Sosial-iqtisadi
inkişafın banisi
Azərbaycanın özü qədər
əbədi
Azərbaycan tarixinin böyük bir dövrü dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamızın regionda analoqu olmayan müasir inkişaf məntiqini və perspektiv tərəqqi dinamikasını dərk etmək üçün qısaca da olsa ötən illərə retrospektiv baxış zəruridir.
Vaxtilə SSRİ adlı nəhəng imperiyanın ucqar əyalətlərindən sayılan Azərbaycanın çağdaş demokratik, azad, müstəqil dövlətə çevrilməsi faktı ilk növbədə məhz Heydər Əliyevin uzun illər boyu apardığı gərgin fəaliyyətin nəticəsidir. Azərbaycan xalqına Tanrı tərəfindən bəxş olunmuş bu dahi şəxsiyyətin üzərinə tarix xilaskarlıq kimi çətin və şərəfli missiya qoymuşdur. İstər keçmiş SSRİ zamanında, istərsə də SSRİ-nin süqutundan sonrakı dövrdə taleyin çətin sınağı ilə üzləşən Azərbaycanın xilasını başqa cür izah etmək mümkün deyil. Məhz respublika rəhbəri kimi məsul vəzifəni öz üzərinə götürməsi ilə iki müxtəlif ictimai formasiya daxilində yurdumuzun uğur tarixi bu fenomenal şəxsiyyətin müəllifliyi ilə yazılmışdır.
Ötən əsrin 70-80-ci illərində ulu öndər respublika rəhbəri kimi Mərkəzin ona verdiyi səlahiyyətlərdən bacarıqla istifadə edərək, - bəzən hətta Moskvanın müəyyən etdiyi çərçivədən kənara çıxaraq, - tez bir zamanda Azərbaycanı qabaqcıl mövqelərə qaldıra bilmişdi. Həmin qısa dövr ərzində respublikada 250-dən çox sənaye obyekti tikilib istifadəyə verilmiş, əsas fondların 85 faizi təzələnərək həcmi 2-3 dəfə artırılmışdı. Cəmi 15 il ərzində respublikada miqyas etibarilə bütün əvvəlki tarixi boyu yaradılmış potensialla müqayisə oluna biləcək güclü sənaye potensialı yaradılmışdır. Xüsusən, neft-mədən avadanlığı istehsalı, elektrik mühərrikləri, elektrik qaynaq avadanlığı, məişət kondisionerləri, soyuducular, pambıq ipliyi, ipək üçün xammal kimi mühüm sənaye məhsullarının istehsalına görə müttəfiq respublikalar arasında Azərbaycan ön cərgələrdə dururdu. Azərbaycana müasir texnologiya axını başlamışdı. Ötən əsrin 70-ci illərinin nəhəng sənaye obyektlərindən olan Bakıdakı Elektrik-Cihazqayırma, Məişət kondisionerləri, Radio, Elektrik Hesablama, Sumqayıtdakı Kompressorlar, Gəncədəki Billur zavodları və digər nəhəng müəssisələr məhz qabaqcıl texnologiyalar əsasında qurulub yaradılmışdı.
O dövrün unikal sənaye obyektlərindən olan Məişət Kondisionerləri Zavodunun Bakıda tikilməsi üçün də şəxsən Heydər Əliyev Mərkəzi hakimiyyət orqanları ilə, sözün həqiqi mənasında, mübarizə aparmalı olmuşdu. Ulu öndər zavodun Azərbaycanda tikilməsi üçün əlindən gələni etmiş, layihə işləri ilə bağlı ABŞ, Almaniya, İtaliya və Yaponiya şirkətləri ilə müzakirələr gedən zaman Heydər Əliyev Kremldə danışıqlar apararaq lazımi qədər vəsaitin ayrılmasına nail olmuşdu. Cəmi iki ilə tikilib başa çatan obyektin belə qısa vaxtda və keyfiyyətlə təhvil verilməsinə hətta müəssisənin yaradılmasında iştirak edən Yaponiyanın məşhur "Toşiba" şirkətinin rəhbərləri də təəccüb etmişdilər. Bakı Məişət Kondisionerləri Zavodunda ildə 400-500 min kondisioner istehsal olunurdu ki, onun da 120-150 mini xarici ölkələrə göndərilirdi. Keçmiş SSRİ-nin müttəfiq respublikalarından başqa, Çin, İran, Misir, Avstraliya, Kuba Bakı kondisionerlərinin ən böyük alıcıları idi.
