Əlil məhbusların və onların ailə üzvlərinin sosial problemlərinin həlli ilə bağlı layihə həyata keçirilir

 

Xəbər verdiyimiz kimi "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (İB) "Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək" layihəsinin icrasına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan layihə ilə bağlı aprelin 17-də "Səs" İnformasiya Agentliyində mətbuat konfransı keçirilmişdir.

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, II qrup əlil Tahir Xudiyev bildirmişdir ki, layihənin əsas məqsədi Azərbaycan Prezidentinin əlil məhkumların və aztəminatlı vətəndaşların sosial müdafiəsi, onların hüquqlarının qorunmasına göstərdiyi yüksək diqqət və qayğıya, ardıcıl siyasətə dəstək vermək, cəmiyyətin diqqətini bu xeyirxah işə yönəltməkdir.

Layihə Bakı şəhərindəki üç cəzaçəkmə müəssisəsində keçiriləcəkdir. Burada əsas məqsədlərindən biri əlil məhkumların,  onların ailələrinin problemləri ilə maraqlanmaq və həmin problemləri aidiyyəti dövlət qurumlarının köməkliyi ilə həll etməkdir. Bununla yanaşı, cəzaçəkmə müəssisələrindəki əlil məhkumların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sağlamlığı, sosial reabilitasiyası, əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparılması, onların cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi də qarşıda duran vəzifələrdəndir.

İnsan hüquqları üzrə müvəkkil aparatının baş məsləhətçisi Müqalib Mahmudov çıxış edərək bildirmişdir ki, layihə çərçivəsində əlil məhkumlara lazımi köməkliklər göstəriləcəkdir. Ombudsman Aparatında bu islahatlara dəstək olaraq İxtisaslaşmış Müşavirlər İnstitutu yaradılmışdır.

Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyaları şöbəsinin əməkdaşı Tural Mirzəyev bildirmişdir ki, hər bir əlil və ya əlil məhkum öz problemi ilə əlaqədar fondun 190 nömrəli qaynar xəttinə müraciət edə bilər. Qeyd olunmuşdur ki, əlil məhkumların pensiya kartları alması üçün lazım olan sənədlərin yığılmasında yaranmış problemlər artıq öz həllini tapmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 5.