Bu gün Azərbaycan
sivilizasiyalararası və mədəniyyətlərarası dialoq üzrə tanınmış mərkəzdir
Aprelin 13-də Moskvada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Rusiya Federasiyasının dünya şöhrətli Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adının verilməsi ilə bağlı mərasim keçirilmişdir.
Fəxri professorun mantiyası, döş nişanı və diplomu təqdim edildikdən sonra Mehriban xanım Əliyeva çıxış etmişdir.
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın çıxışı
- Hörmətli Pyotr Vitalyeviç!
Hörmətli müəllimlər, hörmətli professorlar!
Əziz dostlar və həmkarlar!
Hər şeydən əvvəl Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə, həmçinin elmi ictimaiyyətinə və şəxsən cənab rektor, sizə, mənə universitetin Fəxri professoru adının verilməsinə görə dərin minnətdarlığımı bildirirəm.
Bu gün doğma universitetin divarları arasında olmaq mənim üçün çox sevindiricidir. Düşünürəm ki, mən onu əvvəlki kimi, "Bizim universitet" adlandıra bilərəm. Bu təhsil müəssisəsi ilə məni təkcə tələbəlik illərim və gələcək peşəm olan həkimliyə ilk addımlarım deyil, həmçinin gənclik xatirələri, Moskvada yaşadığım çox maraqlı illər bağlayır. Bu illərdə tamamilə yeni biliklər dünyası açılır, gələcək peşə müəyyənləşir, intellektual potensial formalaşır. Sözsüz ki, bu illər ərzində universitetdə çox şey dəyişib. Hətta universitetin adı dəyişib, yeni auditoriyalar, mühazirə zalları, laboratoriyalar, tədris vəsaitləri, müasir təhsil texnologiyaları yaradılıb. Ancaq mən tam əminəm ki, təhsil müəssisəsinin əsası olan yüksək maarifçilik əhval-ruhiyyəsi qorunub saxlanılıb. Əminəm ki, əvvəllər olduğu kimi, indi də burada tələbkarlıqla nəvaziş, elmi nüfuz, ənənə, demokratiya və fundamentallıq bir arada mövcuddur.
Rus dilində çox gözəl ifadə var - "mənim universitetlərim". Bu ifadə yalnız
professional hazırlıq anlayışı
deyildir. O, daha geniş mənalıdır.
Bu, hər şeydən
əvvəl həyat məktəbi, həyat prinsiplərinin və milli-mənəvi dəyərlərin
müəyyən edilməsidir.
Mən doğrudan da, çox fəxr edirəm ki, tələbəlik illərim Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin divarları arasında keçib. Mən burada yalnız
nəzəri və praktiki biliklərə yiyələnməmişəm. Həkimlik xüsusi peşədir.
Bu, ruh və
qəlb peşəsidir.
Bu, dərdə şərik olmaq və şəfqət elmidir. Bu, insanların
halına yanmaq, ehtiyacı olanlara əl uzatmaq peşəsidir. Bu, altruizmdir. Mənim həyatım elə
gətirib ki, artıq çoxdandır öz peşəmlə məşğul olmuram.
Amma fəaliyyətimin hər bir sahəsində, xüsusən də Heydər Əliyev Fondunun prezidenti vəzifəsində mən
məhz bu prinsiplərə, bu əsasa arxalanmağa çalışıram.
Əziz dostlar, mən bu gün sizə ölkəmiz barədə, başçılıq etdiyim Heydər Əliyev Fondu haqqında bir qədər danışmaq istəyirəm. Müstəqil dövlət kimi biz çox gəncik. Ötən il biz Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd etdik. Lakin Azərbaycan zəngin və qədim tarixə malik olan ölkədir. Bilirsiniz ki, ölkəmiz coğrafi cəhətdən Avropa ilə Asiyanın qovuşuğunda, Böyük İpək Yolunun üstündə yerləşir. Əsrlər boyu ölkəmizin ərazisində müxtəlif sivilizasiyalar və mədəniyyətlər formalaşaraq bir-birinə qarışıb. Əlbəttə ki, bütün bunlar xalqımızın tolerantlıq, dözümlülük, qonaqpərvərlik kimi keyfiyyətlərinin formalaşmasına təsir göstərib.
