Avropanın enerji təchizatı üçün
geniş maraq doğuran “Şahdəniz” layihəsinin ikinci mərhələsi
başlanmışdır
ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, aprelin 17-də şirkətin prezidenti Rövnəq Abdullayev bp şirkətinin icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə R.Abdullayev ARDNŞ ilə bp arasında uzun müddət davam edən səmərəli tərəfdaşlıq münasibətlərindən məmnun olduğunu söyləmişdir. Azərbaycanda hər iki şirkətin iştirakı ilə həyata keçirilən bütün neft-qaz layihələrinin uğurlu olduğunu qeyd edən ARDNŞ-in prezidenti bundan sonrakı işlərin də eyni səviyyədə müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
bp şirkətinin icraçı direktoru R.Dadli təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyətinin yüksək səviyyədə həyata keçdiyini söyləmişdir. Rövnəq Abdullayevə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə işlərin tam həcmdə görüldüyünü deyən Robert Dadli aprelin 17-dən Avropanın enerji təchizatı üçün geniş maraq doğuran layihənin 2-ci mərhələsinə başlanıldığını söyləmişdir. O əmin olduğunu bildirmişdir ki, Azərbaycanda həyata keçirilən bütün neft-qaz layihələri kimi, "Şahdəniz-2" layihəsi də uğurla həyata keçiriləcək və Azərbaycan, eləcə də digər maraqlı ölkələrdə istehlakçıların böyük həcmdə təbii qazla təchiz edilməsi probleminin həllinə öz töhfəsini verəcəkdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır
AzərTAc
Azərbaycan.- 2012.- 18 aprel.- S. 5.