12 000 min insan həlak olub. 1966-cı ildə İtaliyada baş verən fəlakət zamanı çoxmərtəbəli binalardan ibarət Anrisento şəhəri bütövlükdə dənizə sürüşüb. 1979-cu ildə Peruda baş verən sürüşmədə isə 70 000 insan torpağa gömülüb. Siyahını artırmaq da olar. Problemin səbəblərini və onun həlli yollarını aramaq üçün alim və mütəxəssislərlə görüşməyə qərar veririk.

Son bir neçə ayın içərisində Talış dağlarının yamaclarında, Lənkəran, Astara, Lerik, Göyçay rayonlarında, Bakı-Yevlax-Şamaxı avtomagistralında, Muğanlı-İsmayıllı-Qəbələ yolunda, eləcə də paytaxtın bəzi ərazilərində davamlı olaraq torpaq sürüşmələri baş verir. Milli Elmlər Akademiyası Geologiya İnstitutunun hidrogeologiya və mühəndis geologiyası şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Yusif İsrafilov bildirir ki, Azərbaycan ərazisindəki sürüşmə zonaları hələ keçmiş Sovet İttifaqının zamanında öyrənilib: "Qaldı insan fəaliyyəti nəticəsində yaranın amillər, yəni, antropogen təsirlər, onlar da vaxtında öyrənilib və xəritəyə köçürülüb. Elə götürək Bakını, bu şəhərdə kifayət qədər sürüşmə ocaqları olduğu barədə dəfələrlə xəbərdarlıq edilib. Məsələn, Nəriman Nərimanovun abidəsinin ətrafında tikiləcək binanın özülü qazılarkən torpaq sürüşməsi faktı baş vermişdi. Potensial sürüşmə zonaları respublikamızın ərazisinin 70 faizini əhatə edir".     

Geoloq alim sürüşmə zonalarının son zamanlar bu qədər aktivləşməsini izah edərkən bildirib ki, bunlar uzun müddət davam edən ekzogen proseslərin nəticəsidir. Yağış, Günəş enerjisi, külək, gündüz və gecə temperaturların fərqi olması və sair. Bu amillər yerin fiziki-mexaniki parametrlərinə təsir göstərir. Amma bütün hallarda sürüşməyə əsasən torpaq qatı altında gilli süxurların maili yerləşməsi rəvac verir. Geoloji şərait qiymətləndirilmədən aparılan tikinti və kənd təsərrüfatı işləri və seysmik fəaliyyət də təhlükəni reallaşdırır.    

Mütəxəssislər səbəblərdən biri kimi Bakının müxtəlif yerlərindən axan qrunt və yeraltı suların qarşısının süni şəkildə alınmasını sürüşmələrə, torpaq uçqunlarına gətirib çıxardığını söyləyirlər. Bayılda, Qaraçuxurda, Zığda, Günəşlidə və paytaxtın başqa yaşayış massivlərində baş verən uçqunlar bu səbəbdən yaranır. Qanunsuz tikililərin, şəhərsalma normativlərinə əməl olunmaması da sonda bu cür fəsadların yaranmasına gətirib çıxarır. Bəllidir ki, Abşeron seysmoloji cəhətdən aktiv zonadır, necə deyərlər, bu ərazi vulkan püskürmələri üçün hər zaman qaynayır. Geoloqlar bildirir ki, xüsusilə, Masazır vulkanik zona olduğundan orada yaşayış binası tikilməsi doğru deyil: "Sovet dövründə Xəzər dənizinə yaxın ərazilərdə 4 və ondan aşağı mərtəbəli binaların tikintisinə üstünlük verilirdi. Həmin dönəmlərdə paytaxtın bir neçə yerində yağış sularını axıdan yeraltı kanallar da tikilmişdi. İndi vəziyyət başqadır. Son illər daha çox paytaxtın çökəklik yerlərində yaşayış binaları və obyektlər tikirlər. Göydələnlərin özülləri daha dərinə gedir ki, bunlar da yeraltı və qrunt sularının axmasına əngəl törədir. Nəticədə yeraltı suların səviyyəsi xeyli artır. Bunlar da binaların özül hissələrinin yuyulmasına, əyilməsinə və başqa problemlərin yaranmasına səbəb olur".       

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev son vaxtlar Azərbaycanda 223 sahədə sürüşmə prosesinin aktivləşməsinin qeydə alındığını deyir: "Təbii və texnogen amillərin təsiri nəticəsində Azərbaycan ərazisində sürüşmə sahələrində ekzogen geoloji proseslər öz aktiv fazasına keçir, konturlarını genişləndirib. Bu da yeni sürüşmə zonaları yaradır. Yay otlaq sahələrinin vəziyyəti də bu amilə təsir göstərir, torpağın üst qatı aşınır, dağıdıcı sellərin əmələ gəlməsinə səbəb olur".