Sürətli iqtisadi inkişaf nəticəsində 1969-cu illə müqayisədə 1981-ci ildə respublikamızda kənd təsərrüfatı məhsulları, o cümlədən, pambıq (1 milyon ton), üzüm (2,1 milyon ton), taxıl (1,15 milyon ton) istehsalı ən azı 5 dəfə artmışdı. Bu məhsullardan respublikamıza gələn vəsait hesabına o dövrdə rayon və kənd yerlərində abadlıq işləri aparılır, əhali öz şəxsi təsərrüfatını genişləndirməklə güzəranını yaxşılaşdırır, yeni yaşayış evləri tikir, avtomobil və digər zəruri məişət avadanlıqları almaq imkanı əldə edirdi.
Bakının iri yaşayış massivlərinin çox hissəsi Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə salınmışdır. Təkcə 10 il ərzində Azərbaycanda 22 milyon kv.m həcmində yaşayış sahəsi tikilmiş, insanlar kütləvi şəkildə yeni mənzillərlə təmin olunmuşdu.
Az vaxt içərisində Azərbaycanda 11 yeni elektrik stansiyası istifadəyə verilmişdi. Azərbaycanın qazlaşdırılması prosesi də daim nəzarətdə saxlanılırdı. Bunun nəticəsində ötən əsrin 80-ci illərində 65 şəhər və rayon mərkəzi, 45 qəsəbə, 2 mindən çox kənd, 800 sənaye müəssisəsi, 13 mindən artıq kommunal-məişət və sosial obyektlər təbii qazla təmin olunmuşdu. Bu göstərici əhali təbəqəsinin qazla təmin edilmə miqyasına görə, RSFSR də daxil olmaqla bütün müttəfiq respublikalar arasında ən üstünü idi.
Təkcə bu faktlar bir daha sübut edir ki, Heydər Əliyev bütün enerjisini, istedad və bacarığını səfərbər edərək hər bir şəraitdən doğma Azərbaycanın tərəqqisi, şöhrətinin artması naminə istifadə etmişdir. Fəaliyyətinin bütün mərhələlərində ilk növbədə mənsub olduğu xalqın mənafeyini düşünən bu dahi İnsan respublika əhalisinin güzəranının yaxşılaşdırılmasını yorulmaz fəaliyyətinin prioritet istiqaməti sayırdı.
Ulu öndərin xalq üçün, respublika üçün gördüyü işlərin miqyası o dərəcədə böyük və əhatəlidir ki, hətta qısaca faktların konstatasiyası ilə də onları tam əhatə etmək mümkün deyil. Ancaq tarixilik baxımından ən önəmli cəhət ondan ibarətdir ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin əsası məhz ötən əsrin 70-80-ci illərində Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqın əsrlər boyu arzuladığı azad Azərbaycan Respublikasının bugünkü dünya xəritəsində var olması birmənalı şəkildə, - özünün ifadəsi ilə desək, - hələ imperiya vaxtlarından "Azərbaycanın müstəqilliyi fikri ilə yaşayan" ulu öndərin uzaqgörən, cəsarətli və müdrik siyasətinin nəticəsidir. 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasına baxmayaraq, xalqımız əsl müstəqilliyin bəhrəsini Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gördü. Çünki məhz ümummilli liderin hakimiyyətə gəlişi ilə ölkə xaosdan, vətəndaş müharibəsi, separatizm bəlasından, hakimiyyət böhranından, bir sözlə, dövlətçiliyini tamamilə itirmək təhlükəsindən qurtuldu, cəmiyyətdə stabil həyat ritmi bərqərar oldu.
