Azərbaycan ilə
Bosniya və Herseqovina
arasında aqrar sahədə ikitərəfli
əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur
Aprelin 17-də kənd təsərrüfatı naziri İsmət Abasov Bosniya və Herseqovina Federasiyası Baş nazirinin müavini, kənd təsərrüfatı, su təsərrüfatı və meşəçilik naziri Jerko İvankoviç-Lijanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina Federasiyası arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur.
Nazir İsmət Abasov qonağa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat vermişdir.
Nazir respublikamızda əlverişli torpaq-iqlim şəraiti, yüksək ixrac potensialı və xarici investisiya qoyuluşu üçün əlverişli şəraitin mövcudluğunu, yerli iş adamlarının ölkəmizin aqrar iqtisadiyyat sahələrinə sərmayə yatırmaq və yeni texnologiyalar gətirmək niyyətini nəzərə alaraq, iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. O, bu məqsədlə baytarlıq, fitosanitar və nazirliklərarası saziş layihələrinin hazırlanması; aqrar yönümlü elmi-tədqiqat institutları arasında əməkdaşlıq əlaqələrinin yaradılması; iqlim dəyişikliyi kontekstində soyuğa və istiyə davamlı bitki sortları və heyvan cinslərinə dair, eləcə də ümumiyyətlə, kənd təsərrüfatının iqlim dəyişikliyinin təsirlərinə adaptasiyası və davamlılığının artırılması istiqamətində təcrübə mübadiləsinin aparılmasının zəruriliyini diqqətə çatdırmışdır.
İ.Abasov, həmçinin heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində aparılmış tədqiqat nəticələrinin qarşılıqlı təhlili, bitkiçilik məhsullarının istehsalı, emalı və saxlanması sahəsində müasir texnologiyaların tətbiqi, müxtəlif kənd təsərrüfatı bitkilərinin seleksiya və toxumçuluğu sahəsində əməkdaşlıq, Bosniya və Herseqovinanın aparıcı lizinq şirkətlərinin və maliyyə qurumlarının Azərbaycanın lizinq bazarında fəaliyyətinin təşkili və aqrar sektora investisiyaların yatırılması, aqrar elmi yeniliklərə dair informasiya mübadiləsi, kənd təsərrüfatının müxtəlif sahələrinə həsr edilmiş simpozium, seminar, konfrans, sərgi və yarmarkaların təşkili istiqamətlərində əlaqələrin yaradılmasına dair təkliflərini irəli sürmüşdür.
Qonaq aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılmasında səylərini əsirgəməyəcəyini demişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 18 aprel.- S. 2.