“Bizim jurnalistikada yazıb,
sonra düşünmək təcrübəsi
güclüdür”
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov "Media forum"
saytının suallarını cavablandırıb.
Diffamasiya qanununun
qəbul edilməsinə hazır deyilik
- Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı"nda 2012-ci il ərzində "Diffamasiya haqqında" qanun qəbul etmək tövsiyəsi də var. Diffamasiyaya dair qanun hazırlanırmı?
- Bu, elə-belə qanun hesab olunmur və onu bir gündə qəbul etmək mümkün deyil. Prezident Administrasiyası və Mətbuat Şurası "Diffamasiya haqqında" qanunla bağlı birgə fəaliyyət həyata keçirir. Fəaliyyətin bir hissəsi ondan ibarətdir ki, Azərbaycan cəmiyyətini, jurnalistləri diffamasiyaya hazırlamalıyıq. İşin digər hissəsi xarici ölkələrdə tətbiq olunan diffamasiya nümunələrinin, diffamasiyaya dair qanun qəbul olunandan sonra yaranan vəziyyətin, ölkələrin diffamasiya qanunlarının öyrənilməsindən ibarətdir. Bütün bunlardan sonra Azərbaycanda diffamasiya qanunu hazırlanacaq. Bu istiqamətdə iş gedir və xeyli iş də görülüb. Ən azından Mətbuat Şurası müxtəlif jurnalist qurumları ilə birlikdə qanun layihəsi hazırlayıb. ATƏT-in Bakı ofisinin, Prezident Administrasiyasının, QHT-lərin, mətbuat orqanlarından baş redaktorların, jurnalistlərin iştirakı ilə həmin layihə bir dəfə müzakirə olunub. Layihə ilə bağlı müəyyən tövsiyələr də irəli sürülüb, onun yenidən işlənməsi üçün təkliflər verilib.
Amma cəmiyyətin, mətbuatın diffamasiyaya hazırlanması sahəsindəki işlər zaman tələb edir və bura müəyyən sərmayə lazımdır. Bu istiqamətdə həm Prezident Administrasiyasının, həm Mətbuat Şurasının, həm də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə iştirakı və ya onların ayrı-ayrı təklifləri ilə yerlərdə jurnalist peşəkarlığı, jurnalist fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər davam etməkdədir.
- Diffamasiya qanununda üç maraqlı tərəf götürmək olar: Azərbaycan dövləti, cəmiyyəti və mətbuatı. Bunlardan hansı qanunun qəbul edilməsinə hazır deyil? Yaxud hamısı hazırdır, sadəcə, texniki problemlər var?
- Mənə elə gəlir ki, hazırkı vəziyyətdə heç bir tərəf qanunu qəbul etməyə hazır deyil. Düzdür, hər üçü müəyyən iradə nümayiş etdirir ki, hazırdır, yaxud buna baxa bilər. Amma bu gün bütövlükdə Azərbaycan mediası yazılanların hamısının məsuliyyətini, o cümlədən ayrı-ayrı insanların, təşkilatların şərəf və ləyaqəti ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə hazır deyil. Təəssüflər olsun ki, hələ də bizim jurnalistikada yazıb, sonra düşünmək təcrübəsi güclüdür. Jurnalistlərdə düşünüb yazmaq praktikası zəifdir. Yazıb, sonra məsuliyyət hissi keçirmək meyli daha güclüdür, nəinki məsuliyyəti anlayıb sonra yazmaq.
Təşkilatlar, bütövlükdə cəmiyyətimiz mediada onlar haqqında yazılan tənqidlərə dözüm nümayiş etdirməyə, yaxud bununla bağlı məhkəməyə üz tutmadan keçinməyə hazır deyil. Yəni mətbuata dözümlü olmağa hazır deyil. Son günlər cəmiyyətimizdə yaşanan proseslər də bunu göstərir ki, hüququ pozulan, şərəf və ləyaqəti tapdanan və haqqında böhtan uydurulan instansiya - istər dövlət qulluqçusu olsun, istər adi vətəndaş, yaxud ziyalı, ya da müxalifət partiyasının sədri, bəzən hətta qəzet redaktoru da - birinci yol kimi dərhal məhkəməyə müraciət etməyi seçir. Belə faktları əsas götürəndə aydınlaşır ki, cəmiyyət bu qanunun qəbul edilməsinə hazır deyil.
