Cənubi Qafqaz. 1903-cü il xəritəsinin nəşri haqqında

 

  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların, xəritə və atlasların kütləvi informasiya vasitələrində yayılması halları artmışdır. Belə təxribatların qarşısını almaq və ölkəmiz haqqında düzgün məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 1903-cü ildə Rusiyada tərtib edilmiş "Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda" xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi nəşr olunsun.

2. "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşri üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 225,0 (iki yüz iyirmi beş) min manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2-ci hissəsində nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 1.