Tarix üçün çox qısa zaman sayılan 20 ildə müstəqil dövlətimizin keçdiyi yol heç də həmişə hamar olmamışdır. Müstəqilliyin ilk illərində o vaxtkı iqtidarın səriştəsizliyi üzündən ölkə iqtisadiyyatı xeyli geriləmiş, inflyasiyanın səviyyəsi 1800 faizə çatmışdı, xarici ticarət dövriyyəsinin həcmi minimum həddə idi. Müəssisələrin böyük əksəriyyəti işləmirdi, yaxud öz gücünün 15-20 faizi həcmində fəaliyyət göstərirdi. Ölkədə çörək və yanacaq qıtlığını aradan qaldırmaq mümkün olmurdu... İctimai-siyasi vəziyyət daha ağır idi. Hakimiyyəti idarə etməkdə heç bir səriştəsi olmayan naşı adamlar ağlagəlməz addımları ilə cəmiyyəti iflic vəziyyətinə salmışdılar. Ölkəni qanunlar yox, silahlı dəstələr idarə edirdi. Üstəlik Qarabağ savaşı və minlərlə qaçqın-köçkünlərin günbəgün artan sosial-məişət problemləri...
Aydındır ki, belə situasiyada respublikanın yaşaması naminə AXC-Müsavat iqtidarının hakimiyyətdən getməsi labüd idi. Ölkənin ən sadə vətəndaşlarına belə aydın idi ki, bu ağır durumdan Azərbaycanı yalnız böyük dövlət xadimi Heydər Əliyev dühası xilas edə bilər. Və o ağır vəziyyətdən çıxış üçün xalq tanıdığı, gücünə, iradəsinə, təcrübə və qabiliyyətinə bələd olduğu qüdrətli liderə üz tutdu, ondan kömək dilədi. Təbii ki, bütün ömrünü xalqına və Vətəninə həsr edən ulu öndər canı qədər sevdiyi doğma Azərbaycanın düşdüyü acı vəziyyətə biganə qala bilməzdi...
Beləliklə, 1993-cü ilin iyununda ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə həm müstəqil Azərbaycanın tarixində, həm də dahi şəxsiyyətin özünün həyatında yeni mərhələ başlandı. İlk öncə erməni işğalının qarşısının alınması istiqamətində mühüm strateji və taktiki addımlar atıldı, atəşkəs əldə olundu. Bu isə Azərbaycana ordu quruculuğu yönündə iş aparmaq imkanı verdi. Azərbaycan bir çox ölkələrlə, o cümlədən NATO ilə sıx əməkdaşlığa başladı. Eyni zamanda beynəlxalq tribunalardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri olduğu kimi bəyan etmək, təcavüzkarın ifşasına nail olmaq imkanı yarandı. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişlərinə cəhdlər zamanı da Heydər Əliyev özünün fövqəladə mərdliyi, dəmir iradəsi, qətiyyətli addımları və xarizmatik nüfuzu ilə Azərbaycanın dövlətçiliyini faciələrdən xilas etdi.
Ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider dahiyanə uzaqgörənliklə müasir dinamik inkişafın əsasını təşkil edən yeni neft strategiyasının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etdi. Dünyanın aparıcı ölkələrinin 11 transmilli neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə, onu enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevirdi. Neftin dünya bazarlarına çıxarılması üçün BTC əsas ixrac kəmərinin inşası ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Neft yataqlarının işlənməsindən əldə olunan vəsaitləri səmərəli idarə etmək, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi cəhətdən mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəltmək məqsədilə 1999-cu ildə ulu öndər Dövlət Neft Fondunun yaradılması barədə fərman imzaladı. Bununla da əsrlər boyu neft ölkəsi kimi tanınan Azərbaycanın tarixində ilk dəfə milli sərvət olan "qara qızıl" xalqın özünün rifahına yönəldildi.
Ötən əsrin 90-cı illərinin axırında ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə aqrar sektorda da radikal islahatlara start verildi. Kolxoz və sovxozların ləğvi, onlara məxsus torpağın, mal-qaranın və əmlakın təmənnasız olaraq kəndlilərə paylanması ilə ölkənin kənd təsərrüfatı müasir bazar prinsipləri əsasında yenidən qurulmağa başladı və aqrar sektorda ciddi struktur dəyişiklikləri baş verdi. Kəndlərdə torpağa keyfiyyətcə fərqli münasibət formalaşdı. Heydər Əliyevin müəlliflik etdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı və onu torpağın əsl sahibinə çevirdi. Ən başlıcası, bu islahatlar əhalinin ərzağa olan tələbatının əsasən öz daxili imkanları hesabına ödəməsini mümkün etdi. Kənd təsərrüfatı məhsulu istehsalçılarının əvvəlki vergi borclarının silinməsi, onlara vergi tətillərinin verilməsi, məhsul istehsalçısının torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edilməsi də ulu öndərin xalqa böyük qayğısının təzahürü idi.