O ki qaldı dövlətə, dövlət bu qanunun qəbul edilməsində daha çox maraqlıdır. Çünki dövlət istəyir media bu məsuliyyəti öz üzərinə götürsün, cəmiyyət medianın yazdığına daha dözümlü olsun, nəticədə dövlət də bu sahədə tənqidə daha az məruz qalsın. O anlamda ki, bəzən diffamasiya məsələsi olmayanda məhkəmənin çıxardığı qərarlar dövlətin, hakimiyyətin adına yazılır. Media ilə bağlı istənilən neqativ hal nəticədə hakimiyyətin, dövlətin imicinə bəlli ləkə salır. Mən hesab edirəm ki, biz diffamasiya qanununun qəbul edilməsinə hazır deyilik, lakin əsas odur ki, bu istiqamətdə fəaliyyətə başlamışıq. Cənab Prezident İlham Əliyev öz iradəsini ortaya qoyub ki, əgər dünya ölkələri buna gedirsə, Azərbaycan da buna gedəcək. Lakin dünyada bunun vahid standartı olmalı, vahid yanaşma forması yaranmalıdır. Bir ölkədə bu siyasət xatirinə, başqa dövlətdə isə təzyiq xatirinə olmamalıdır.
- Dünyadakı durum necədir? Dünya ilə Azərbaycan arasındakı əsas fərq nədən ibarətdir?
- Müqayisədə götürdükdə təxminən
oxşar vəziyyətdir. Diffamasiyanı qəbul edən bir
çox ölkədə sonradan diffamasiya əleyhinə ciddi
ictimai fikirlər yaranmağa başlanıb, hətta bəziləri
qanunun fəaliyyətini dayandırıb da. Yaxud da elə
ölkələr var ki, diffamasiya haqqında qanunu qəbul
etmir, heç qəbul etmək haqqında
düşünmür də. Amma bir moratorium qoyublar ki, yazıya görə jurnalistlər
həbs edilməsin. Bu ölkələr
sırasında Azərbaycan da var. 2005-ci ildən indiyə kimi
Azərbaycanda heç bir jurnalist yazdığı yazıya
görə həbs olunmayıb. Jurnalistlərin
ayrı-ayrı fəaliyyətlərə görə həbs
olunması, cinayət məsuliyyətinə cəlb edilməsi
halları var, amma heç bir jurnalist yazdığı
yazıya görə həbs edilməyib. 2005-ci
ilə qədər yazısına görə həbs olunan
jurnalistlər isə əfv olunublar. Bu
gün Azərbaycanda beynəlxalq aləmlə oxşarlıq
var.
- Belə
olan halda Azərbaycan jurnalistləri bu məsələni nə
vaxt qanun formasında görə biləcəklər?
- Bunu demək
çətindir. Yenə də bu ondan
asılıdır ki, jurnalistlər özlərini necə
aparacaqlar, öz peşəkarlıqlarına, qəbul etdikləri
əxlaq kodeksinə necə yanaşacaqlar və cəmiyyət
jurnalistlərin tənqidlərinə, o cümlədən təhqir
və böhtanlarına necə münasibət bəsləyəcək.
Mən burada məsələnin ən çətin
tərəfini - əxlaq kodeksinin fəaliyyətə daxil
olması məsələsini önə çəkmək istəyirəm.
Bu kodeks Azərbaycan jurnalistlərinin qurultayında səs
çoxluğu ilə qəbul edilib, amma heç kim gündəlik fəaliyyətində onu nəzərə
almaq istəmir, hətta bəzi qəzet rəhbərləri
"Mətbuat Şurası kimdir ki, onun qəbul etdiyi kodekslə
işləyim" deyir. Bu kodeks Mətbuat
Şurasının deyil axı. O, Azərbaycan mətbuatının,
jurnalistlərin kodeksidir. Ən çətini
budur. Bu kodeks işləyəndən sonra
düşünürəm ki, cəmiyyət jurnalistlərimizdən
daha ölçülü-biçili, daha nizamlı,
başqasının şərəf və ləyaqətinə,
imicinə daha sayğılı münasibət görəcək.
Düşünürəm ki, bundan sonra məhkəmələrə
müraciət praktikası getdikcə zəifləyəcək,
sonda da diffamasiya mühitinin Azərbaycanda formalaşmasına
səbəb olacaq.
Bakı
şəhərinin mərkəzində heç bir yerdən qəzet
köşkü götürülməyib
- Xeyli müddətdir qəzetlər,
xüsusən də gündəlik çıxan və
satış dövriyyəsi böyük olan mətbuat
orqanları qəzet satışı ilə bağlı
problemlə üzləşib. Həmin qəzetlərin
rəhbərləri bu problemi həll etmək
üçün danışıqlar aparırlar. Eyni zamanda Mətbuat Şurası paytaxtın mərkəzindən
köşklərin yığışdırılmasına
aydınlıq gətirilməsi, qəzet satışına
normal şərait yaradılması üçün Bakı
Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bu problemin həlli yolu varmı? Ümumiyyətlə, qəzet köşkləri niyə
götürülür?
