Xocavənddə Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri mövzusunda tədbir keçirilmişdir

 

Xocavənd rayonunun Nərgiztəpə ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə-xatirə kompleksinin önündə "Qondarma erməni soyqırımı" yalanları və Azərbaycan həqiqətləri" mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) Türkiyə nümayəndə heyətinin rəhbəri İsmail Safi, Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən, Milli Məclisin deputatı Qənirə Paşayeva, QHT-lərin, ictimaiyyətin nümayəndələri, müharibə veteranları və şəhid ailələri üzvləri, həmçinin Səbail rayon gənclər və idman idarəsinin  təşəbbüsü ilə "Şahinlər sülh naminə Qarabağa doğru" devizi altında gəlmiş 100-dən artıq gənc iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə abidə kompleksinin önünə gül-çiçək qoymuş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinə dualar oxumuşlar.

Qənirə Paşayeva, İsmail Safi, Hikmət Ərən, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şəhid anası Lyüdmila Həsənova çıxış edərək XX əsrin əvvəllərində ermənilərin Azərbaycanda və Türkiyədə törətdikləri qətliamlar, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən növbəti soyqırımı, əzəli torpaqlarımız olan Ermənistanda aparılan etnik təmizləmə haqqında danışmışlar. Habelə ermənilərin uydurduğu qondarma erməni soyqırımından bəhs edən natiqlər bildirmişlər ki, tarix boyu saxtakarlığı və satqınlığı ilə tanınan ermənilərin qondarma soyqırımı iddialarına qarşı yalnız birlikdə mübarizə aparılmalıdır. Erməni saxtakarlarına və onların havadarlarına qarşı mübarizədə Azərbaycan həmişə qardaş Türkiyə ilə birlikdədir.

Tədbir iştirakçıları adından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış müraciət oxunmuşdur.

Sonra "Azərbaycan Bayrağı" ordenli keçmiş döyüşçü İbad Hüseynovun və silahdaşlarının minaya düşdüyü yerdə igid kəşfiyyatçının həyatından, döyüş yolundan bəhs edən "Xüsusi təyinatlı" kitabının təqdimatı olmuşdur.

Mərasimdə çıxış edən Qənirə Paşayeva gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında kitabın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, gənclər xalqımızın yaşadığı faciələr, soyqırımlar haqqında məlumatlı olmaqla yanaşı, İbad Hüseynovubu igid kəşfiyyatçının döyüş yoldaşlarını da tanımalı, onlardan nümunə götürməlidir. İbad Hüseynovun çətin sınaqlardan uğurla çıxdığını qeyd edən Qənirə Paşayeva vurğulamışdır ki, cəsur döyüşçü nəinki Azərbaycan xalqı və türk dünyasının, bütövlükdə insanlığın qarşısında böyük xidmət göstərərək Monte Melkonyan kimi qəddar terrorçunu aradan götürmüşdür. Belə qəhrəmanların qarşısında baş əymək lazımdır.

Eyvaz Hüseynovkeçmiş döyüşçülər çıxış edərək İ.Hüseynovun şərəfli və qəhrəmanlıqla dolu döyüş yolundan danışmışlar.

Tədbirdə çıxış edən İbad Hüseynov işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu söyləmişdir.

Həmin gün Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış yeni Xocavənd qəsəbəsindəki mədəniyyət evində qonaqlarla rayon sakinlərinin görüşü keçirilmiş, Qənirə Paşayevanın ssenarisi əsasında çəkilmiş "Ruhum Qarabağlıdır" filminin təqdimatı olmuşdur.

 

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 11.