Ümumiyyətlə, ulu öndərin müstəqil Azərbaycanın inkişafı naminə başladığı islahatların spektri çox genişdir. 1993-2003-cü illər ən yeni Azərbaycan tarixinə bazar iqtisadiyyatının vacib seqmentlərindən olan dövlət mülkiyyətinin özəlləşdirilməsi, infrastrukturun yenilənməsi, tranzit imkanlarından səmərəli istifadə üçün Şərq, Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi, sahibkarlığın inkişafı naminə zəruri tədbirlərin görülməsi, əhalinin güzəranını yaxşılaşdırmaq məqsədilə sosial sahədə mövcud problemlərin kompleks həlli, habelə elm, təhsil, mədəniyyət və səhiyyə sahələrinin sürətli inkişafı dövrü kimi daxil olmuşdur.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin hamısını saymaqla qurtarmaz... Bu gün ulu öndərin layiqli davamçısı və siyasi varisi, ümummilli liderin özü qədər inandığı Prezident İlham Əliyev ölkəni inamla irəliyə aparmaqdadır. O, ulu öndərin vəsiyyətlərinə əməl edərək Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, respublikanın tərəqqisi və xalqın rifahı naminə demək olar ki, fədakarcasına çalışır. Ölkə üçün hər bir taleyüklü məsələdə ulu öndərin ideyalarına arxalanan, onun başladığı işləri əzmlə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü praqmatik daxili və xarici siyasət sayəsində Azərbaycan artıq keyfiyyətcə yeni, daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq işləri o qədər böyükdür ki, bəzən qazanılan uğurların cəmi 8-9 il ərzində mümkün olduğu heyrət doğurur. Bu uğurlar silsiləsindən təkcə onu qeyd etmək kifayətdir ki, son illər qlobal maliyyə böhranı dünyanın ən inkişaf etmiş dövlətlərini silkələdiyi halda, Azərbaycan Prezidentinin başçılığı altında uzaqgörənliklə həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində ölkə iqtisadiyyatı yüksək templərlə inkişafını davam etdirdi, üstəlik əməkhaqları, pensiyalar artırıldı, nəzərdə tutulan bütün sosial layihələr müvəffəqiyyətlə həyata keçirildi.
Müasir mərhələdə ölkənin sosial-iqtisadi siyasətinin strateji hədəfləri - sürətli inkişaf qabiliyyətinə malik, sosialyönümlü, diversifikasiyalı milli iqtisadiyyatın formalaşdırılması və dünya iqtisadi sisteminə inteqrasiyanın təmin olunmasından ibarətdir. Prezident İlham Əliyevin dinamik inkişaf edən modern səviyyəli dövlət quruculuğu 2003-cü ilədək qazanılmış nailiyyətlərin daha da möhkəmlənməsinə və davam etdirilməsinə rəvac verdi. Makroiqtisadi sabitlik qorunub saxlandı, qeyri-neft sektorunun, regionların inkişafı təmin edildi, strateji valyuta ehtiyatları qat-qat artırıldı, manatın məzənnəsi etibarlı şəkildə qorundu, sahibkarlığa dövlət dəstəyi gücləndirildi, əhalinin sosial vəziyyəti xeyli yaxşılaşdı. Görülən tədbirlər sayəsində Azərbaycan MDB məkanında keçid dövrünü müvəffəqiyyətlə başa vuran ilk ölkə oldu. Ən gərgin məqamlarda belə dövlət başçısının ulu öndərə xas qətiyyəti, onun adına layiq fəaliyyəti, uzaqgörənliyi, Heydər Əliyev idarəçilik məktəbində topladığı zəngin təcrübə və xalqa arxalanması - çətinliklərin dəf edilməsində mühüm səfərbəredici amildir.
