Bakıda BMT-nin Sənaye İnkişafı Təşkilatının Sənaye Parkları üzrə Regional Konfransı işə başlamışdır

 

 Aprelin 17-də Bakıda BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) Sənaye Parkları üzrə Regional Konfransı işə başlamışdır.

İkigünlük konfransın məqsədi Avropa və Mərkəzi Asiyanın seçilmiş dövlətləri arasında sənaye parklarının istifadəsində investisiya və rəqabət qabiliyyətinin təşviq edilməsi, bazarinstitusional çatışmazlıqların aradan qaldırılması, iqtisadi biliklərin artırılması və bu sahədə yeniliklərin öyrənilməsi və iqtisadi şaxələndirməni asanlaşdırmaq üzrə bilik və bacarıqları bölüşməkdir.

Konfransda, həmçinin sənaye parklarının inkişaf etdirilməsi üçün ümumi problemləri və imkanları müəyyənləşdirmək məqsədilə regional təşkilatlar arasında şəbəkənin yaradılması da nəzərdə tutulur.

Avropa və Mərkəzi Asiya regionu üzrə keçirilən regional konfransda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizdə beynəlxalq iqtisadi təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycan ilə UNİDO arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. N.Səfərov ölkəmizin iqtisadi inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış 17 zavodda müasir texnologiyalar əsasında müxtəlif sənaye məhsulları istehsal edilir.

Prezident İlham Əliyevin fərman və sərəncamları ilə yaradılmış Sumqayıt kimya sənaye və Balaxanı parkları innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkil edilməsinə və sənaye istehsalının artmasına təkan verəcəkdir. Bu parkların yaradılması iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, qeyri-neft sənayesini daha da gücləndirəcəkdir. Dövlətimizin başçısının sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sənayeləşmə siyasəti uğurla davam etdirilir.

UNİDO-nun regional proqramlar bürosunun Avropa və MDB ölkələri üzrə rəhbəri Olqa Memedoviç sənaye parklarının yaradılması və inkişaf etdirilməsi üçün regional əməkdaşlığın vacibliyini vurğulamış, MDB, Mərkəzi və Şərqi Avropa dövlətlərində sənaye parklarının yerliregional sənayenin inkişafında, investisiyaların cəlb edilməsində əhəmiyyətindən bəhs etmişdir.

Sonra O.Memedoviçin "Sənaye parkları, klasterlər və regional innovasiya sistemləri" mövzusunda təqdimatı olmuşdur.

Konfransda "Sənaye  parklarının inkişafında mövcud vəziyyət və perspektivlər", "Texnoloji biliklərin, innovasiyaların artırılmasında sənaye parklarının rolu", "Davamlı sənaye inkişafında sənaye parklarının potensialı", "Eko-sənaye şəhərlərinin konsepsiya, təcrübə və tətbiqində beynəlxalq perspektivlər", "Sənaye parklarının rəqabət qabiliyyətini artırmaq və yerli təchizat zəncirinin inkişaf etdirilməsi" mövzularında məruzələr dinlənilmiş, sənaye parkları sahəsində ixtisaslaşmış mütəxəssislərin müxtəlif mövzularda təqdimatları olmuşdur.

Azərbaycan Respublikası İqtisadi İnkişaf, Sənaye və Energetika nazirliklərinin və UNİDO-nun birgə təşkilatçılığı ilə keçirilən regional konfransda Azərbaycan, Albaniya, Belarus, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Sloveniya, Tacikistan, Ukrayna və digər ölkələrin nümayəndələri iştirak edirlər.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 2.