Azərbaycanın
iqtisadi inkişafı hərtərəfli
və çoxşaxəlidir
Bunun ölkə vətəndaşlarının rifahına
xidmət etdiyi Nazirlər Kabinetinin
2012-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında bir daha vurğulanmışdır
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası son aylarda ölkənin həyatının bütün sahələrində görülən işlərin aydın mənzərəsini yaratmışdır. Qazanılmış nailiyyətlər bir daha vurğulanmış, həlli vacib olan məsələlərdən söhbət açılmış, zəruri işlərin həyata keçirilməsi yolları göstərilmişdir.
Bu ilin birinci rübündə də Azərbaycanın
inkişaf tendensiyası davam
edib. Ümumi daxili məhsulun həcmi artıb. Bununla yanaşı,
qeyri-neft sektorunda 7,7 faiz artım əldə edilib.
Ötən ilin müvafiq
dövrü ilə müqayisədə muzdla işləyənlərin orta
aylıq əməkhaqqı 8,5 faiz
yüksələrək 368,5 manata
çatıb. Əhalinin gəlirləri 13,9 faiz
artıb və 7 milyard 231,6 milyon manat təşkil edib. Adambaşına
gəlirlər 12,3 faiz artıb. Milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirinin yüksəldilməsi
fonunda inflyasiya cəmi 3,1 faiz
təşkil edib. Bunlar banklara qoyulan əmanətlərin
həcminin 4,3 faiz artması ilə nəticələnib.
Bütün investisiya və
sosial proqramların öz imkanlarımızla icra edildiyini vurğulayan Prezident İlham Əliyev demişdir: "Beləliklə,
bu ilin birinci
rübündə strateji
valyuta ehtiyatlarımız
daha da artmışdır
və 43 milyard dollardan çoxdur. Bu, nəinki
ölkəmiz üçün, dünya miqyasında strateji
valyuta ehtiyatlarına malik olan suveren ölkələr
arasında çox gözəl göstəricidir. Biz o
ehtiyatları ildən-ilə, rübdən-rübə daha da
artıracağıq. Bu vəsaitin səmərəli işləməsi
və bu vəsaitdən əldə ediləcək əlavə
gəlirlər, əlbəttə ki, gələcəkdə
maliyyə vəziyyətimizi daha da
yaxşılaşdıracaq, ölkədə yeni investisiya
layihələrinin həyata keçirilməsi
üçün şərait yaradacaqdır".
Ölkə
iqtisadiyyatı hərtərəfli inkişaf edir.
Qarşıya qoyulan vəzifə - iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində işlər uğurla gedir. Azərbaycan
öz enerji təhlükəsizliyini artıq təmin edib.
Neft-qaz sahəsində mühüm nailiyyətlər əldə
olunub. İndi Azərbaycan bütün dünyada etibarlı tərəfdaş
kimi tanınır. Xarici bazarlara, eləcə də ölkə
daxilində böyük investisiyalar qoyulur. Dövlət
başçısı bununla bağlı investisiyaların ilk
növbədə Azərbaycana, sonra xarici bazarlara yönəldilməsi
barədə göstəriş vermişdir.
Məhz
bu cür yanaşmanın nəticəsidir ki, ölkə
iqtisadiyyatının bütün sahələri paralel
inkişaf edir. İndi sahibkarların fəaliyyəti ilə
bağlı problemlər mövcud deyil. Sahibkarlıq sahəsi
formalaşır və güclənir. Bu il Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli
kreditlərin verilməsi nəzərdə tutulub. Görülən
məqsədyönlü işlərin sayəsində cari ilin
birinci rübündə 20 mini daimi olmaqla 24 min yeni iş yerləri
açılıb. Yeni müəssisələr
istifadəyə verilib və təzələri də tikilməkdədir.
Təqdirəlayiq haldır ki,
bu tədbirlər ölkənin bütün regionlarını
əhatə edir.
Bu il
texnoparkların yaradılması istiqamətində əməli
addımların atılması qarşıya məqsəd
qoyulub. "Bütün müvafiq göstərişlər
verildi, sərəncamlar imzalandı, torpaq sahələri
ayrıldı. Artıq təcrübə də vardır,
Sumqayıt Texnoparkı çox gözəl təcrübədir.
İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna
oxşar yeni texnoparkların salınması prosesi gedir. Mən
hesab edirəm ki, bu il biz artıq konkret işlərə
başlamalıyıq. Çünki bütün qanunvericilik,
ondan sonra infrastruktur bazası artıq yerindədir, torpaq sahələri
də müəyyən edilibdir. Bu texnoparkların
yaradılmasına biz özəl sektorun dəstəyi ilə
nail olacağıq. Ancaq dövlət kredit resurslarını həmin
istiqamətə yönəltməlidir ki, özəl sektor bu
imkanlardan istifadə etsin. Beləliklə, yerli istehsal daha da
güclənəcəkdir".
Tədbirdə dövlət başçısı məhz
belə bir inamını ifadə etmişdir.
Ölkədə fəaliyyət göstərən və tikilməkdə olan sement zavodları bu məhsula tələbatı tam ödəyəcək və qeyri-neft sektorunun inkişafına təkan verəcək.
Qeyri-neft sektorunun digər bir istiqamətində - kənd təsərrüfatında da işlər yaxşı gedir. Aqrar sahənin inkişafında müsbət dinamika var. Birinci rüb ərzində bitkiçilikdə 6,4, heyvandarlıqda 3,2 faiz artım olmuşdur.
Kənd təsərrüfatının inkişafı üçün ən müasir texnologiyalar tətbiq edilməlidir. Bu baxımdan yeni aqroservis müəssisələrinin yaradılması böyük fayda verər. Bunu Ağstafa Aqroservis Şirkətinin nümunəsində aydın görmək mümkündür. Ona görə də Prezident İlham Əliyev bu müəssisənin timsalında geniş proqramın icra olunmasını, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadi İnkişaf Nazirliyinin birlikdə təklif verməsini tapşırmışdır. Lazım gələrsə, əlavə kreditlər də nəzərdə tutula bilər.
"Mənə deyildi ki, yaradılan müəssisə və texniki imkanlar, aqrotexniki xidmətlər hesabına təqribən 15 min hektara yaxın əkin sahəsinə xidmət göstəriləcəkdir. Əgər biz 10, 20, 50 belə müəssisə yaratsaq, bu, ərzaq təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli dərəcədə şərait yaradacaqdır", - deyən dövlət başçısı məhsuldarlığın artırılması vəzifəsini də qarşıya qoymuşdur.
Taxılçılıqda məhsuldarlığın ayrı-ayrı illərdə müxtəlif - yəni bir dəfə çox, bir dəfə az olması iri fermer təsərrüfatlarının yaradılması, bütün mövcud torpaqlardan istifadə olunması ideyasını ortaya çıxarmışdır. Məhsuldarlığa daha böyük diqqət yetirilərsə, dövriyyədə olan torpaqlardan iki dəfə çox məhsul götürmək mümkündür.
Başqa sözlə, kənd təsərrüfatı ilə bağlı ən müasir yanaşmalar tətbiq edilməlidir. Bu sahədə zəngin təcrübəsi olan ölkələrə Azərbaycandan nümayəndə heyətlərinin göndərilməsi də məhz həmin məqsədə xidmət edir. Məsələn, onlar damcılı suvarma texnologiyalarını öyrənmişlər. İndi artıq ölkəmizdə də kütləvi şəkildə müasir texnologiyaların tətbiq olunması vaxtı gəlib çatmışdır.
Hazırda kənd təsərrüfatını, xüsusilə taxılçılığı stimullaşdırmaq üçün subsidiyalar verilir. Onlar yanacağa, gübrələrə, eləcə də əkilən məhsullara hər hektara görə pul şəklində ödənilir. Bu, işgüzarlığın artmasına böyük təkan verib. Lakin subsidiyalara görə nəticə daha təsirli olmalıdır.
Məhsul bolluğunun yaranması hələ məqsədə tam çatmaq deyil - bütün məhsullar eyni zamanda keyfiyyətli, ekoloji cəhətdən təmiz olmalı, insanların səhhətinə ziyan vurmamalıdır. Nazirlər Kabinetinin iclasında bu məsələlər ətrafında ayrı-ayrılıqda söhbət getmişdir.
Bütün bunlar isə bir daha təsdiqləyir ki, ölkədə görülən böyük miqyaslı işlərin hamısı Azərbaycan vətəndaşının rifahına xidmət edir. İqtisadiyyatın şaxələndirilməsi də, ərzaq təhlükəsizliyinin yaradılması da, ətraf mühitin qorunması və qarşıya qoyulan bir çox digər vəzifələr də məhz buna yönəldilib.
Flora SADIQLI
Azərbaycan.- 2012.- 18 aprel.- S. 1.