İndi ölkəmiz və xalqımız aparılan iqtisadi islahatların nəticələrindən yetərincə bəhrələnir. Bu gün Azərbaycan iqtisadiyyatının dünyada ən stabil mövqeyə malik olduğunu və yaxın gələcəkdə yüksək inkişaf etmiş dövlətlər sırasına çıxacağını bütün nüfuzlu beynəlxalq maliyyə qurumları da etiraf edirlər. Prezident İlham Əliyevin siyasi iradəsi və şəxsi əzmkarlığı sayəsində aparılan məqsədyönlü iqtisadi siyasətin nəticəsidir ki, ölkə üzrə orta aylıq əməkhaqları, pensiyalar və müavinətlərin məbləği keçmiş SSRİ respublikaları arasında ən yüksəklərindəndir.
2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş iki Dövlət Proqramının 2011-ci ilədək olan müddətdə icrası ilə əlaqədar nəticələrin təhlili göstərir ki, həmin dövr ərzində ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Həmçinin sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönələn böyük uğurlara yol açmışdır.
Mühüm dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində 2003-2010-cu illərdə ölkəmizdə ümumi daxili məhsul istehsalı hər il orta hesabla 16,3 faiz, ümumilikdə isə 300 faiz - yəni 3 dəfə artmışdır. Qeyri-neft sektorunda bu göstərici 10,3 faiz təşkil edir. 2003-2010-cu illər ərzində adambaşına düşən ümumi daxili məhsul istehsalının artım tempinə görə də Azərbaycan dünya ölkələri sırasında qabaqcıldır. Yoxsulluq göstəricisi 2003-cü ildəki 44,7 faizdən 2011-ci ildə 7,6 faizə enmişdir. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq yeni iş yerləri yaradılıb. Xarici borc ümumi daxili məhsulun cəmi 6 faizini təşkil edir. 2003-2011-ci illərdə ölkə iqtisadiyyatına 100 milyard dollardan çox investisiya qoyulmuşdur. Bir vaxtlar bütünlükdə xarici sərmayədən asılı olan Azərbaycan indi özü xarici ölkələrə investisiya qoyur. Son 8 ildə bizim şirkətlərimiz xarici ölkələrdə müxtəlif layihələrə 5,7 milyard dollar investisiya yatırmışdır. Əsrlər boyu Azərbaycan üçün xarakterik olaraq "xammal bazası" kimi tanınan ölkəmiz indi xarici bazarlara çoxçeşidli məhsullar çıxarır. Özü də onlar təkcə neft və kənd təsərrüfatı məhsullarından ibarət deyil. Bu gün Azərbaycanda istehsal edilən malların sırasında kimya sənayesi məhsulları, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, toxuculuq materialları, plastik kütlə, kauçuk, rezin və s. vardır.
2011-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 40,5 milyard dollar (yaxud ÜDM-in 65%) həcmində olmuşdur. 2003-cü ildən etibarən neftdən gələn gəlirlər və Neft Fondunun ehtiyatları əsasən ölkənin infrastrukturunun inkişafına yönəldilmişdir. Geniş infrastruktur yaradılmış, yollar modernləşdirilmiş, şəhər və qəsəbələrin enerji gücləri artırılmış, telekommunikasiya və informasiya texnologiyaları sıçrayışla inkişaf etmiş, çoxlu sayda məktəb və səhiyyə obyektləri tikilmişdir. Ölkədə insan kapitalına investisiya qoyuluşu artmışdır.