Seysmik amillərin də rolundan danışan mühəndis bildirir ki, Azərbaycan ərazisi, ümumiyyətlə, geoloji quruluşunun mürəkkəbliyinə görə dağəmələgəlmə prosesinin davam etdiyi fəal seysmik zonadır: "Respublika ərazisinin Şamaxı, İsmayıllı, Gəncə, Zərdab, Mingəçevir, Şəmkir, Tovuz bölgələri, Talış dağları və Kiçik Qafqazın Kəlbəcər hissəsi fəal seysmik zonalardır. Həmin bölgələrdə zəlzələlərdən sonra ekzogen geoloji proseslər, sürüşmələr, qar uçqunları, çökmələr aktivləşir. Seysmik aktivlik seysmogen zonalarda sürüşmələrin aktivləşməsinə təsir edir. Şamaxı, İsmayıllı bölgəsində belə hallar tez-tez baş verir. Sürüşmələrə ölkə ərazisində baş verən torpaq qırılmaları da təsir edir".

Ş.Niftiyevə görə bəzi sürüşmə sahələrində qaydalara uyğun tikinti aparmaq mümkündür: "Yaponiya kimi sürüşmələrdən əziyyət çəkən ölkədə təhlükəli hesab edilən zonaların üzərində çoxmərtəbəli yaşayış binaları ucaldılır. Sadəcə olaraq ərazinin mühəndis-geoloji şəraiti tam öyrənildikdən və yamacın dayanıqlığı bərpa edildikdən sonra həmin ərazidə tikinti aparmaq olar. Lakin Bakıda sürüşməyə meyilli yamaclarda tikinti aparmaq məqsədəuyğun deyil, çünki gec-tez aktivlik oyanacaq. Təəssüf ki, paytaxtda bu cür yerlərdə yaşayış binaları tikilib".

AMEA-nın Geologiya İnstitutunun seysmologiya və geodinamika şöbəsinin aparıcı elmi işçisi Əvəz Salamova görə sürüşmələrin aktivləşməsinin əsas səbəblərindən biri də atmosfer çöküntüləridir: "İqlim dəyişmələrinin təsiri çoxdur. Bu il qışda havalar çox şaxtalı-qarlı, yağıntılı keçdi. Qanuna görə əraziyə düşən suyun miqdarı qədər də su buxarlanmalıdır. Bu tarazlıq pozulduğu zaman sürüşmələr aktivləşir. Paytaxtda baş verən sürüşmələr isə əsasən tikinti işlərinin aparılması üçün yamacların kəsilməsi, yeraltı kanalizasiya, istilik sistemi və su xətlərində olan sızmalar nəticəsində əmələ gələn nəmlənmə ilə bağlıdır. Təbii amil olan atmosfer sularının yığılması üçün normal şərait olmalıdır. Bu sular kanalizasiya sisteminə daxil olmalı və şəhər ərazisindən çıxarılmalıdır. Yamaclar kəsiləndə sürüşmələrdən mühafizə tədbirləri görülməlidir. Məsələn, istinad divarları tikilməli, lay vurulmalı, yamaclardan tökülən suların ərazidən uzaqlaşdırılması üçün kanallar şəbəkəsi qurulmalıdır. Hazırda paytaxdakı binaların əksəriyyətinin zirzəmisi su ilə doludur, bunlar gələcəkdə təhlükə mənbələridir".  

Səbəblərdən biri də meşələrin qırılması və son illər meşə zolaqlarının salınmamasıdır. Meşələrin qırılması yağan yağıntıların təbii tutumunu pozur. Bu isə sellər şəklində formalaşır və bölgələri sel suları basır. Meşə qırğınları səbəbindən son zamanlar dağ rayonlarında bulaq və kəhrizlərin də suyu quruyub. Mütəxəssislər deyirlər ki, meşə qırğınlarının qarşısı alınmazsa, təbii fəlakətlər tüğyan edəcək. Çıxış yolu kimi göstərilir ki, hər il meşə zolaqları salınmalı, minlərlə cökə, fısdıq, palıd, şabalıd, qoz, zoğal ağacları əkilməlidir.     

