Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığa böyük önəm verir

 

  Aprelin 18-də Baş nazir Artur Rasizadə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Baş nazir Artur Rasizadə Azərbaycan hökumətinin FAO ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulamış, təşkilatın Avropa üzrə növbəti regional konfransının Bakıda keçirilməsi qərarını yüksək qiymətləndirmişdir. Dünya əhalisinin sürətlə artdığı bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsinin kəskin şəkildə hiss olunduğunu, bunun ümumbəşəri bir problem olduğunu diqqətə çatdıran Baş nazir FAO tərəfindən gələcəkdə regionun ehtiyaclarına daha çox cavab vermək üçün konfransın müəyyən rol oynayacağından əminlik ifadə etmişdir.

Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafı ilə əlaqədar dövlətin həyata keçirdiyi tədbirlər barədə qonaqlara məlumat verən A.Rasizadə ölkənin aqrar sektorunda ulu öndər Heydər Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin bu gün də uğurla davam etdirildiyini bildirmişdir. Kənd Təsərrüfatının inkişafına Prezident İlham Əliyevin xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan Baş nazir bildirmişdir ki, aqrar sahənin əsas inkişaf istiqamətləri əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına, regionların sosial-iqtisadi inkişafına və yoxsulluğun azaldılmasına dair dövlət proqramlarında öz əksini tapmışdır. Bu proqramlar çərçivəsində həyata keçirilən tədbirlər sayəsində kənd təsərrüfatında ümumdaxili məhsul son illər xeyli artmış, yoxsulluğun səviyyəsi dəfələrlə azalmışdır. Baş nazir həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar və güzəştli kreditlərin də verildiyini diqqətə çatdırmışdır.

FAO-nun Avropa üzrə 28-ci regional konfransının Bakıda keçirilməsi üçün lazımi şərait yaratdığına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Joze Qratsiano da Silva tədbirdə 46 ölkədən 300-dək nümayəndənin iştirak etdiyini bildirmişdir. Konfransda müxtəlif ölkələrin nazirlərinin, nazir müavinlərinin və səfirlərin iştirak etdiyini deyən baş direktor, bunu BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycanın artan beynəlxalq nüfuzunun sübutu kimi qiymətləndirmişdir. O, regional konfransın əsas məqsədinin 2013-cü il üçün

FAO-nun region üzrə İş Proqramının və büdcəsinin təsdiqi, kənd təsərrüfatı, meşəçilik və balıqçılığın inkişafının 2014-2015-ci illər üçün prioritetlərin müəyyənləşdirilməsi olduğunu demişdir. Baş direktor konfrans çərçivəsində "Regionda ərzaq təhlükəsizliyi üzrə siyasətlər, bu sahədə perspektivlər və çətinliklər - 2050-ci ildə ərzağın vəziyyəti" mövzusunda nazirlərin keçirəcəyi "dəyirmi masa"da ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı xüsusi tövsiyələr, institusional dəyişikliklər  barədə sənədlərin qəbul ediləcəyini də bildirmişdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 2.