Siyasi partiyalar haqqında qanuna təklif edilən əlavə və dəyişikliklər siyasi islahatların tərkib hissəsidir

 

Son günlər ən çox müzakirə olunan mövzulardan biri siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlıdır. Əslində, bununla bağlı siyasi dəhlizlərdə diskussiyalar xeyli vaxtdır davam edir. Sadəcə, ötən həftə "Siyasi partiyalar haqqında" qanuna təklif edilən əlavə və dəyişikliklərin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılması bu məsələni gündəmin əsas müzakirə mövzularından birinə çevirdi. Büdcədən maliyyələşməni bütün partiyalar arzulasalar da, bununla bağlı qanuna təklif olunan əlavə və dəyişikliklərə münasibət heç də birmənalı deyil.

"Siyasi partiyalar haqqında" qanuna təklif edilən əlavə və dəyişikliklərin Milli Məclisin növbəti plenar iclasında müzakirə olunacağını nəzərə alaraq siyasi partiyaların təmsilçilərinin və müstəqil ekspertlərin bu məsələyə münasibətini  öyrəndik.

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov əməkdaşımızla söhbətində bildirdi ki,  qanuna təklif olunan dəyişikliklər Azərbaycanda həyata keçirilən siyasi islahatların tərkib hissəsidir. Bu dəyişikliklər Azərbaycanda siyasi partiyaların daha səmərəli fəaliyyəti üçün etibarlı mexanizm yaradır. Ancaq Yeni Azərbaycan Partiyası qanuna edilən dəyişikliklərə əsasən partiyaların maliyyələşdirilməsi prinsipini ədalətsiz hesab edir.

Onun fikrincə, qanuna təklif olunan dövlət maliyyələşməsinin mexanizmi məsələsi siyasi reallıqlara uyğun deyil: "Hazırda parlamentdə 84 deputatın partiya mənsubiyyəti var. Onlar 11 partiyanı təmsil edirlər. Bu 84 nəfərin 71-i YAP üzvüdür. Yerdə qalan 13 deputat 10 partiyanı təmsil edir. YAP-ın deputatlarının sayı parlament üzvlərinin sayının 56,8 faizi qədərdir. Partiyalı deputatların isə 84,15 faizi YAP-çıdır. Mən belə hesab edirəm ki, partiyalar maliyyələşərkən dövlətin ayırdığı vəsaitin 84-85 faizi YAP-a çatmalıdır. Bütün dünyada olduğu kimi, partiyanın deputatlarının sayı əsas götürülməlidir. Layihədəki meyarlar əsas götürülsə, YAP-a dövlət büdcəsindən ayrılan vəsaitin 45,6 faizi çatacaq. Bunu YAP-ın mövqeyi baxımından ədalətli saymırıq".

YAP-ın icra katibinin digər narazılığı isə partiyaların proqramının qeydiyyatı ilə bağlıdır. Layihədə partiyaların proqramının Ədliyyə Nazirliyində qeydiyyatı müddəası yer alıb və göstərilib ki, proqram dəyişdiyi halda Ədliyyə Nazirliyinə müvafiq məlumat verilməlidir: "Proqram partiyanın siyasi fəaliyyəti ilə bağlı məsələdir. Dövri olaraq siyasi hədəflər dəyişə bilər. Ona görə də proqram sənədinin Ədliyyə Nazirliyində qeydiyyatına ehtiyac duymuram".

Əli Əhmədov hesab edir ki, layihədə qanunun pozulmasına görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb olunması müddəası partiyaların məsuliyyətə cəlb olunması müddəası ilə əvəz edilməlidir.

