RF XİN başçısının müavini: Qəbələ RLS-dən ABŞ və NATO ilə birlikdə istifadə edilməsi barədə Rusiyanın bütün təklifləri qüvvədə qalır

 

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvada mətbuat konfransında bildirmişdir ki, bu mövzunun müxtəlif istiqamətlər üzrə və müxtəlif səpkilərdə amerikalılarla müzakirəsi zamanı Rusiya Federasiyası tərəfindən irəli sürülmüş bütün təkliflər qüvvədə qalır.

S.Ryabkov Qəbələ RLS-dən birgə istifadə edilməsi barədə təklifin hələ Buş administrasiyası dövründə irəli sürüldüyünü xatırladaraq, demişdir: "Ötən müddətdə raketdənmüdafiə sistemi mövzusuna amerikalıların yanaşmasında müəyyən irəliləyişlər olmuş, o cümlədən Avropada ABŞ-ın strateji raketdənmüdafiə sisteminin üçüncü mövqe rayonu deyilən obyekt yaradılması planlarından vaz keçmək barədə qərar qəbul edilmişdir. Raketdənmüdafiə sistemi konsepsiyasının özü transformasiyaya məruz qalmışdır və indi biz mərhələlər üzrə uyğunlaşdırılmış yanaşma üzərində işləyirik".

O xatırlatmışdır ki, Rusiya bu mövzu üzərində Obama administrasiyası ilə işləyərkən iki təkliflər paketi təqdim edilmişdir. Bunlardan birincisini - vahid raketdənmüdafiə perimetrinə malik olan sektoral RMS yaradılması barədə təklifi - Dmitri Medvedev 2010-cu ildə Lissabon sammitində irəli sürmüşdü. Nazir müavini demişdir: "Rusiyanın təklifi reallaşacağı təqdirdə biz Qəbələdəki stansiyanı və Rusiyanın digər obyektlərini ümumi sistemə qoşa bilərdik. Təəssüf ki, NATO-dan olan tərəfdaşlarımız qarşılıqlı əlaqəli iki ayrı-ayrı RMS yaratmağın mümkünlüyünü nəzərdən keçirməyi təklif etdilər. Daha dəqiq desək, bizi eyhamla başa saldılar ki, onlar bizim iştirakımız olmadan öz sistemini yaradacaqlar, Rusiyanın nə edəcəyi isə onun öz işi, öz suveren seçimidir. Lakin ABŞ və NATO bu məsələdə maraqlı olduqlarını gizlətmirlər. Onlar Rusiyanın RLS-ləri barədə, o cümlədən Rusiyanın Azərbaycanda icarəyə götürdüyü stansiya barədə müəyyən informasiya almaq istəyirlər".

RF XİN başçısının müavini bu fikri dəqiqləşdirərək bildirmişdir ki, söhbət texnikadan deyil, siyasətdən gedir, bu cür əməkdaşlığın əsasları barədə razılığa gəlmək lazımdır. Onun fikrincə, əgər bu əməkdaşlıq təhlükəsizliyin ümumi arxitekturası və ümumi sistem deyildirsə, onda Amerika-NATO sisteminin Rusiyanın strateji nüvə qüvvələrinə qarşı yönəldilə bilməyəcəyi barədə Rusiyaya qəti hüquqi, beynəlxalq-hüquqi təminat verilməlidir.

Təminatlar hüquqi vəzifələr doğurmalı və müəyyən hərbi-texniki meyarlar toplusu ilə müşayiət olunmalıdır. Rusiya həmin meyarlara əsasən, bu sistemin, həqiqətən, Rusiyaya qarşı yönəlməmiş olduğunu müstəqil şəkildə yəqin edə bilməlidir.

Ryabkov sonda demişdir: "Lakin təəssüf ki, hələlik buna nail ola bilmirik və Qəbələ RLS-in, eləcə də ondan alınan informasiyanın ABŞ və NATO ilə ehtimal edilən əməkdaşlıqda nə kimi rol oynaya biləcəyini söyləmək hələ tezdir. Bununla belə, bizim bütün mərhələlərdə, o cümlədən Qəbələ RLS barədə təkliflərimiz qüvvədə qalır və biz onları müzakirə etməyə hazırıq".

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 2.