ATƏT-in Bakı ofisinin rəhbəri Mingəçevirdə bir sıra tədbirlərdə iştirak etmişdir

 

 ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Azərbaycanın ATƏT-ə üzv olmasının 20-ci ildönümü  münasibətilə aprelin 17-də Mingəçevir şəhərinə səfər etmişdir.

Qonaq əvvəlcə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüş keçirmişdir.

ATƏT-in Bakı ofisinin dəstəyi ilə Mingəçevirdə kiçikorta sahibkarlar üçün Hüquq Məsləhət Mərkəzinin açılış mərasimi olmuşdur. Tədbirdə Koray Tarqayla yanaşı, şəhər rəhbərliyi, sahibkarlar və QHT nümayəndələri də iştirak etmişlər.

Səfir Koray Tarqay çıxışında bildirmişdir ki, bu Hüquq Məsləhət Mərkəzi regionda iqtisadiyyatın davamlı inkişafı, eləcə də kiçikorta sahibkarlığın inkişafı üçün sağlam biznes mühitinin genişləndirilməsinə xidmət edəcəkdir. Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi və regionda qeyri-neft sektorunda gəlirlərin artırılması üçün kiçikorta sahibkarlığın inkişaf etdirilməsi çox vacib amillərdəndir.

Tədbirdə qeyd olunmuşdur ki, ATƏT-in dəstəyi ilə Bakıdan sonra Mingəçevirdə açılan bu mərkəz qadınları da özəl sektorun inkişafına təşviq edəcəkdir.

ATƏT-in bu layihədə tərəfdaşı olan İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova çıxışında kiçikorta sahibkarlığı iqtisadiyyatın mühərriki adlandırmış və  işsizliyin aradan qaldırılmasına xidmət edən belə təşəbbüsləri daim dəstəklədiklərini qeyd etmişdir.

Həmin gün Kür çayının sahilindəki "River Side" otelində "Kiçikorta sahibkarlığın Azərbaycanın iqtisadi inkişafında rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Əlliyə yaxın sahibkarın iştirak etdiyi tədbirdə kiçikorta sahibkarlığın inkişafına şərait yaradan əlverişli mühitin formalaşdırılması, qeydiyyat, vergilər və lisenziyalaşdırma ilə bağlı hüquqi tənzimləmə və digər məsələlər müzakirə edilmiş, adamlarının sualları cavablandırılmışdır. Məlumat verilmişdir ki, bu günədək Mingəçevir şəhərində 3600 kiçikorta sahibkar qeydiyyatdan keçmişdir ki, onlardan 380 nəfəri hüquqi, 3220 nəfəri fiziki şəxslərdir. Hazırda şəhərdə 2600 sahibkar daimi fəaliyyət göstərir. Banklar və müvəkkil kredit təşkilatları tərəfindən yerli sahibkarlara ümumilikdə 18 milyon manat məbləğində kredit verilmişdir.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay səfər proqramının sonunda Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlovla görüş keçirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 5.