- Cənab Prezident İlham Əliyevin
tapşırığı əsasında mən bu məsələ
ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti,
eləcə də bir sıra yerli icra hakimiyyəti
orqanları ilə müzakirələr aparmışam. Bakı şəhərinin
mərkəzində heç bir yerdən qəzet
köşkü götürülməyib. Nə
"Qasid"in köşkləri, nə "Azərmətbuatyayımı"nın, nə də
"Qaya"nın. Əvvəlki illərdə
Bakıda qəzet köşklərinin yerdəyişməsinə
dair müəyyən hallar olmuşdu, amma son illərdə,
demək olar ki, bir dənə də köşk götürülməyib.
Sadəcə olaraq, yeri dəyişdirilib. Misal üçün, Bakı Şəhər
İcra Hakimiyyəti şəhərin mərkəzində istər
"Qasid"in, istərsə də digər firmaların qəzet
köşklərini yeniləyir.
"Paris-köşk" adlanan yeni köşklər qoyulur və
ola bilsin ki, bu yeni köşklərdə qəzet-jurnal
satışı nizama düşməyib. Amma
nizama düşmək üzrədir və mən hər
gün onların fəaliyyəti ilə bağlı monitorinq
aparıram, bu fəaliyyət tənzimlənir.
Şəhər ətrafında, o cümlədən
rayonlarda əvvəlki köşklər qalır. Bəzi
köşklərin yeri dəyişdirilib, şəhərin
abadlığı, küçələrin genişləndirilməsi,
yaşıllaşdırılması ilə bağlı belə
hallar olub. Düşünürəm ki, bu
ilin sonuna qədər köşklərin bütün ölkə
üzrə tam yenilənməsi və sayının da adekvat vəziyyətə
gətirilməsi prosesi tamamlanacaq. Ümumiyyətlə,
digər problemlər varsa, bunlar öyrənilir və aradan
qaldırılır.
- Yəni
bu hansısa planlı şəkildə qəzet
satışına mane olmaq deyil?
- Qətiyyən.
Azərbaycanda söz, mətbuat, məlumat
azadlığı dövlətin prioritet siyasətlərindən
biridir. Azərbaycan dövləti
bunlarsız nə özünü təsəvvür edir, nə
də öz cəmiyyətini.
Əcnəbi teleserialların kəsilməsi
bizim üçün itki olmayacaq
-
Mayın 1-dən Azərbaycan televiziyalarında xarici
teleserialların yayımı dayandırılacaq. Bəzi ekspertlər hesab edirlər ki, bu,
televiziyaların fəaliyyətinə mənfi təsir
göstərəcək. Sizcə, belədirmi?
-
Bilirsiniz ki, bu qərara bir ilə yaxındır
hazırlaşırıq. Azərbaycan Prezidenti
cənab İlham Əliyevin sərəncamı ilə milli
serial çəkilişini stimullaşdırmaq və dəstəkləmək
məqsədilə televiziya şirkətlərinə
xüsusi qrant ayrılıb. Bu qrant da ona
yönəlib ki, xarici teleserialların yayımı
dayandırılanda yarana biləcək müəyyən efir
boşluğu kompensasiya olunsun. Gec-tez
bütün sivil ölkələr kimi Azərbaycan
televiziyaları da milli mentalitetə uyğun teleserial çəkilişinə
başlamalı idi. Bəziləri
başlayıb, bəziləri başlamaqdadır. Düşünürəm ki, gec-tez biz buna
başlamalı idik. Bütün dünya
ölkələrində teleseriallar millidir.
Əlbəttə, müəyyən xarici filmlər də
olur. Amma balans yaradılmalıdır. Təəssüf ki, Azərbaycan televiziyaları
arasında elə bir yarış gedir, səhərdən
axşama qədər xarici ölkələrin Azərbaycan
mentalitetinə, mənəviyyatına zidd teleserialları
göstərilir. Düzdür, bu filmlər
Azərbaycan dilində səsləndirilir, lakin fərqi yoxdur,
yenə də bizim mentalitetə uyğun gəlməyən
filmlərdir. Ona görə də mən bu qərarı
dəstəkləyirəm, hesab edirəm ki, may ayının
1-dən əcnəbi teleserialların kəsilməsi bizim
üçün heç bir itki olmayacaq. Buna
görə heç bir televiziyamız bağlanmayacaq.