Milli Məclsin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklər mahiyyət etibari ilə Azərbaycanın siyasi sistemində partiyaların yerininrolunun artırılmasına birmənalı şəkildə xidmət edir. Onun fikrincə, qanunda qeyd olunan dəyişikliklər çox ciddi maddələri özündə ehtiva edir. Siyasi partiyaların təsis edilməsi, onun proqramı, partiyaların orqanları və onların ləğv edilməsi haqqında müddəalar yeni redaksiyada təqdim olunub. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi də qanunda kifayət qədər öz əksini tapıb: "Bu qanun artıq siyasi partiyaların fəaliyyətində yeni bir mərhələnin başlanğıcı olacaqsiyasi partiyaların stimullaşdırılmasına da müsbət təsirini göstərəcək".

F.Ağamalı bildirdi ki, qanuna edilən dəyişiklikdə mübahisə doğuran məqamlardan biri partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsidir. Onun sözlərinə görə, Milli Məclisə keçirilən seçkilərdə uğur qazanmayan, xalq arasında etimadını itirən, siyasi fəaliyyətini ancaq küçə yürüşləri, mintinqlər, eləcə də radikal bəyanatlar üzərində quran müxalifət bu qanuna etiraz etməkdədir: "Bu da gözlənilən idi. Çünki onları indiyədək Azərbaycanın həyatında baş verən bütün müsbət dəyişikliklərin inkarçısı kimi çıxış ediblər. İndi isə partiyalarının dövlət tərəfindən ayrılacaq vəsaitə sahib çıxa bilməyəcəyini düşünüb müxtəlif yollara əl atırlar".

Ana Vətən Partiyasının sədri hesab edir ki, partiyaların dövlət büdcəsindən maliyyələşməsi ədalətli yanaşmadır. Ancaq vəsaitin 40 faizinin Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər bölünməsi məsələsində bir qədər düzəlişə ehtiyac var: "Çünki bu gün parlamentdə elə partiyalar var ki, onların ümumi üzvlərinin sayı kifayət qədər deyil və ölkənin 2/3 hissəsini təşkil belə etmirlər. Həmin partiyaların digərləri ilə eyni götürülməsi ədalətli deyil. Qalan məsələlərə isə xüsusi yanaşmaya ehtiyac yoxdur. Diqqətlə hazırlanan, partiyaların fəaliyyətini mükəmməl şəkildə qurmağa xidmət edən bu dəyişikliklər qanunda öz əksini tapıb. Mən bu sənədi ciddi bir qanun kimi qiymətləndirirəm və qanunun qəbulu ilə siyasi partiyaların həyatında, fəaliyyətində yeni mərhələnin başlanacağını əminliklə söyləyə bilərəm".

Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov da  "Siyasi partiyalar haqqında" qanuna edilən əlavə və dəyişiklikləri Azərbaycanın siyasi partiyalarının həyatında yeni bir mərhələ adlandırır. Dəyişiklikləri müsbət dəyərləndirən deputatın sözlərinə görə, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub və müsbət qiymətləndirilib. Milli Məclisin plenar iclasına tövsiyə edilən sənəd parlamentdə təmsil olunan partiyalara bütünlükdə müsbət təsir göstərəcək. İlyas İsmayılov yalnız qanun layihəsinin 16-cı maddəsinin (Siyasi partiyaların ləğv edilməsi) dəyişdirilməsinin tərəfdarıdır: "Mən bu qanuna edilən dəyişikliyi müsbət qiymətləndirirəm və hesab edirəm ki, partiyaların dövlət büdcəsindən maliyyələşməsi Milli Məclisdə təmsil olunan siyasi partiyalara ciddi dəstək verəcək".

