Sivilizasiya jurnalının ilk nömrəsi çapdan çıxıb

 

  Azərbaycan dövri mətbuatının cərgəsinə bir nəşr də əlavə olunub. Bakı Avrasiya Universitetinin "Sivilizasiya" adlı elmi-nəzəri, praktik jurnalının ilk sayı çapdan çıxıb. Dərginin əsas məramı dünya sivilizasiyalarının inkişaf qanunauyğunluqları, Azərbaycanın ədəbi, fəlsəfi fikrinin bəşər mədəniyyəti ilə qarşılıqlı əlaqələri, müasir qloballaşma şəraitində etnos və xalqların milli-mənəvi, əxlaqi dəyərlərinin üzləşdiyi problemlər və s. barədə oxuculara geniş məlumat verməkdir.

Nəşrin ilk nömrəsində fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin "Biososial sintez və şumer təfəkkürünün üfüqlərində sossublimasiya", hüquq elmləri doktoru Nazim Cəfərlinin "Miqayisəli hüququn tədrisi məsələlərinə dair", filologiya elmləri doktoru Fəxrəddin Veysəllinin "Qloballaşma və mədəniyyətlərarası ünsiyyətdə qlobal dil problemləri", tarix elmləri namizədi Aqşin Mehdiyevin "Azərbaycan Avropa Şurası yollarında", fəlsəfə elmləri namizədi Rövşən Hacıyevin "Ümumbəşər tarixi inkişafın müasir vektoru", pedaqogika üzrə elmlər doktoru Nazilə Abdullazadənin "Qloballaşma və əxlaqi-mənəvi dəyərlərin qorunması" adlı məqalələri və digər yazılar dərc olunmuşdur.

"Sivilizasiya" jurnalı Azərbaycan, rus və ingilis dillərində nəşr olunur və əsasən respublika ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti və tələbələri arasında pulsuz yayılır.

 

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 8.