Almaniyanın “Handelsblatt” qəzetində “Rusiyadan
olan idxala alternativlər
mövcuddur”
başlıqlı məqalə dərc olunmuşdur
Almaniyanın "Handelsblatt" qəzetinin 10 aprel tarixli nömrəsində Almaniya Bundestaqında CDU/CSU fraksiyasının sədr müavini Mixael Fuksun Azərbaycanın enerji siyasətindən bəhs edən "Rusiyadan olan idxala alternativlər mövcuddur" sərlövhəli məqaləsi dərc olunmuşdur. AzərTAc məqalənin tam tərcüməsini təqdim edir:
"Almaniya iqtisadiyyatı üçün ən böyük təhlükələrdən biri xaricdən xammal və enerji təchizatından birtərəfli asılılıqdır. Bu yaxınlarda Federal kanslerin Monqolustana və xarici işlər naziri Vestervellenin Azərbaycana səfərləri də məhz xammal təchizatının təminatına xidmət edirdi.
Bir neçə həftə bundan əvvəl Rusiyanın yarımdövlət müəssisəsi olan "Qazprom" Almaniyaya ixracatı tələsik olaraq azaltmışdı. Xüsusilə də ölkəmizin enerji təchizatında qətiyyətli dönüşün baş verdiyini nəzərə alaraq çıxarılan dərs bundan ibarətdir: biz Rusiya qazından asılılığımızı azaltmalıyıq. Əks halda tezliklə qaz ehtiyacımızın yarıdan çoxunu bu mənbədən təmin etməli olacağıq.
Etibarlı rəqiblər kimi isə Xəzər bölgəsinin hələ də dünya iqtisadiyyatının kölgəsində unudulmuş ölkələri çıxış edirlər. Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi neft, qaz və digər mühüm xammal resursları ilə zəngin ölkələr bizim enerji və xammal təhlükəsizliyimiz üçün həlledici əhəmiyyətə malik ola bilər. Biz, eyni zamanda, nadir metalları Çindən kənarda əldə etmək imkanını da əldən verməməliyik.
Avropa İttifaqının Cənubi Qafqazda ən mühüm qonşusu və tərəfdaşı Azərbaycandır. Bütün Cənubi Qafqaz iqtisadi gücünün 80 faizi bu ölkənin payına düşür. Qalanını isə Gürcüstan və Ermənistan təşkil edir. Azərbaycan regionda xüsusi əhəmiyyəti olan dövlətdir. Bu ölkə özünün ən çox neft və qazdan ibarət olan potensialı ilə Orta və Mərkəzi Asiyaya körpü rolunu oynayır. Bizə sərf edən budur ki, istər Azərbaycanda, istərsə də Qazaxıstan və Türkmənistanda siyasətçilər Qərbə meyillidirlər.
Keçmiş sovet respublikası olan Azərbaycanın sərvətdən qaynayan, neft və qaz sənayesinin inkişafından qaynaqlanan paytaxtı Bakı şəhərində heç bir şey mümkünsüz deyildir. Hər yerdə dayanmadan tikinti işləri gedir, göydələnlər yüksəlir, bir-birinin ardınca beşulduzlu mehmanxanalar açılır.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin açılışı ilə, eləcə də planlaşdırılan, lakin maliyyə vəsaiti ilə hələ təmin olunmamış nəhəng Nabukko layihəsi Azərbaycanın neft və qaz ixracatçısı olaraq eləcə də Türkmənistan qazı üçün tranzit ölkə kimi əhəmiyyətini xeyli artırmışdır. 2011-ci ildə neft ixracı 29,7 milyon tona (əvvəlki illə müqayisədə 25 faiz artıq), qaz hasilatı isə 54 faiz artaraq 19,4 milyard kubmetrə çatmışdır. Rusiya qazından asılılığımızı aradan qaldırmaq istəyiriksə, Xəzər dənizində, Bakıdan 70 kilometr şərqdə yerləşən və demək olar ki, tükənməz olan "Şahdəniz-2" qaz yatağına bel bağlaya bilərik. Bunu mənə son zamanlar Bakıdakı iqtisadi-siyasi görüşlərdə təsdiqləmişlər.
Azərbaycanın şimal qonşusu Qazaxıstana da daha çox diqqət
yetirmək lazımdır. İnkişafa can atan nəhəng
ölkə - Almaniyadan səkkiz dəfə
böyük olan
Qazaxıstanda cəmi 16 milyon əhali
yaşayır. Faydalı qazıntılarla (neft,
qaz, kömür, xrom, titan, qurğuşun,
sink və nadir metallarla) zəngin Qazaxıstan ilin
əvvəlində Berlində imzalanmış əməkdaşlıq
haqqında sazişdə Almaniyaya texnoloji yardım əvəzində xammal təklif edir. Xammaldan kasad olan Almaniya
üçün bu da mühüm imkanlardan biridir.
Türkmənistan regionun Qərbə çıxış axtaran
üçüncü ölkəsidir. O da neft və qazla
zəngindir, lakin siyasi və infrastruktur sahələrində
çatışmazlıqlar əvvəlki iki ölkə ilə müqayisədə çox
böyükdür. Praktiki tətbiqi
hələ çox uzaqda olsa da,
azad bazar iqtisadiyyatı prinsipi hər halda 2008-ci ildən Türkmənistanın
Konstitusiyasında öz
əksini tapmışdır.
Bütün regionun dünya
bazarlarına çıxışı
və eyni zamanda, Qərb üçün etibarlı
tərəfdaş ola bilməsinin ciddiliyinin sübutu Nabukko layihəsi hesab olunur. Baltik dənizində
"Şimal axını"
kəmərinin ilk qolunun
işə düşməsi
ilə "Qazprom"
tezliklə Almaniyanın
qaz idxalının yarıdan çoxunu verəcəkdir. Əvvəl də
qeyd olunduğu kimi, bu, həddən
artıqdır. Nabukko kəməri
Qərbi Avropa üçün alternativ yaradır. Kəmər Qafqaz qazını
Rusiyadan yan keçməklə, Türkiyə
və Balkanlar üzərindən Mərkəzi
Avropaya daşımalıdır.
Xüsusilə də Avropa
İttifaqı ölkələri
bununla Rusiya qazından müstəqilliyi
artıra və nəticədə bir neçə həftə əvvəl yaşanmış
riskləri azalda bilərdi.
Federal hökumət bu
milyardlar dəyərində
olan layihəni inkişaf etdirmək üçün həm Qərb enerji konsernlərinə, həm
də Avropa İttifaqına dəstək
verməyə çağırılır. Avropa Komissiyasının sədri
Xose Manuel Barrozu və qurumun enerji məsələləri üzrə
komissarı Günter Ottingerin
Bakıya səfərlərinin ardınca ən tez zamanda əməli
işlər də görülməlidir. Çünki
mənə həm də sirr deyildir ki, Qərb Xəzər
dənizi regionuna soyuq
münasibət göstərərsə, bu
ölkələr öz təbii sərvətlərini
Şərqə, məsələn, Çinə ixrac edə bilərlər".
Azərbaycan.- 2012.- 18 aprel.- S. 6.