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimli də partiyaların dövlət büdcəsindən maliyyələşməsini Azərbaycanın siyasi sferasında yeni bir eranın başlanğıcı kimi qiymətləndirdi. Maliyyələşmənin siyasi partiyaların fəaliyyətinə müsbət təsir göstərəcəyini deyən deputat inanır ki, bu proses ölkəmizdəki demokratiyanın daha da inkişafına öz müsbət təsirini göstərəcək. Eyni zamanda, siyasi partiyaların sahib olduqları gücü ortaya çıxaracaq: "Ölkəmizdə kifayət qədər elektoratı olub, ancaq maliyyə baxımından sıxıntı keçirən partiyalarla yanaşı heç bir üzvü olmayan, siyasi proseslərə təsir göstərə bilməyən qurumlar da var. Eyni zamanda, kənardan maliyyələşən partiyalar da mövcuddur. Ona görə də maliyyələşmə məsələsinin ciddi müzakirəyə ehtiyacı varbu məsələdə ortaq məxrəc tapılmalıdır. Çünki elə partiyalar var ki, parlamentdə çoxluq təşkil edir, digər partiyalar isə Milli Məclisdə azlıq təşkil etməsinə baxmayaraq, ictimai siyasi proseslərdə fəal iştirak edir. Elə partiyada var ki, heç bir elektoratı yoxdur. Təbii ki, böyük və kifayət qədər elektoratı olan, ictimai-siyasi proseslərə təsir göstərən partiyalar bu məsələdə fərqlənməlidir. Ciddi araşdırmalar aparılmalı, say tərkibi müəyyənləşməlidir. Bütün bunlar nəzərə alınmalıdır".

Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı isə bildirdi ki, "Siyasi partiyalar haqqında" qanun üzərində aparılan düzəlişlər,  konseptual baxımdan məqsədəuyğun hesab olunur. Ancaq Sosial Rifah Partiyası bəzi şərtlərlə razı deyil: "Qanunda göstərilir ki, maliyyə vəsaitinin ümumi məbləğinin 10 faizi seçkilərdə az səs toplamış siyasi partiyalar üçün nəzərdə tutulub. İrəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini  qazanan, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünəcək. Büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanacaq. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürüləcəkdir". Onun sözlərinə görə, bəzi partiyalar vəsait almaq üçün ən azı 3 faiz səs toplamağa çalışacaq. Bu isə narahatçılıq yaradır. Digər vəsaitlərə gəlincə isə Xanhüseyn Kazımlı hesab edir ki, maliyyənin 50 faizi parlamentdə təmsil olunan partiyalar üçün, 40 faizi isə üzvlərin sayına görə çoxluq təşkil edən partiyalara verilməlidir.

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev mətbuata açıqlamasında qanuna edilən dəyişiklikləri mütərəqqi hesab etdiyini söyləyib. Onun fikrincə, bu, Azərbaycanda siyasi islahatların genişləndirilməsi istiqamətində atılan addımdır: "Prezident İlham Əliyev parlamentdəki çıxışında ölkədə siyasi sistemin gücləndirilməsinin zəruriliyini vurğulayıb. AVRONEST-in sonuncu iclasında da bildirib ki, ölkənin siyasi sistemi gücləndirilməli, siyasi partiyaların inkişafı üçün müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, bu düzəlişlərin edilməsində əsas məqsəd siyasi sistemin gücləndirilməsidir. Siyasi sistemin gücləndirilməsi isə yalnız partiyaların inkişafından keçir".

BAXCP sədrinin fikrincə, siyasi partiyalar arasında vəsaitin bölüşdürülməsi məsələsi elə həll olunmalıdır ki, narazılıq yaranmasın. Qanuna görə, ayrılacaq vəsaitin 40 faizi parlamentdəki partiyalar arasında bərabər bölüşdürüləcək. Q.Həsənquliyev isə bu məbləğin ümumi vəsaitin 60 faizi miqdarında göstərilməsini təklif edir: "Vəsaitin 10 faizi parlamentdən kənarda qalan və 3 faizdən çox səs toplayan siyasi partiyalara veriləcək ki, bu faizi toplayan partiyalar olmayacağı təqdirdə həmin 10 faizin də parlamentdəki partiyalar arasında bərabər bölüşdürülməsi məqbul olardı. Yerdə qalan 30 faiz isə partiyaların parlamentdəki yerlərinin sayına görə, bölüşdürülə bilər. Yəni, mövcud reallıq nəzərə alınmalıdır. Ona görə ki, partiyalar xətti ilə parlamentə seçilən deputatların 84,5 faizini YAP üzvləri təşkil edir və ayrılacaq vəsaitin 84,5 faizi də həmin partiyaya çatacaq. İndiki halda 40 faiz 11 partiya arasında bölünəndə isə bu partiyalara əhəmiyyətli vəsait düşməyəcək. Artıq YAP-dan da mütərəqqi təklif daxil olub ki, seçki kampaniyaları dövründə bu vəsait 2-3 dəfə artırıla bilər. Başqa ölkələrin təcrübəsində də bu var. Çünki seçki kampaniyası əlavə vəsait tələb edir. Biz də YAP-ın bu təklifini dəstəklədik".     

