Tarixin dilsiz
şahidləri
Şuşanın işğalından 20 il ötür
Gözü yolda qalanlar
Düşmən caynağında çırpınan,
pəncəsində saralan
Şuşa! Vaxtilə ümummilli lider Heydər Əliyev onu "Abidələr şəhəri" adlandırmışdı.
Qədim
imarətlər, abidələr,
daş kitabələr,
məbədlər bu yerlərin hüsnünə
özgə bir gözəllik gətirmişdi.
Bənzəri olmayan memarlıq
abidələri Qarabağın
qədim tarixindən xəbər verirdi. Vaxtilə Şuşada 550
qədim yaşayış
binası, 17 bulaq, 15 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə,
2 qəsr, Qala divarları, ümumi uzunluğu 1203 metr daş döşənmiş
küçələr, hamamlar və s. abidələr
mövcud idi. 870 metr uzunluğundakı
Qala divarları tarixi memarlıq və şəhərsalma
mədəniyyətinin simvolu
idi. Qala divarları Şuşaya xüsusi əzəmət
verirdi. Onun hər iki tərəfində olan Gəncə, İrəvan
qapıları şuşalıların
dəyanətini, əzmini,
qəhrəmanlıq mübarizəsini
yaşadırdı. Dəfələrlə yadellilər bu divarları deşik-deşik
etsələr də, onu sərt hücumlara
məruz qoysalar da, şuşalılar sinələrini qalxan edərək şəhərlərini
şərəflə qoruya
bilmişdilər. Bürclərdə, hücrələrdə babalarımızın
qeyrəti, mənliyi daşlaşaraq Şuşanı
alınmaz qalaya çevirmişdi. Şuşada
hər bir ev, küçə,
məscid, əzəmətli
qəsr qalıqları
onun şərəfli
keçmişindən xəbər
verirdi.
1992-ci il mayın
8-də işğala məruz
qalan şəhərin
daş kitabələri
dərin dərələrə
atıldı, abidələr
darmadağın edildi,
yandırıldı, imarətlər
külə döndərildi.
Ən dəhşətlisi
də o idi ki, məscidlərimizə
murdarlıq gətirdilər,
onlar Allah evini dağıtdılar. Halbuki Şuşada
ermənilərə aid heç
bir maddi mədəniyyət abidəsi
olmayıb. 1828-ci il tarixli Türkmənçay müqaviləsindən
sonra XIX yüzilliyin
70-ci illərində kilsə
tikilmişdi. Qafqaz canişininin
göstərişi ilə
tikilən bu kilsəni də öz adlarına çıxmaqdan çəkinməyən
bədəməlli ermənilər
o qədər bədbəxtdirlər
ki, tarixi keçmişlərindən də
xəbərsiz qalıblar.
Bəlkə də əksinə.
Elə bildikləri üçün
oğurluqla, qamarlamaqla,
dağıtmaqla, talan
etməklə, çox
hallarda da öz adlarına çıxmaqla paxıl və kinli ürəklərinə
su səpirlər.
Şuşa memarlıq tarixini araşdırarkən məlum olur ki, buradakı abidələrin tikilməsində məşhur memar Kərbəlayi Səfi xan Qarabağinin böyük xidməti olub. O, yalnız Şuşada deyil, Qarabağın müxtəlif şəhərlərində abidələrin, xüsusilə də dini məbədlərin tikilməsində xüsusi zəhmət çəkib. Onu da qeyd etmək lazımdır ki, Kərbəlayi Səfi xan Qarabaği ilə bərabər Şuşanın nadir istedada, xüsusi qabiliyyətə malik xəttat və nəqqaşları da olub. Xəttat Kərbəlayi Səfərəli bəy, nəqqaş Mir Möhsün Nəvvab, digər memar və sənətçilər də bir növ Kərbəlayi Səfi xan Qarabaği kimi Şuşanın abidələr şəhərinə çevrilməsinə çalışıblar. Rizvan Qarabağlı "Memar Kərbəlayi Səfi xan Qarabaği" adlı kitabında yazıb: "Pənahəli xan, sonra da İbrahim xan Şuşa şəhərinin abadlıq işlərinə xüsusi fikir vermişlər. Şuşanın mərkəzində böyük Cümə məscidi, şəhərin ətrafında qala divarı, Xurşidbanu və Pikə ağanın binaları, Xan bağı deyilən yerdə tikilmiş dəyirman, buzxana, karvansara, bir neçə dükan məhz bu xanlar tərəfindən inşa etdirilmişdi. Onlar təkcə Şuşada deyil, Qalanın ətrafında da qurub-yaradırdılar. Qarqar çayının hər iki sahilində ucaldılan Əskəran qala divarları, müxtəlif məbədlər Qarabağ xanlarının apardığı abadlıq işlərinin tam siyahısı deyil".
