Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Ali Radasının sədri Vladimir Litvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Ukrayna Ali Radasının sədri Vladimir Litvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğuladı. İqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edən Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin razılıq doğurduğunu dedi. Ölkələrimizin parlament nümayəndə heyətlərinin beynəlxalq strukturlarda, o cümlədən Avropa Şurasındakı fəaliyyətinin əhəmiyyətini qeyd edən  dövlət başçısı bu yaxınlarda Avronest Parlament Assambleyasının sessiyasının Bakıda keçirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin parlamentlərinin "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində də uğurlu əməkdaşlıq etdiyinibu əməkdaşlığın Azərbaycan-Ukrayna çoxtərəfli əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyini dedi. Dövlət başçısı Ukrayna Ali Radasının sədri Vladimir Litvinin ölkəmizə səfərinin uğurlu olacağına və ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Ukrayna Ali Radasının sədri Vladimir Litvin Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən böyük şərəf hissi keçirdiyini dedi. Vladimir Litvin Ukraynanın ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu vurğuladı. Ukrayna Ali Radasının sədri Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 1.