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov  isə deyir ki, parlamentdə bitərəf deputat kimi təmsil olunsa da "Siyasi partiyalar haqqında" qanuna edilən əlavə və dəyişiklikləri müsbət qiymətləndirir: "Əgər bir dövlət demokratiyanın inkişafında maraqlı olsa, mütləq şəkildə partiyalar möhkəmlənməlidir. Müasir politologiyada belə bir ifadə var ki, partiyalar olmadığı yerdə demokratiya yoxdur. Əgər yeni dəyişikliklə partiyalar dövlət büdcəsindən maliyyələşəcəklərsə, bunu ancaq müsbət qiymətləndirmək olar".

Deputat bildirdi ki, dövlət tərəfindən ayrılacaq vəsait partiyaların inkişafına xeyli kömək göstərəcək. Onun fikrincə, əgər partiyalar dövlət büdcəsindən ayrılacaq vəsaiti almaq üçün Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edərək digər partiyalarla rəqabətə girəcəklərsə təmsilçilik hüququ qazanmaq istəyəcəklərsə, bu, onların özlərinə mənfi təsir göstərəcək: "Partiyalar dövlətdən pul almaq üçün yaradılmır. Partiyalar ictimai maraqları ifadə edən bir subyekdir. Onların öz maraqlarını həyata keçirmək üçün öz məqsədləri olmalıdır. Heç bir partiyanın məqsədi parlamentə düşərək büdcədən vəsait əldə etmək olmamalıdır".

Siyasi İnnovasiya Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, bu proses ölkəmizdə demokratiyanın inkişafına çox ciddi dəstəkdir. Onun sözlərinə görə, Azərbaycanda sürətli inkişaf gedir artıq cəmiyyətdə olan bütün infrastruktur nəzarətə götürülür: "Vaxtilə ölkədə dövlət orqanlarının maliyyələşdirilməsi problemi vardı. İndi isə dövlət gücləndikdə, əvvəlcə Qeyri Hökumət Təşklatlarının (QHT), sonra Kütləvi İnformasiya Vasitələrinin (KİV) ən nəhayət, siyasi partiyaların maliyyələşməsini həyata keçirir. Bu, dövlətin iqtisadi gücünün artdığını sübut edən bir reallıqdır".

Mübariz Əhmədoğlu bildirdi ki, hələ Azərbaycan Respublikası Prezidenti yanında QHT Fondu yaradılanda uzun müzakirələr aparılıb. Hətta QHT-lərin dövlətin təsir altına düşəcəyini deyənlər olub: "Ancaq heç baş vermədi. Dövlət hər il vəsait ayırır hər şey öz qaydasında gedir. Elə başa düşürəm ki, indi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı çıxanlar bir müddətdən sonra yalnış fikirdə olduqlarını anlayacaqlar. Biləcəklər ki, əslində Azərbaycan Prezidentinin əsas məqsədi cəmiyyətimizdə, ölkəmizdə demokratiyanı inkişaf etdirməkdir. Bu vaxta qədər QHT-lər, mətbuat siyasi partiyalar xaricdən maliyyələşirdi həmin ölkələrin marağına xidmət etməyə məcbur olurdu. İndi isə Azərbaycanda çoxpartiyalılığın başlanğıcına start verilir".

