İtaliyada Azərbaycan Mədəniyyəti
günləri başlamışdır
Aprelin 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi ilə İtaliyada Azərbaycan Mədəniyyəti günləri başlamışdır.
Ölkəmizin İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Mədəniyyət günlərinin açılış mərasimi, eləcə də bu çərçivədə keçiriləcək tədbirlərdə iştirak etmək məqsədi ilə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti hazırda İtaliyada səfərdədir.
İtaliyada ilk dəfə təşkil edilən Azərbaycan Mədəniyyəti günləri çərçivəsində aprelin 16-da Turin şəhərinin möhtəşəm Kariniano Teatrında, ayın 17-də Venesiyanın Malibran Teatrında, 19-da isə Milanın Cüzeppe Verdi Konservatoriyasının Verdi konsert zalında Azərbaycan incəsənət ustalarının konsertləri keçiriləcəkdir.
Konsertlərdə Azərbaycan Dövlət rəqs ansamblı, "Buta" kamera xoru, "Natiq" ritm qrupu, klassik musiqi və muğam ifaçıları çıxış edəcəklər.
Azərbaycan Mədəniyyəti günləri çərçivəsində son konsert aprelin 21-də paytaxt Roma şəhərinin ən iri konsert kompleksi olan Auditorium Musiqi Parkının Sinopoli zalında keçiriləcəkdir.
Ölkəmizin zəngin tarix və mədəniyyətinin italyan ictimaiyyətinə geniş
şəkildə təqdim edilməsi məqsədi ilə Mədəniyyət
günləri çərçivəsində Roma
şəhərində, həmçinin digər təqdimat və
tədbirlər nəzərdə tutulmuşdur.
Azərbaycan.- 2012.- 17 aprel.- S. 11.