Aşağı və Yuxarı Gövhər ağa məscidləri, sözün əsl mənasında, müsəlman Şərqinin əzəmətli və nadir incilərindən sayılırdı. Bu şahanə məbədin sırasında dayanan 17 məscid də şəhərə xüsusi gözəllik və müdriklik gətirirdi.
Şuşa bulaqları memarlıq baxımından da fərqli idi. 1873-cü ildə Xurşidbanu Natəvan tərəfindən Şuşaya çəkilən su kəmərinin nəticəsində bulaq kompleksi yaradıldı. "Xan qızı" bulağı ilə məşhur olan bu çeşməli abidənin 12 daş gözü var idi. Bulağın uzunluğu 15, eni 7, hündürlüyü 4 metr idi.
Şuşada olan Avropa səyyahları, rus şairləri, müxtəlif məqsədlə Azərbaycana gələn xarici ölkə vətəndaşları sonralar bu şəhər haqqında öz təəssüratlarını dilə gətirərək abidələrlə bağlı heyrətlərini gizlədə bilmirdilər. Hətta Avropada belə bir fikir də yayılmışdı ki, Allahla bərabər insanlar Şuşaya təbii gözəllik gətirib. Əgər bu şəhərin təbiəti Allah vergisi idisə, onu əzəmətli, vüqarlı edən abidələrini də məhz şuşalılar yaratmışdı. Zöhrabbəyovların malikanəsi, Mehmandarovların sarayı, Köçərli, Hacı Yusifbəyli, Seyidli, Mamayi, Hacı Mirzəcanlı məhəllələri, Əsəd bəyin imarəti, mülkədar Məşədi Tağının evi, Məşədi Şükrün karvansaraları Şuşaya xüsusi yaraşıq verirdi.
Ulularımızın yaratdıqları keçmişimizdən, adları tarixdə qalan və bəzən unudulan sənətkarlarımızın daş dünyasından xəbər verirdi. Tariximizi sətir-sətir daşlara yazaraq bizlərə canlı sənət abidəsi kimi çatdıran Qənbər Qarabaği, Məşədi Xaspolad, Həsən Təbrizli, Kəblə Əkbər, Məşədi Əliqulu, Məmmədyar kimi ustaların izi, sözü, zəngin mənəvi yaddaşı bu dilsiz salnamələrdə əks olunmuşdur.
Uzun illər Şuşanın tarixi abidələrinin bərpasında, qorunmasında, bununla bağlı muzeyin yaradılmasında memar Tofiq Zeynalovun da xidmətləri danılmaz idi. Məhz onun layihəsi əsasında şəhərin bir neçə yerində qədim ruhlu müasir memarlıq ansamblları yaradılmışdı. Onun layihəsi əsasında yaranan su fəvvarələri gözoxşayırdı.
