Azərbaycan və
Çexiya respublikaları
arasındakı əlaqələr çox
dinamik şəkildə və sürətlə
inkişaf edir
Bu fikirləri Prezident İlham Əliyev Çexiya Respublikasına dövlət səfəri zamanı bildirib
Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verdiyi Avropa ölkələrindən biri də Çexiyadır. Çexiya Respublikası ilə bütün strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın ildən-ilə genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.
Azərbaycan ilə Çexiya arasındakı münasibətlər istər ölkələrimizin sosialist sisteminə daxil olduğu dövrdə, istərsə də müasir mərhələdə ənənəvi dostluq xarakteri daşıyır. Ölkəmiz müstəqillik qazandıqdan sonra iki dövlət arasında əlaqələrin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Hər iki Avropa ölkəsi arasında əməkdaşlığın inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Çexiyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Çexiya Respublikası Azərbaycanın mustəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 29 yanvar 1993-cü ildə qurulmuşdur. 11 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın Çexiyada səfirliyinin təsis olunmasına dair qanun qəbul etmişdir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Avropa ölkələri ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Həmin dövrdən etibarən Çexiya ilə də münasibətlərin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Azərbaycan və Çexiya aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edirlər. Rəsmi Praqa Azərbaycanın Avropanın siyasi və iqtisadi həyatında getdikcə daha böyük rol oynayan Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə ciddi dəstək verir. Eyni zamanda, rəsmi Bakı Çexiya ilə bu cür əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atır.
Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Əldə edilən nəticələr deməyə əsas verir ki, Çexiya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir. Rəsmi Praqa Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Çexiya Respublikasına dövlət səfəri əməkdaşlığın uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Ölkə başçılarının görüşündə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunmuşdur. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğu qeyd edilmiş, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Prezident İlham Əliyev və Çexiyanın dövlət başçısı Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş təkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanma mərasimi keçirilmişdir.
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş", "Milli Azərbaycan Tarixi Muzeyinin və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu" və "M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Çexiya Respublikasının Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandum"u imzalanmışdır.
Prezident İlham Əliyevin Çexiya Respublikasına səfəri zamanı imzalanmış bu sənədlər iqtisadi əməkdaşlığın gücləndirilməsinə, bərabərlik, qarşılıqlı etimad, tərəfdaşlıq və dostluq prinsiplərinə söykənir. Səfər zamanı imzalanmış müxtəlif razılaşmalar iqtisadi əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev birgə mətbuat konfransında bildirmişdir: "Mən çox şadam ki, Çexiya Respublikası ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir. Keçən il Sizin ölkəmizə dövlət səfəriniz və səfər zamanı apardığımız danışıqlar, əldə edilmiş razılaşmalar bugünkü sürətli inkişafı müəyyən etmişdir. Bizim siyasi əlaqələrimiz çox sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun əyani sübutudur. Keçən illə müqayisədə ticarət dövriyyəmiz bir neçə dəfə artmışdır. Bu da iqtisadi sahədəki uğurlu əməkdaşlıqdan xəbər verir. Bu gün imzalanan sənədlər mədəniyyət və turizm sektorunu əhatə edir və beləliklə, humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir.
Bu gün eyni zamanda regional məsələlər, regional təhlükəsizlik məsələləri ilə bağlı biz Sizinlə çox səmimi və geniş söhbət aparmışıq. Azərbaycan Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlıq edir. Biz Çexiya Respublikasının bu əməkdaşlığa verdiyi dəstəyi də həmişə yüksək qiymətləndiririk. Eyni zamanda, bu gün enerji təhlükəsizliyi məsələlərinə də diqqət ayrıldı. Bu sahədə aramızdakı əlaqələr çox sürətlə inkişaf edir. Əminəm ki, gələcəkdə bu inkişafın yeni sahələri də açılacaqdır".
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi və mənəvi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır.
Çexiya Prezidenti Vatslav Klaus iki ölkə arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirmişdi: "Çox təqdirəlayiq haldır ki, qarşılıqlı münasibətələrimizin intensivliyi bütün səviyyələrdə artmaqdadır. Buna həm də Praqada və Bakıda nümaynədəliklərimizin açılması, səfirlərin yaxşı işi və iki paytaxt arasında birbaşa hava əlaqəsinin təşkili yardımçı olmuşdur. Bundan əlavə, yüksək səviyyəli qarşılıqlı səfərlərin sayının artmasını və güclənən işgüzar əlaqələri də qeyd etməyə dəyər. Bunların zirvəsi, sözsüz, prezidentlərin dövlət səfərləridir ki, buna misal kimi mənim Bakıya ötənilki səfərimi və Sizin bu gün burada olmağınızı göstərmək olar. Keçən ilin mayında biz Sizin ölkənizin sürətli və dinamik inkişafının şahidi olmaq imkanı əldə etdik. Sizin hazırladığınız və artıq həyata keçirdiyiniz möhtəşəm layihələrlə tanış ola bildik. Çexiya şirkətləri Sizin iqtisadiyyatın inkişafında iştirak etməyə böyük maraq göstərirlər. Artıq sənaye, infrastrukturun yaradılması, texnologiya və avadanlığın, həmçinin istehlak mallarının təchizatı sahələrində uğurlu əməkdaşlıq nümunələri vardır ki, onlara əsaslanaraq ortaya yeni imkanlar çıxara bilərik".
Prezident İlham Əliyevin Çexiya Respublikasına dövlət səfərinin yekunları iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu aşkarlamışdır. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, ən müxtəlif sahələri əhatə edən bir sıra sazişlərin imzalanması iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açmışdır. Ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı daha böyük nəticələrin əldə olunacağına əsas yaradır.
Elnur HACALIYEV
Azərbaycan.- 2012.- 18 aprel.- S. 5.