Politoloq hesab edir ki, bu qanun yetişməkdə olan gənc nəsil üçün mühüm bir sənəddir. Çünki bu qanunun qəbulundan sonra gənclər Azərbaycan dövlətinin partiyalara verdiyi önəmi hiss edəcək və ölkədə ədavət, qarşıdurma yaradanlar ortalıqdan çəkiləcək. Partiya yaratmaq istəyən gənc öz ətrafını toplayıb partiyanın konsepsiyası, platformasını hazırlayaraq ciddi işlərlə məşğul olacaq: "Bizim dövlətçiliyə, mentalitetə uyğun qanun budurgec-tez dövlət belə inkişafa nail olacaq, cəmiyyət tərəfindən də dəstək alacaq. Hesab edirəm ki, bu qanunun qəbulu Azərbaycanın ictimai-siyasi həyatı üçün kifayət qədər mühüm hadisədir. Bu, bəlkə də təkcə 2012-ci il üçün yox, 5-10 ilin mühüm hadisələri sırasına düşəcək ki, Azərbaycanda ictimai-siyasi həyatda belə bir qanunun müsbət rolu oldu".          

Ekspert Arzuman Muradlının sözlərinə görə, hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. Arada ötən 20 ildə ölkəmiz dəyişib, inkişaf edib. Bizim əksər qanunlarımız Avropa standartlarına uyğunlaşıb. Bu mənada, sözügedən qanuna da əlavə və dəyişikliklərin edilməsi vaxtı artıq çatıb. Hazırda bununla bağlı Milli Məclisin müzakirəsinə təqdim olunan təkliflərin qüvvəyə minməsi siyasi partiyaların fəaliyyəti ilə bağlı hüquqi qanunvericiliyi daha da təkmilləşdirəcək.

Qanuna təklif olunan əsas dəyişikliklərdən biri olan partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsinə gəlincə, Arzuman Muradlı dedi ki, bu, Azərbaycan dövlətinin siyasi partiyalara göstərdiyi dəstək siyasətini daha da genişləndirmək niyyətindən xəbər verir.  Ən əsası dövlət tərəfindən maliyyələşmə partiyalarda maliyyə məsələləri ilə bağlı şəffaflığa gətirib çıxaracaq: "Hazırda qüvvədə olan müddəalara görə, siyasi partiyalar ildə bir dəfədən az olmayaraq gəlirləri və xərcləri, bütövlükdə maliyyə durumu  barədə hesabat verməlidir. Lakin indiyə qədər Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya maliyyə hesabatı verməyib. Partiyalar dövlət tərəfindən maliyyələşəndə isə hesabatların verilməsi məcburi xarakter daşıyacaq. Təbii ki, şəffaflıq olacaqsa, partiyaların maliyyələşməsində də heç bir problem yaranmayacaq".

Müsahibimiz onu da qeyd etdi ki, dövlət tərəfindən maliyyələşmə ilə bağlı qanuna təklif olunan əlavə və dəyişikliklər təmsil etdiyi Yeni Azərbaycan Partiyasının mövqeyi baxımından ədalətli deyil. Çünki YAP hazırda Milli Məclisdə 71 deputatla təmsil olunur. Digər partiyaların isə 13 üzvü var. Deməli, YAP-ın ayrılacaq vəsaitin daha çox hissəsini almağa haqqı var. Amma təklif olunan maliyyələşmə mexanizminə əsasən dövlətin ayıracağı vəsaitin yarıdan çoxu digər partiyalara düşəcək. Ona görə hesab edirəm ki, maliyyələşmə məsələsində Milli Məclisdə çox təmsilçisi olan partiya ilə cəmi bir üzvü olan partiyanın eyniləşdirilməsi ədalətli deyil.

 

 

Rəşad CƏFƏRLİ,

 

Rəşad BAXŞƏLİYEV

 

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 4.