Sovet dövründə tarixi memarlıq və şəhərsalma abidəsi kimi yüksək bədii əhəmiyyəti nəzərə alınaraq Şuşa Tarixi-Memarlıq Qoruğuna çevrilmişdi. Şəhər ictimaiyyəti, şuşalılar abidələrin qorunmasını, bərpasını diqqət mərkəzində saxlayırdılar. Bir sıra tarixi abidələr dağılıb sıradan çıxmaq təhlükəsi ilə üzləşmişdi. Memarlarımızın məharəti, məhəbbəti sayəsində onlar yenidən həyata qaytarıldı. Bərpa edilən abidələr Şuşaya yenə də gözəllik gətirdi. Ulularımızdan yadigar qalan bu tarixi binaların bəzilərində müxtəlif muzeylər, poeziya evi, şəkil qalereyası, xalçaçılıq sexi yaradıldı. Bütün Azərbaycanda tar, kamança, ud, nağara və s. musiqi alətləri istehsal edən yeganə Şərq Milli Musiqi Alətləri Fabriki də Şuşada fəaliyyət göstərirdi. Xüsusilə də arxeoloji qazıntılar zamanı rayon ərazisində xeyli maddi mədəniyyət sərvətimiz üzə çıxdı. Milli naxışlı bulaqaltı və sütunaltı daşlar, bəzəkli qapı tağları, daş alətlər və s. Şuşadakı oyma sənətinin qeyri-adiliyindən xəbər verirdi. Maraqlıdır ki, vaxtilə Şuşada ən çox işlədilən və sənət nümunəsi kimi diqqətçəkən eyvan daşları olub ki, onlar da mahir sənətkar əli ilə çox məzmunlu və orijinal şəkildə oyulub. Bu bədii oymalı daş abidələrin hansı sənətkar tərəfindən yaradıldığı məlum olmasa da, oradakı milli ornamentlər oyma, yonma, kəsmə işlərini gözəl bilən el sənətkarlarımızın əl işlərindən xəbər verirdi. Onların əlimizdə olan şəkillərinə tamaşa etdikcə bu sənət əsərlərini yaradan babalarımızın rəssamlıq məharətinə, bədii təxəyyülünə heyran olmaya bilmirsən.
İkinci Dünya müharibəsi illərində minlərlə şuşalı əlində silah faşistlərə qarşı çarpışdı. Onların əksəriyyəti bu müharibədə həlak oldu. Vətən uğrunda canını fəda edənlərin xatirəsinə Şuşada abidə ucaldıldı. O cümlədən Şuşanın tarixinə şan-şöhrət gətirən Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeyləri yaradıldı. Onların doğma yurdlarında qoyulan büstləri erməni işğalçıları tərəfindən atəşə tutuldu. Soydaşları kimi indi bu heykəllər də doğma Şuşadan didərgin düşüblər. Sahiblərinin ruhlarını narahatlıqdan qurtarmaq üçün ata-baba ocaqlarına - öz yerlərinə qayıdacaqları o mübarək günün həsrətini çəkirlər. Tarixin bu dilsiz şahidlərinin gözləri yollarda qalıb.
Şuşa Azərbaycanın
ən iri turist və kurort mərkəzi idi. Burada istirahət evləri, sanatoriya, mehmanxana, pansionatlar tikilmişdi. 1979-cu ildə Cıdır düzünə gedən yolun sol tərəfində
Molla Pənah Vaqifə hündürlüyü
18 metrdən çox olan əzəmətli məqbərə ucaldılmışdı.
Babalarımızdan yadigar qalan bir sıra məscidlər
əsaslı təmir
edilmişdi. İşğaldan
əvvəl yenidən
həyata qaytarılan
Şuşa Mamayi məscidi, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məbədi şəhərə xüsusi
gözəllik gətirirdi.
Yalnız qartalların qalxa biləcəyi bir ucalıqda qərar tutan Şuşanı erməni faşistlərinin
işğal etməsi
bizi çox ağrıdır. 20 ildir bu dərd bizi
öldürür, amma
əvvəl-axır qələbə
bizimdir:
Ömrü azdır bu möhnətin,
Yad əllərdə qalmaz
Şuşam!..
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 18 aprel.- S. 7.