Bu gün müasir Azərbaycanın ərazisində müxtəlif millətlərə, dinlərə mənsub insanlar dinc yanaşı yaşayırlar. Əgər ölkəmizin müasir, ən yeni tarixinə nəzər salsaq, əminliklə deyə bilərəm ki, biz çox böyük nəticələrə nail olmuşuq. Bu gün Azərbaycan regionda aparıcı ölkədir. İqtisadi artım templərinə görə ölkəmiz artıq bir neçə ildir ki, dünyada lider mövqeyi tutur. Cənubi Qafqaz ölkələrinin ümumi iqtisadiyyatının 80 faizi, məhz, Azərbaycanın payına düşür. Bütün iri regional layihələr də ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilir. Son 10 il ərzində ölkədə 3 mindən çox məktəb tikilib, təmir edilib, 900 mindən çox yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 49 faizdən 8 faizə enib. Bununla yanaşı, Azərbaycanda sosialyönümlü siyasət aparılır. Bayaq dediyim kimi, məktəblər təmir olunur, yeni uşaq bağçaları və məktəb binaları tikilir. Son 10 il ərzində Azərbaycanda 400 yeni tibb obyekti inşa edilib. Bunlar böyük tibbi mərkəzlər, klinikalar, müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, poliklinikalar, ambulatoriyalardır. Onlardan 300-ü regionlarda tikilib. Qeyd etmək istəyirəm ki, tibb obyektlərinin sayına və tibbi avadanlığın keyfiyyətinə görə ölkəmiz postsovet məkanında lider mövqedədir. Son illər ərzində orta yaş həddi 71 yaşdan 73 yaşa kimi artıb. Uşaq ölümünü əhəmiyyətli dərəcədə azaltmaq mümkün olub. Təbii artım 13,5 faiz təşkil edib ki, bu da Avropada ən yüksək göstəricidir. Bu gün ana və uşaqların qorunmasına böyük diqqət yetirilir. Ölkədə yeni perinatal mərkəzlər yaradılır. Kliniki uşaq xəstəxanaları yenidən təchiz olunur. Bunun nəticəsində biz uşaq ölümünün azalmasının şahidi oluruq. Ölkədə yoluxucu xəstəliklərin profilaktikasına böyük diqqət yetirilir. Əgər müstəqilliyin ilk illərində Azərbaycan bu cəhətdən xoşagəlməz məkanlardan sayılırdısa, bu gün altı yaşadək uşaqların immunlaşdırılması 97 faiz təşkil edir. Bunun nəticəsində yoluxucu xəstəliklərin demək olar ki, kökü kəsilib, yaxud çox nadir hallarda təsadüf olunur.
Ölkəmizdə 40-dək Olimpiya İdman Mərkəzi tikilib. Sözsüz ki, bu, idman hərəkatının inkişafına kömək etməklə yanaşı, həm də gənclərin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Bizim ölkə isə həqiqətən gəncdir. Əgər statistikaya nəzər yetirsək, ölkə əhalisinin 66 faizi 35 yaşa qədərdir ki, onların da 33 faizi 14 yaşdan 29 yaş arasındadır. Şübhəsiz ki, bu, mühüm əhəmiyyət kəsb edir. Çünki gənc nəsil bu gün təkcə cəmiyyətimizin bir hissəsi deyil, onlar ölkəmizin gələcəyidir. Ölkəmizin gələcəyi onların fiziki, mənəvi, ruhi sağlamlığının necə olmasından asılıdır.
Artıq dediyim kimi, ölkəmizdə gedən inkişafı, əslində, bütün sahələrdə görmək olar. Ən vacibi isə odur ki, inkişaf təkcə paytaxtda deyil, regionlarda da gedir. Ölkədə regionların inkişafı üzrə xüsusi proqram fəaliyyət göstərir. Bu da paytaxtla ölkənin digər şəhərləri arasındakı fərqi tarazlamağa kömək edir.
