Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanın ən qədim maddi mədəniyyət nümunələri içərisində Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksinin özünəməxsus yeri vardır. Neolit dövrünə aid bu yaşayış məskəni tariximizin öyrənilməsi və eləcə də respublikamızda turizmin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Göytəpə arxeoloji kompleksində aşkar olunmuş tikililərin bərpası və konservasiyası, habelə aparılan elmi tədqiqat işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Göytəpə arxeoloji kompleksi ərazisində Azərbaycan Milli Elmlər Akademiyası yanında Göytəpə Arxeoloji Parkı yaradılsın.

2. Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı layihələndirmə və tikinti işlərinin başlanılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 1.