Regionlar demək olar tamamilə elektrik enerjisi ilə təchiz olunmuşdur. Hətta uzun illər enerji problemləri yaşamış Naxçıvan MR artıq bir neçə ildir ki, özü elektrik enerjisi ixrac edir. Respublikamızda güclü elektrik enerjisi sisteminin qurulması ilə istər yaşayış üçün, istər iqtisadi-təsərrüfat fəaliyyəti üçün mühüm amil olan elektrik enerjisi problemi tam həllini tapmışdır. Təkcə son 5 ildə 1500 meqavat gücündə yeni stansiyalar tikilmiş, yaxud bərpa edilmişdir. Hazırda Azərbaycanın enerji gücü 6,5 min meqavatdır. 2013-cü ilin sonunadək daha 1300 meqavat gücün istifadəyə verilməsi nəzərdə tutulur. Respublikamızda istehsal olunan elektrik enerjisi daxili tələbatdan 30 faiz çoxdur. Artıq elektrik enerjisinin fasilələrlə verilməsi aradan qaldırılıb. Üstəlik alternativ külək və günəş enerjisindən də istifadə olunur və onlardan daha geniş istifadə üçün zəruri işlər aparılır.
Yəqin ki, Azərbaycan hələ bundan sonra da uzun müddət dünyada əsasən neft-qaz ölkəsi kimi tanınmaqda davam edəcəkdir. Son hesablamalara görə, ölkəmizdə təsdiqlənmiş karbohidrogen ehtiyatlarının ümumi həcmi 4,6 milyard tondur. Ötən il "Ümid" və "Abşeron" qaz yataqlarının kəşfindən sonra "Şahdəniz" yatağı ilə birlikdə təsdiqlənmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə çatıb. İndi Azərbaycanda proqnozlarla birlikdə təsdiqlənmiş karbohidrogen ehtiyatlarının neft ekvivalentində ümumi həcmi 10 milyard ton təşkil edir. Məhz bu səbəbdən Avropa Birliyi Azərbaycanı özünün enerji təhlükəsizliyinin etibarlı təminatçılarından biri kimi tanıyır və qəbul edir.
Gələn il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni müasir Aerovağzal Kompleksinin və Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi, nəqliyyat sahəsində bütün infrastruktur layihələrinin reallaşması Azərbaycanı bölgənin əsas nəqliyyat dəhlizinə çevirəcəkdir.
Bir mühüm cəhəti də qeyd etmək xüsusilə vacibdir. Erməni separatçılarının hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması həmişə dövlətin, dövlət başçısının diqqət mərkəzində olmuşdur. Son 20 ildə onların sosial problemlərinin həllinə 4 milyard dollara yaxın dövlət vəsaiti xərclənmişdir. Bu vəsaitin 60 faizi ölkəyə rəhbərliyinin ilk günlərindən Azərbaycanda bir dənə də olsa çadır düşərgəsinin qalmayacağını bəyan edən Prezident İlham Əliyevin hakimiyyəti dövrünə düşür. Bu vədə əməl olunaraq, indiyədək qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktura malik 70 qəsəbə salınmışdır, başqa sözlə, 22 min ailə öz mənzil-məişət şəraitini yaxşılaşdırmışdır. Təkcə ötən il 7000-dək məcburi köçkün işlə təmin olunmuşdur.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın artan iqtisadi imkanları torpaqlarının 20 faizi işğal altında olan bir ölkə kimi çox vacib sahədə - ordu quruculuğu istiqamətində və müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsinə əhəmiyyətli baza yaradıb. Bu isə son illərdə hərbi-sənaye sektorunda genişmiqyaslı kompleks islahatların həyata keçirilməsi, həmin sahənin dinamik inkişafı üçün əlverişli zəmin formalaşdırıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi ölkəmizdə güclü hərbi sənaye kompleksinin bazasının daha da möhkəmlənməsinə səbəb olub. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Təsadüfi deyil ki, müstəqillik dövründə, konkret olaraq 1993-cü ilin iyunundan sonra hərbi sahədə həyata keçirilən köklü islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Son illərdə bu sahəyə ayrılan vəsaitin həcminin artırılması xüsusilə vurğulanmalıdır. Belə ki, son 8 ildə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcmi 25 dəfəyədək artırılıb. Müqayisə üçün deyək ki, 2003-cü ildə hərbi sahəyə büdcədən 135 milyon dollar ayrıldığı halda, 2011-ci ildə bu rəqəm 3 milyard 413 milyon olub ki, bu da işğalçı Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. 2012-ci ildə isə ölkəmizin dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsaitin həcmi 3 milyard 474 milyon dollar təşkil edir.
