Hyuston Universitetində Dağlıq Qarabağ münaqişəsinin tarixihüquqi aspektlərinə həsr olunmuş ictimai forum təşkil edilmişdir

 

 Azərbaycanlı Tələbələr Assosiasiyası (ATA) Dağlıq Qarabağ münaqişəsinin tarixihüquqi aspektlərinə həsr olunmuş ictimai forum təşkil etmişdir.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,   Hyuston Universitetinin Universitet Mərkəzində keçirilən tədbirin əsas məqsədi tələbə heyətini Azərbaycanın tarixi barədə məlumatlandırmaq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin siyasi, sosialetnik kökləri barədə ictimai müzakirələr üçün forum təşkil etməkdir.

ATA-nın prezidenti Mehriban Əfəndi bildirmişdir ki, forum üç əsas mövzuya- "Qafqazın etnik tarixi", "Azərbaycanın müasir tarixi", "Sovet İttifaqının dağılması və Dağlıq Qarabağ münaqişəsinin kökləri" mövzularına həsr olunmuşdur.

Hyuston Universitetinin siyasi elmlər üzrə professoru Rayan Kennedi dondurulmuş münaqişələrin Sovet İttifaqının dağılmasının qalıqları olduğunu qeyd edərək, dövlətlərarası münaqişələrin siyasi, iqtisadisosial təsirləri barədə məlumat vermişdir.

Sonra çıxış edən Yusif Ələsgərov Qafqazın etnik tarixi barədə təqdimat edərək, Cənubi Qafqazın müxtəlif dövrlərdə idarəçiliyi barədə danışmış, ermənilərlə azərbaycanlılar arasında etnik identiklik üstündə gedən mübahisələr haqda məlumat vermişdir.

ATA-nın təsisçisi və Hyuston Universitetinin məzunu Kamran Zahid  ötən əsrin ilk iki onilliyində Azərbaycanın bir ölkə olaraq üzləşdiyi problemlərdən bəhs edərək, müasir Azərbaycan Respublikası ilə 1918-1920-ci illərdə mövcud  Azərbaycan Demokratik Respublikası arasında paralellər aparmışdır.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və direktoru Yusif Babanlı  təqdimatında Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərinə toxunaraq, tərəflərin arqumentləri, hazırda davam edən danışıqlarda beynəlxalq ictimaiyyətin rolumövqeyi barədə danışmışdır. Sonda Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Riad Əfəndi  gələcəyə baxış və münaqişənin mümkün nəticələri barədə məlumat vermişdir.

2006-cı ildə Kamran Zahid tərəfindən təsis edilmiş Azərbaycanlı Tələbələr Assosiasiyası Hyuston Universitetinin tələbələrini Azərbaycanın mədəniyyəti və tarixi barədə məlumatlandırmaq məqsədi daşıyır. Təşkilatın hazırkı prezidenti Mehriban Əfəndi Bauer Biznes Kollecində biznesin idarə edilməsi üzrə magistr təhsili alır. Forumun keçirilməsinə maliyyə dəstəyini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və ABŞ Azərbaycanlıları Şəbəkəsi vermişdir.

 

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 11.