Azərbaycan və
Çin arasında diplomatik
əlaqələrin qurulmasının 20 illiyi
ilə əlaqədar xatirə kitabı nəşr olunmuşdur
Azərbaycan Respublikası və Çin Xalq Respublikası (ÇXR) arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar Pekində xatirə kitabı nəşr olunmuşdur.
ÇXR Xarici İşlər Nazirliyinin hazırladığı nəşr ötən 20 ildə iki ölkə arasında münasibətlərə dair məlumatlar və fotoşəkillərlə zəngindir.
Kitaba "Ön söz"ü yazan xarici işlər nazirinin müavini Day Binquo qeyd etmişdir ki, ötən müddətdə hər iki tərəf ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xeyli iş görmüşdür. Ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini qeyd edən Day Binquo Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini yüksək qiymətləndirmişdir.
Çin və Azərbaycan dillərində hazırlanan nəşr "Siyasi münasibətlər", "İqtisadi və ticarət", "Mədəniyyət mübadiləsi" adlı 3 bölmədən ibarətdir.
Birinci bölmədə ölkələrimiz arasında siyasi münasibətlərin tarixinə və bugününə nəzər salınmışdır. Bu bölmədə ulu öndər Heydər Əliyevin 1994-cü, Prezident İlham Əliyevin 2005-ci və 2008-ci illərdə Çin Xalq Respublikasına səfərləri, görüşləri əksini tapmışdır. Bu bölmədə, həmçinin Çinin yüksək səviyyəli nümayəndə heyətlərinin Bakıya səfərlərinə dair materiallar vardır.
"İqtisadi və ticarət" bölməsində ölkələrimiz arasında iqtisadi əlaqələrlə bağlı materiallar, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər, tədbirlər, o cümlədən biznes forumlarla bağlı məlumatlar vardır.
İki ölkə arasında mədəni və humanitar əlaqələrə həsr olunan sonuncu bölmədə Çində keçirilmiş Azərbaycan Mədəniyyəti günləri, Pekində Üzeyir Hacıbəylinin çin dilində səhnələşdirilmiş "Arşın mal alan" musiqili komediyasından fotoşəkillər verilmişdir. Bu bölmədə ayrıca Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları uğurlar da əksini tapmışdır.
Xatırladaq ki, 1991-ci il dekabrın 27-də Çin Azərbaycan Respublikasının müstəqilliyini tanımış, 1992-ci il aprelin 2-də isə ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur.
Şahin CƏFƏROV
Azərbaycan.- 2012.- 17 aprel.- S. 11.