Bakı-2020 layihəsinə dəstək olmaq üçün 500 mindən çox imza toplanmışdır

 

 Bakının 2020-ci il OlimpiyaParalimpiya Oyunlarına namizədliyini dəstəkləmək üçün bir ay əvvəl  başlamış imzatoplama kampaniyasına artıq 500 min nəfər qoşulmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən və yüzlərlə könüllünün cəlb olunduğu bu kampaniya uğurla davam edir. Toplanılan imzaların sayının yarım milyona çatması isə "Bakı-2020" layihəsinin aprelin 14-də Moskvada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyasındakı təqdimatına təsadüf etmişdir.

Qısa müddətdə yarım milyon imzanın toplanmasını şərh edən "Bakı-2020" Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva qeyd etmişdir ki, cəmi bir ay müddətində yarım milyon əhalinin Bakının olimpiya oyunlarına namizədlik ərizəsini dəstəkləməsi bizi çox sevindirir və ruhlandırır. Bu kampaniyanı uğurla təşkil edən hər kəsə, xüsusən də gənclərimizə çox minnətdaram. "Bakı-2020" layihəsi ilə bağlı bizə uğurlar arzu edən Bakı və Azərbaycanın bütün bölgələrinin əhalisi imzatoplama kampaniyasına qoşularaq real dəstəyini bildirmişdir.

K.Nurullayeva, həmçinin "Bakı 2020"-nin rəsmi Facebook fan səhifəsinin də qısa müddətdə 50 mindən çox tərəfdar yığmasını böyük uğur adlandıraraq qeyd etmişdir ki, bütün bunlar xalqımızın necə böyük istəklə Bakının olimpiya oyunlarına ev sahibliyini dəstəklədiyinin bariz nümunəsidir. Qeyd etmişdir ki, bu dəstək beynəlxalq medianın da diqqətindən kənarda qalmır. Bu yaxınlarda www.insidethegames.biz saytı namizəd şəhərlərin sosial mediadakı fəaliyyətinin monitorinqini aparmış və "Bakı-2020" fan səhifəsinin həm tərəfdarlarının sayı, həm də fəaliyyəti ilə digər şəhərləri qabaqladığını bildirmişdir.

Qeyd edək ki, imzatoplama kampaniyası, həmçinin "Bakı-2020"-nin rəsmi veb-səhifəsi vasitəsilə elektron formada da aparılır.

 

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 11.