Torpaq sürüşmələri və axınlar, həmçinin davamlı vulkan püskürmələri  Qobustandaki tarix-mədəniyyət abidələrini də təhlükə altına alıb. Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tərəfindən Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarının iştirakı ilə Kiçikdaş dağında baş verən struktur-denudasiya prosesləri ilə əlaqədar vizul mühəndis-geoloji araşdırmalar aparılıb. Qoruqda aparılan geoloji tədqiqatların nəticəsindən məlum olur ki, iri qırışıqlarla və yarğanlarla əhatə olunmuş terrasvari quruluşa malik Kiçikdaş dağı ekzogen geoloji proseslərin baş verməsi nəticəsində  zədələnmiş sahədir. Dağın ətəklərində yarğan errorziyası, səthi yuyulma və az dərəcədə sürüşməni xatırladan axma prosesləri isə mütəmadi olaraq aktivləşir. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Kiçikdaş dağının zirvəsində təqribən 14 hektar sahəyə malik peneplenləşmiş suayırıcının cənub-şərq hissəsi 150-180 m, eni 0,7-2,0 görünən dərinliyi 10-30 m olan qırılma xətti ilə mürəkkəbləşib. 2012-ci iln yanvar-mart aylarında yağan yağıntıların təsirindən Kiçikdaş dağının tağ hissəsini təşkil edən və görünən qalınlığı 30 metrə qədər olan əhəngdaşı layı parçalanaraq yamac boyu müxtəlif istiqamətlərə hərəkət edib və yamacın aşağı hissəsində sürüşməyə bənzər pilləli axım əmələ gətirib. Mütəxəssislərin fikrincə, proses bu intensivliklə davam edərsə Kiçikdaş dağının aşağı yamacında yerləşən qayaüstü rəsmlər və qədim mağaralar üçün fəsad yaradacaq. Ərazinin mikrorelyefinin formalaşmasında struktur-denudasiya prosesləri ilə yanaşı, temperatur dəyişkənliyi və atmosfer yağıntılarının təsiri mühüm rol oynayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev bildirib ki, məskunlaşma üçün əlverişsiz ərazilər bir neçə faktor üzrə müəyyən edilir. Bunlar sənaye obyektlərinə yaxın, radiasiya təhlükəsi yüksək olan və sürüşməyə meyilli ərazilərdir: "Təəssüf ki, çox vaxt belə ərazilərin mənimsənilməsi baş verir. Torpağın yükgötürmə qabiliyyətini, geoloji quruluşunu  bilmədən aparılan tikintilər mənfi nəticələrə gətirib çıxarır. Son illər əhalinin kütləvi şəkildə Bakıya axını və harada gəldi, texniki vəziyyət nəzərə alınmadan  qaydasız məskunlaşmaları fəlakətlərlə nəticələnir". Cahangir Qocayev deyir ki, əslində, bina tikintisi üçün təqdim olunan layihələr ekspertizadan keçir və rəy verilir. Lakin çox vaxt işin icrasına gələndə rəydə yazılanlar nəzərə alınmır: "Hazırda Bakının regional inkişaf planı hazırlanır, Baş Plan da onun əsasında işlənəcək. 1987-ci ildə təsdiq olunan və 2005-ci ilədək nəzərdə tutulan Bakının Baş Planında sürüşmə sahələri tək-tək göstərilib. Məsələn, Bayıldan yalnız yaşıllaşdırma məqsədilə istifadə etmək olar. Bu ərazi yaşayış üçün uyğun deyil, təhlükəlidir. Kökləri ətrafa daha çox yayılan ağaclar seçilib əkilməlidir ki, torpağı möhkəmlətsin. Belə ağaclar sürüşmənin qarşısını alır. İnsanlar arasında sudan və torpaqdan istifadə mədəniyyəti ilə bağlı maarifləndirmə işi aparılmır. Adamlar harada gəldi torpaq alıb ev tikirlər. Elə yerlər var ki, vulkan ocaqlarının üzərində ev tikiblər. Torpağın geoloji strukturu öyrənilmədən orada ev tikmək, yaşayış məskəni salmaq olmaz".

Fikrini öyrənmək istədiyimiz alim və tədqiqatçıların hər biri cəmiyyətimizin, insanlarımızın bu sahədə maarifsizliyindən də narahatlıqla danışdılar. Onlar düşünürlər ki, paytaxta bu qədər axının qarşısı alınmalıdır.

Digər bir məsələ isə ondan ibarətdir ki, gizlədəcək bir şey yoxdur, torpağımızın geoloji quruluşu, strukturu barədə coğrafiya dərsliklərinə doğru-düzgün məlumatlar salınmalıdır. Azərbaycanın təbii fəlakətlərin, vulkan püskürmələrinin  baş verə biləcəyi ölkə olduğu bildirilməli, məktəbdən maarifləndirmə işi aparılmalıdır.

Bir də alimlər torpağımızın xilasını meşə zolaqlarının artırılmasında görürlər. Ağac əkilməsinə xüsusi diqqət yetirilməlidir. Təkcə paytaxtda deyil, bölgələrdə də kökü dərinliklərə gedən və ətrafa yayılan çoxlu ağaclar mütəmadi əkilməli, meşə zolaqları salınmalıdır. Hər bir Azərbaycan vətəndaşı bu sahədə o qədər maarifli olmalıdır ki, təkcə paytaxtda deyil, ən ucqar kənddə də ev tikəndə, ağac əkəndə, torpağa bel vuranda belə bilməlidir ki, üzərində gəzdiyimiz torpaq uçquna, sürüşməyə, çatlamaya və vulkana meyillidir, həssasdır. Torpaqla elə davranmalıyıq ki, sabah tikdiyimiz ev başımıza uçmasın, torpaq ayağımızın altından qaçmasın.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 10.