Cəmiyyətin
və dövlətin formalaşması və inkişafında
ailə mühüm rol
oynayır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən mütəmadi olaraq gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində genişmiqyaslı maarifləndirmə işləri aparılır.
Bu məqsədlə aprelin 16-da AQUPDK-nin, Ədliyyə Nazirliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Sağlam ailə sağlam gələcəyin təminatıdır" adlı aksiya çərçivəsində Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olmuşlar.
Suraxanı RİH başçısının müavini Əhməd Talıbov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, bu sahədə mövcud problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, ailə mədəniyyətinin və nəsillərarası münasibətlərin qorunması bu gün də davam etdirilir. Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, milli genofondumuzun möhkəmlənməsinə xidmət edir.
AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova qeyd etmişdir ki, cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm halqadır. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Bu gün dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da ailələr problemlərlə rastlaşır. Son zamanlar dünya ictimaiyyəti tərəfindən bu problemə diqqətin artdığını qeyd edən S.Qəhrəmanova Azərbaycanda da bu istiqamətdə qanunvericilik sahəsində önəmli addımlar atıldığını demişdir.
Yığıncaqda mövzu ilə bağlı məruzələr dinlənilmişdir. Çıxışlarda Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ailə dəyərlərinin qorunmasına, qadınların sosial statusunun daha da yüksəldilməsinə, uşaqların harmonik inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanmışdır.
Tədbir yeni ailə quran gənclərin nikah mərasimi ilə başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 17 aprel.- S. 11.