Azərbaycanda bütün millətlərin, bütün
dinlərin nümayəndələri bir
ailə kimi yaşayır
Bu fikirləri Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2012-ci ilin
birinci rübünün
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasda
bildirib
Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan etmişdir. Bununla yanaşı, respublikamızda dinə dövlət qayğısı bu gün də qabarıq hiss olunur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də təqdir olunmaqdadır.
Prezident İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli və dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir. Ölkə başçısı son 9 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Hazırda Şamaxı Cümə məscidində böyük təmir-tikinti işləri həyata keçirilməkdədir. Gəncədəki İmamzadə tarixi-dini kompleksində yenidənqurma işləri gedir. Bu yaxınlarda Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidən qurulmasından sonra açılışı olmuşdur.
Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamalarının, ölkədəki bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsinin təminatçısı, vətəndaşların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə fəaliyyətin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyədək dini zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icması öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Prezident İlham Əliyev bildirmişdi: "Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşdır. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. Heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək və verilmir. Bunun qarantı mənəm - Azərbaycan Prezidenti! Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıbdır və olmayacaqdır. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilər ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni ki, müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür. Məhz buna görə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dinlərarası, mədəniyyətlərarası, millətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir. Biz istəyirik ki, dünya ictimaiyyəti də bizim təcrübəmizi bilsin və harada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir".
1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edilmişdir. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi müxtəlif dini icmaların qanunla müəyyənləşmiş qaydada fəaliyyətinə geniş imkanlar açmışdır. Bu sahədə dövlət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Dini İşlər üzrə Dövlət Komitəsi yaradılmışdır. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inanclarının, habelə vicdan azadlığının əleyhinə heç bir addım atılmamışdır. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri dini və milli mənsubiyyətindən asılı olmayaraq, özlərini tamhüququlu vətəndaşlar kimi hiss edirlər. Azərbaycan çoxmillətli ölkə olaraq burada yaşayan bütün xalqların nümayəndələri üçün bərabər şərait yaradıbdır. Ölkəmizin bütün bölgələrində, o cümlədən milli azlıqların yaşadıqları regionlarda da sürətli inkişaf gedir, sosial və iqtisadi problemlər uğurla həll olunur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: "Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda multikulturalizm yaşayır. Bunu biz yaşadırıq və yaşadacağıq. Multikulturalizmin iflasa uğradığını deyən siyasətçilər islamofobiya dəyirmanına su tökmüş olurlar. Bu, çox təhlükəli meyldir. XX əsrdə buna bənzər meyillər nəyə gətirib çıxardığını biz unutmamışıq".
Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkə başçısı bu qənaətdədir ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunmasını çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir.
Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun və İSESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.
Son illər fondun səyləri ilə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İƏT-nin 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda, tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.
Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.
Elnur HACALIYEV
Azərbaycan.- 2012.- 18 aprel.- S. 4.