Son illərin iqtisadi uğurlarından danışarkən ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsində qazandığı nailiyyətləri də xüsusi qeyd olunmalıdır. Azərbaycan MDB məkanında sabit telefon şəbəkəsini tam rəqəmləşdirən və bütün ərazisində beynəlxalq standart nömrələmə sisteminə keçən ilk ölkədir. Bu gün Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür. Bu isə ümumdünya orta göstəricisindən təxminən 40 faiz yüksəkdir. Ölkədə internet istifadəçilərinin sıxlığı 50 faizi ötmüşdür. Bu göstərici üzrə də Azərbaycan bölgədə qabaqcıl yerlərdən birini tutur. BMT-nin məlumatına görə, dünyanın 192 ölkəsi arasında elektron hökumətin yaradılmasındakı uğurlarına görə Azərbaycan 83-cü yerdədir. 2020-ci ildə ÜDM strukturunda İKT sahəsi aparıcı rol oynayacaqdır.
Bir sözlə, müstəqil Azərbaycan 20 ildə inanılmaz dərəcədə dəyişilib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə dəf edən respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, ölkə abadlaşır, yaşayış məntəqələri müasirləşir. İri sənaye layihələri həyata keçirilir, o cümlədən, gəmi təmiri zavodu, sement zavodu, su, hava, dəmir yolu təsərrüfatı təzələnir, təmir müəssisələri yaradılır.
İndi Azərbaycan regional məsələlərdə də əsas söz sahiblərindən birinə çevrilmişdir. Regionda strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız reallaşa bilməz. Dünya siyasətinə təsir imkanı olan böyük dövlətlər indi BMT Təhlükəsizlik Şurasının üzvlüyünə böyük səs çoxluğu ilə qəbul edilən Azərbaycan Respublikası ilə hesablaşır, onun rəyi, mövqeyi nəzərə alınır. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümündə ölkə başçısının vurğuladığı kimi, "Xalqımız üçün qürur hissi yaradan, iftixar hissini verən odur ki, o artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var".
Azərbaycan cəmiyyətinin modernləşdirilməsi və ölkənin tərəqqisi naminə Prezident İlham Əliyevin apardığı səmərəli fəaliyyət, yürütdüyü praqmatik siyasət təkcə iqtisadiyyatı deyil, mədəniyyət, idman, təhsil və b. humanitar sahələri də əhatə edir. İlham Əliyevin yeni tipli müasir lider kimi milli ideologiya və milli-mənəvi dəyərlərə baxışı da diqqəti cəlb edir. Dövlət başçısının xalqın mədəniyyətinə, elmə, tarixə, əxlaqi-mənəvi dəyərlərə həssas münasibəti və yüksək qayğısı xalqın öz Prezidentinə inamını, rəğbətini artıran amil olmaqla yanaşı, həm də İlham Əliyevin həqiqətən hər bir azərbaycanlının Prezidenti olduğunu əyani göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü və Prezident İlham Əliyevin inamla tətbiq etdiyi "Azərbaycançılıq" ideologiyası vətəndaşların həyat amalına çevrildikcə hər bir insanın əxlaqına, mənəviyyatına, maddi və mənəvi mədəniyyətinə güclü təsir göstərir. Hər bir vicdanlı Azərbaycan vətəndaşı bu torpağa, vətənə, xalqa mənsubluğu ilə, azərbaycanlıya xas milli-mənəvi dəyərlərə sahib olması ilə fəxr edir!
Yuxarıda sadalanan bütün çoxşaxəli işlərin geniş panoramı - əsası ulu öndər tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyat keçirilən azad, müstəqil Azərbaycanın sürətli inkişafı naminə düşünülmüş strategiyanın praktik nailiyyətlərini göstərir. Bu gün bu strateji xətt üzrə irəliləyən ölkəmizdə sözün həqiqi mənasında əsl intibah yaşanır.
Ötən il iki amilin - dövlətin maliyyə resurslarının və əhalinin şəxsi güzəranının yüksəlməsi - respublikada yeni daha yüksək keyfiyyətli həyat şəraitinin qurulmasını stimullaşdırmışdır. 2011-ci il noyabrın 29-da Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması barədə" sərəncamda da bu hədəflər dəqiq göstərilmişdir. Yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan üçün bu mərhələnin əsas hədəfi - çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasından ibarətdir.
