Milli Məclisdə “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” qanun
layihəsi ilə əlaqədar dinləmələr keçirilmişdir
Aprelin 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsi ilə əlaqədar dinləmələr keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin, Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin, BMT-nin İnkişaf Proqramının və ATƏT-in Bakı ofisinin, qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının nümayəndələri, müstəqil ekspertlər iştirak etmişlər.
Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov tədbiri açaraq demişdir ki, dinləmələrin təşkilinin əsas məqsədi ekoloji problemlərin həlli, xüsusən də ətraf mühitə təsir ilə bağlı mütəxəssislərin rəy və təklifləri əsasında adıçəkilən qanun layihəsini daha da təkmilləşdirməkdir. Tədbirdə səslənən fikirlər qanun layihəsi ilə bağlı yaradılmış işçi qrup tərəfindən bir daha nəzərdən keçiriləcək, uyğun gələn təkliflər layihədə əksini tapacaqdır.
BMT-nin İnkişaf Proqramının rəhbəri Fikrət Akçura belə bir qanun layihəsinin hazırlanmasını yüksək qiymətləndirmiş və demişdir ki, bu sənədi qəbul etməklə Azərbaycan təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Asiya regionunda birinci olacaqdır.
Azərbaycanın uğurlarından danışan F.Akçura ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini yüksək qiymətləndirmişdir.
Sonra BMT-nin ətraf mühit sahəsi üzrə beynəlxalq eksperti Martin Smutnı "Ətraf mühitə təsirin qiymətləndirilməsi qanunvericiliyi sahəsində Avropa təcrübəsi" mövzusunda məruzə ilə çıxış etmişdir. Avropada ətraf mühitə böyük təsir göstərəcəyi ehtimal edilən layihələrin həyata keçirilməsi qaydaları, bu sahədə fəaliyyətin əlaqələndirilməsi, ətraf mühitə təsirin nəticələrinin qiymətləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır.
Qanun layihəsinin əhəmiyyətindən danışan M.Smutnı qeyd etmişdir ki, sənəd insan sağlamlığına mənfi təsir göstərəcək məsələlərin həllinə, əhalinin rifahının gücləndirilməsinə, bioloji müxtəlifliyin mühafizəsinin təmin edilməsinə və ekoloji sistemin reproduktiv bacarığının qorunmasına xidmət edəcəkdir.
Sonra Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri sektorunun müdiri Şamil Hüseynov layihə ilə bağlı ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, bu sənəd ətraf mühitlə əlaqədar həyata keçiriləcək layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edəcək, habelə bu sahədə münasibətləri tənzimləyəcəkdir.
Daha sonra layihə ilə bağlı çıxışlar olmuş, Azərbaycan hökumətinin ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlər, yaradılmış qanunvericilik bazası barədə məruzələr dinlənilmişdir.
Sonda Milli Məclis Aparatının rəhbəri
Səfa Mirzəyev "Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında" qanun layihəsinin ölkəmizdə
bu sahədə həyata keçirilən
işlərə təkan verəcəyini
vurğulamış, işçi qrupa uğurlar
arzulamışdır.
Azərbaycan.- 2012.- 19 aprel.- S. 2.