Bu gün Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə artıq tanınmış mərkəzdir. Hər il paytaxtımızda iri beynəlxalq konfranslar, bu mövzulara həsr olunmuş forumlar keçirilir. 2010-cu ildə Bakıda ilk dəfə olaraq böyük uğurla Birinci Rusiya-Azərbaycan Humanitar Forumu keçirildi. Bu tədbir illik beynəlxalq humanitar foruma çevrilmişdir. Bununla yanaşı, həmin aktual mövzuya həsr olunmuş digər konfranslar, forumlar da keçirilir. Çünki hamımıza məlumdur ki, mürəkkəb dünyada yaşayırıq. Buna görə də məhz humanitar əlaqələrin, elm, təhsil sahəsində əlaqələrin inkişafı vacibdir. Çünki bu, adamların bir-birilərini daha yaxşı başa düşməyə, tanımağa kömək edir.
Hörmətli dostlar, mənim başçılıq etdiyim Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Fondun yaradıldığı ilk günlərdən biz fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirmişik. Bunlar təhsil, səhiyyə, gənc nəslə yardım, ətraf mühitin mühafizəsi, Azərbaycanın zəngin mədəni irsinin təbliği, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq sahələri ilə bağlı layihələrdir. Biz fəxr edirik ki, "Yeni Azərbaycana yeni məktəblər" layihəsi çərçivəsində fondun dəstəyi ilə ölkədə 200 məktəb binası tikilib. Əsasən bu məktəblər regionlarda, ucqar kəndlərdə inşa edilib. Sonralar bu təşəbbüsü dövlət də dəstəklədi. Son 7 ildə ölkədə 3 min məktəb tikildi və yenidən quruldu.
Səhiyyə həmişə fondumuzun diqqət mərkəzində olub. Biz bu sahədə xeyli layihə həyata keçirmişik. Onların arasında müxtəlif ürək-damar xəstəliklərindən, o cümlədən ürək çatışmazlığından əziyyət çəkən, dayaq-hərəkət aparatı problemləri olan uşaqlara kömək layihələrini göstərmək olar.
Fondun "Talassemiyasız həyat" proqramı çərçivəsində Bakıda Talassemiya Mərkəzi yaradılıb. Bu mərkəz regionda sümük iliyinin köçürülməsi mümkün olduğu ən müasir avadanlıqla təchiz edilmiş yeganə tibb müəssisəsidir. "Diabetdən əziyyət çəkən uşaqlara kömək!" layihəsi çərçivəsində biz hər il 14 yaşa qədər diabetdən əziyyət çəkən uşaqları pulsuz zəruri dərmanlarla təmin edirik. Eləcə də biz onların asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif tədbirlər, istirahət zonaları təşkil edirik.
Həmçinin Heydər Əliyev Fondu regionda ilk dəfə olaraq BMT-nin İnkişaf Proqramı ilə birlikdə görmə qabiliyyəti zəif olan uşaqlar və böyüklər üçün informasiya-kommunikasiya texnologiyalarını öyrənmələrindən ötrü yardım göstərir. Bakıda müasir mərkəz yaradılıb, bu kateqoriyadan olan insanlar üçün burada ən müasir kompyuter sistemləri quraşdırılıb. Bu ildən regionlarda da belə mərkəzlərin tikilməsinə başlanıb.
Keçən il fondumuz Rostropoviç-Vişnevskaya Fonduna "Hamilə qadınlarda yoluxucu hepatitin profilaktikası, B hepatit ilə yeni doğulanlar" Proqramına maddi yardım göstərib.
Rusiyanın NİKOİL şirkəti ilə birgə bizim paytaxtda Oriqami Mərkəzi tikilib. Bu mərkəz də ən müasir tibbi avadanlıqla təchiz olunub. Orada fəaliyyət və uşaqların təhsili üçün ən yeni texnologiyalardan istifadə olunur.
Qeyd etməliyəm ki, fondumuz müxtəlif tibbi problemlər, patologiyalarla bağlı insanlara istər ölkədə, istərsə də xaricdə - həm MDB, həm Avropa ölkələrində, həm də ABŞ-da müalicə olunmaq üçün çox böyük dəstək göstərir.
Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyəti bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Biz Dünya Səhiyyə Təşkilatı, UNESCO, BMT ilə sıx əməkdaşlıq edirik. Bu təşkilatlardan xeyli təşəkkür almışıq. Fondumuzda xüsusi və demək olar ki, ilk qəbul etdiyimiz bir proqram vardır. Buna əsasən, Azərbaycan ərazisindəki bütün uşaq evləri və internat məktəbləri fondun dəstəyi ilə əsaslı şəkildə bərpa və təmir olunub. Bu gün biz deyə bilərik ki, Azərbaycan ərazisində belə müəssisələrin maddi-texniki bazası ilə bağlı heç bir problem yoxdur. Heydər Əliyev Fondu ölkənin daxilindəki fəaliyyəti ilə yanaşı, xaricdə də layihələr həyata keçirir. Biz Pakistanda, Haitidə təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım göstərmişik. Fondun köməyi ilə Müzəffərabadda - zəlzələdən daha çox zərər çəkmiş şəhərdə qızlar üçün məktəb inşa olundu. Biz Rumıniyada daşqınlardan zərər çəkmiş insanlara kömək etmişik. Biz Rusiya ilə, buradakı tərəfdaşlarımızla, ilk növbədə, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birlikdə bir çox birgə layihələr həyata keçiririk. "Onkoloji xəstəliklərin milliyyəti yoxdur", "Əmin ol ki, sağlamsan", "Gənclər QİÇS və narkomaniyaya qarşı" kimi layihələr buna nümunədir.
Hörmətli dostlar, mən bir çox layihənin adını çəkdim. Bu layihələrin hər birinin arxasında konkret talelər, konkret insanlar, bəzən xilas edilmiş həyatlar durur. Bu, əlbəttə ki, təşkilatımızın fəaliyyətində vacib məsələdir. Fəaliyyət göstərdiyi səkkiz il ərzində Heydər Əliyev Fondu xeyli layihələr həyata keçirib. Mən indi daha çox səhiyyə, təhsil sahəsindəki layihələrdən danışdım. Biz mədəni irsin qorunmasına böyük diqqət yetiririk. Ölkədə tarixi, dini abidələrin bərpası və yenidən qurulması həyata keçirilir. Bundan başqa, gənclərə böyük dəstək göstəririk. Ətraf mühitin qorunması üzrə proqram və digər layihələr mövcuddur.
Mən fondun fəaliyyəti haqqında çox danışa bilərəm. Çünki fondun çoxşaxəli fəaliyyəti vardır. Sadəcə, istəyirdim ki, bizim fəaliyyətimiz haqqında müəyyən təsəvvür olsun.
Bugünkü tədbirə gəldikdə isə, qonaqpərvərliyə və məni Fəxri professor adı ilə təltif etdiyinizə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən burada həmkarlarımı görürəm. Çoxdan sizi görmürdüm. Çox şadam ki, bu gün buradasınız. Bununla yanaşı, demək istəyirəm ki, bu gün mənim üçün əlamətdardır. Çünki indi mən doğma universitetimin divarları, həmkarlarımın arasındayam.
Bu gün səhər mən, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun "Birliyin ulduzları" mükafatı ilə təltif olundum. Ona görə də mənim üçün ikiqat bayramdır. "Birliyin ulduzları" mükafatının maddi hissəsi də vardır. Burada olarkən, istəyirəm ki, doğma universitetimin elmi bazasına az da olsa öz töhfəmi verim. Mükafatın 2 milyon rubl dəyərində olan maddi hissəsini Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetin hesabına köçürürəm. Əminəm ki, burada elmi araşdırmalar aparılır və bu, əlbəttə, mənim kiçik töhfəm olacaqdır.
Bununla yanaşı, demək istəyirəm ki, - artıq rektor da qeyd etdi, - universitet ilə bizim fond arasında əməkdaşlıq vardır. Mən bir daha qeyd etmək istəyirəm ki, bizim fond istənilən növ birgə fəaliyyət üçün açıqdır. Biz birgə layihələri, o cümlədən ənənəvi dostluq münasibətləri olan və ümumi keçmişə, tarixə malik olduğumuz Rusiya ilə birgə layihələri alqışlayırıq. Bu mənada mən hər cür əməkdaşlığa hazıram.
Sonda bir daha hamınıza təşəkkür etmək və sizi Azərbaycana dəvət etmək istəyirəm. Çünki çox şey danışmaq və eşitmək olar. Düşünürəm ki, gözlə görmək daha yaxşıdır. Buyurun Azərbaycana gəlin!
AzərTAc
Azərbaycan.- 2012.- 19 aprel.- S. 3.