Xüsusilə son onillikdə Azərbaycanda sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin qurulması, iqtisadi və sosial institutların təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş perspektivlər açır. Azərbaycanda iqtisadi islahatların qısa vaxt ərzində böyük uğurla aparılması ölkənin bundan sonrakı inkişafı üçün daha iri layihələr barədə düşünməyə əsas verir. Məsələn, qarşıya qoyulan məqsədə uyğun olaraq Azərbaycan 2020-ci ildə Dünya Bankının və BMT İnkişaf Proqramının hesablamalarına görə, adambaşına düşən ümumi milli gəlirə və əhalinin pul gəlirlərinin həcminə görə ən yüksək inkişaf etmiş ölkələr qrupuna daxil olacaqdır.
Hesablamalara görə, külli miqdarda neft-qaz ehtiyatlarına malik, etibarlı beynəlxalq enerji və nəqliyyat dəhlizi kimi tanınan respublikamızın gələcək İnkişaf Konsepsiyasının aparıcı istiqamətlərindən biri - iqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsidir. Bundan başqa, ölkədə qeyri-neft sektorunun daha yüksək templə inkişafı, Azərbaycan şirkətlərinin xarici dövlətlərdə müxtəlif layihələrə getdikcə daha çox investisiya yatırması da gələcək məqsədlər çərçivəsindədir. Qarşıdakı illərdə təbii ki, ölkəmizin gəlirləri indikindən bir neçə dəfə çox olacaqdır. Bu səbəbdən sözügedən dövrə - 2020-ci ilədək Azərbaycanda ümumi daxili məhsul istehsalının 2 dəfə
artırılması strateji məqsədlərdəndir. Gələcək inkişaf dövrünün hədəflərindən ən vacibi əlbəttə ki, əhalinin rifah halının yüksəldilməsidir. Bunun üçün ölkəmizdə tam etibarlı iqtisadi-sosial baza mövcuddur. Hazırlanacaq 2020-ci ilədək İnkişaf Konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlər də bu məqsədə xidmət baxımından mühüm əhəmiyyət kəsb edir.
2020-ci ilə qədər davam edəcək bu mərhələnin möhkəm, etibarlı bünövrəsini heç şübhəsiz Prezidentin sərəncamında göstərilən müddəalar təşkil edəcəkdir. Odur ki, əminliklə demək olar, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ən yüksək səviyyədə işlənib hazırlanaraq müəyyənləşdiriləcək perspektiv vəzifələr də şübhə yox ki, uğurla həyata keçiriləcək, ölkəmiz daha yüksək məqsədlərə doğru inamla irəliləyərək nəticədə dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxacaqdır. İstər keçmiş İttifaq tərkibində olarkən, istərsə də müstəqillik illərində bir çox tarixi mərhələləri müvəffəqiyyətlə dəf edən Azərbaycan növbəti dövrdə də hədəfə alınmış məqsədlərə çatmaq üçün təkcə təbii sərvətlərindən deyil, həm də intellektual resurslarından, insan kapitalından geniş istifadə edəcəkdir. Mövcud maddi-intellektual potensial xalqın mənafeyinə uyğun realizə olunaraq, hər bir vətəndaşın həyati maraqlarına cavab verən yüksək tərəqqi etmiş müasir cəmiyyət modeli reallaşdırılacaqdır.
Bu yaxınlarda Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında çıxışları zamanı Azərbaycan Prezident İlham Əliyevin dediyi kimi, son 8 ildə müasir Azərbaycanın siması tamamilə dəyişmiş, daim tərəqqi edən yüksək demokratik dəyərlərə sadiq ölkə kimi formalaşmışdır.
Bütün bunlar bizə qətiyyətlə deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında daha firavan günlərə doğru inamla irəliləyən müstəqil Azərbaycanın bütün nailiyyətlərinin bünövrəsində xalqımızın iftixarı, Azərbaycanın xilaskar oğlu, dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın real nəticələri dayanır.
Yaqub EYYUBOV,
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Azərbaycan.-
2012.- 18 aprel.- S. 3.