Beynəlxalq
Qırmızı Xaç Komitəsi yeni layihə hazırlayıb
Bu, əsir və
itkin düşmüş
şəxslərin axtarışı ilə
bağlıdır
Aprelin 17-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Şerin Polini ilə görüşüb.
Görüş zamanı Bahar Muradova bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən də BQXK ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir: "BQXK ilə əməkdaşlığımız inkişaf edir. Biz bu təşkilatın Azərbaycandakı fəaliyyətini, xüsusən də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların tapılması, cəbhəyanı ərazilərdə yaşayan insanların sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndiririk".
Bahar Muradova BQXK-nın rəhbərliyi və nümayəndələri ilə görüşləri xatırladaraq, təşkilatın təşəbbüsü ilə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin axtarışı ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edildiyini diqqətə çatdırıb.
BQXK-nın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən Şerin Polini isə rəsmi Bakının bunun üçün verdiyi töhfəni yüksək qiymətləndirib. O, diqqətə çatdırıb ki, təşkilat hazırda Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin tapılması, geri qaytarılması və ya dəyişdirilməsi istiqamətində Azərbaycanda və Ermənistanda fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, BQXK-nın Bakıdakı nümayəndəliyi Azərbaycanın cəbhəyanı bölgələrində yaşayan insanlara yardım etməklə bərabər onlara qrant şəklində maliyyə yardımı göstərir, artezian quyuları qazdırılır, su problemi həll olunur. Bu işlərdə BQXK Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə fəaliyyət göstərir.
Ş.Polini onu da bildirib ki, BQXK əsir və itkin düşmüş şəxslərin axtarışında yaxşı nəticələr əldə olunması üçün yeni layihə hazırlayıb. Layihənin həyata keçirilməsinə Azərbaycan hökuməti razılıq verib. Bu layihənin icrasına başlamaq üçün Azərbaycan hökuməti, Səhiyyə Nazirliyi və BQXK arasında Anlaşma Memorandumu imzalanmalıdır. Hazırda bu istiqamətdə işlər davam edir.
Bahar Muradova yeni layihənin əhəmiyyətindən danışaraq, Azərbaycan parlamentinin də əməkdaşlıqda maraqlı olduğunu və buna kömək göstərməyə hazır olduğunu bildirib.
Sonra görüşdə
Azərbaycan ilə BQXK arasında əməkdaşlığın
perspektivləri, qanunvericiliyin təkmilləşdirilməsi
və digər məsələlər ətrafında geniş fikir mübadiləsi
aparılıb.
Azərbaycan.- 2012.- 18 aprel.- S. 2.