Vaxtilə
ümummilli lider Heydər Əliyev latın
qrafikasına keçidlə bağlı sərəncam verəndə
də deyirdilər ki, qəzetlər bağlanacaq, problemlər
yaşanacaq. Amma göründüyü kimi,
heç bir problem yaşanmadı. Sonra bəlli
oldu ki, elə ən doğru qərar bu idi. Azərbaycan televiziyaları milli teleserial çəkilişini
nizama salacaq və tamaşaçılar öz
teleseriallarımıza baxacaq.
- Azərbaycan
telekanallarının çoxu Türkiyə serialları
göstərir. Bu teleserialların
yayımının dayandırılması Türkiyə ilə
münasibətlərdə problem yarada bilərmi?
- Mən
hesab etmirəm ki, kanalların çoxu Türkiyə
seriallarını göstərir. İki
televiziyada - İTV-də və "Space"də səhərdən-axşama
qədər Hindistan serialı gedir. Digərlərində
isə Braziliya və Meksika seriallarıdır. Əlbəttə ki, bunların arasında Türkiyə
serialları da var. Düşünmürəm ki, türk
qardaşlarımız Azərbaycanda milli teleserial çəkilişinin
stimullaşmasını özlərinə qarşı
addım kimi qəbul etsinlər. Ən
azından ona görə ki, Türkiyənin Azərbaycanda
birbaşa yayımlanan TRT kanalı var. Orda bu seriallar
dublyajsız və birbaşa gedir. Azərbaycanın
kabel televiziyasında bütün Türkiyə kanalları
var, bu sistem bütün Azərbaycan ərazisinə
yayılır. Yəni vətəndaşlarımız
üçün seçim imkanı var. Milli teleserialın
yaranması, stimullaşması dövlətin siyasətidir.
- Bəs
keyfiyyət necə olacaq? Artıq bir neçəsi
çəkilib. Bəlkə tamaşaçıya
seçim imkanı verilərdi?
- Başa
düşürəm, amma yavaş-yavaş biz öz səviyyəmizi
də tutmalıyıq. Azərbaycanda bu gün
Harvard səviyyəsində universitet qura bilmiriksə, o demək
deyil ki, bütün universitetləri bağlayıb gəncləri
Harvarda göndərməliyik. Zaman-zaman Azərbaycan
teleseriallarının səviyyəsi dünya
teleseriallarının keyfiyyət səviyyəsinə gəlib
çıxacaq. 10 il bundan əvvəl
Türkiyədə Şaban filmləri vardı. Amma
görün 10 il ərzində Türkiyə
teleseriallarının səviyyəsi necə yüksəldi. Qardaş ölkənin bu sahədə əldə
etdiyi uğur bu gün dünya səviyyəsinə
çatıb, Türkiyə serialları dünya serialları
ilə rəqabətə girib. Bu mənada
Azərbaycan yaradıcılığının, Azərbaycanın
kino sənayesinin, dramaturgiyasının yavaş-yavaş
dünya səviyyəsinə çatacağına
inanıram.
Televiziyalar
reytinq arxasınca qaçır
- Cəmiyyətdə
televiziyaların fəaliyyətindən narazılıq var.
Parlamentin iclaslarında da bir neçə dəfə
televiziyalar tənqid olunub. Ziyalılar,
müxalifət partiyaları dəfələrlə
telekanallardan narazılıq edib. Nəhayət,
Nazirlər Kabinetinin 16 aprel tarixli iclasında Prezident İlham Əliyev
televiziyaların fəaliyyətini tənqid etdi. Bu sahədə əsas problem nədir?
- Təəssüf
hissi ilə qeyd edilməlidir ki, Azərbaycan teleməkanında
vəziyyət o qədər də ürəkaçan deyil. Nazirlər Kabinetinin aprelin 16-da keçirilən
iclasında cənab Prezident İlham Əliyev də bu məsələyə
toxundu, mətbəx verilişləri ilə bağlı
mövqeyində bu narazılıq ifadə olundu. Dövlət başçısı həmin
verilişlərdə sağlam qida mədəniyyətinin təbliğ
olunmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, mətbəx verilişlərində bəzən
Azərbaycan mentalitetinə, mətbəx mədəniyyətinə,
dəyərlərinə zidd hallar olur, sağlam qida mədəniyyəti
təbliğ olunmur, əksinə, bu işə xələl gətirilir.
Amma problemlər yalnız bu deyil. Televiziyalarda
çox veriliş var ki, Azərbaycan cəmiyyətinin
ayrı-ayrı təbəqələrini, xüsusən də
ziyalıları, yaradıcı kəsimi qane etmir. Müxtəlif dövrlərdə bunun səbəblərini
araşdırmışıq. Əsas səbəb
odur ki, televiziyalar reytinq arxasınca qaçır. Bəzi hallarda isə onlar yalançı reytinq göstəricilərinin
köləsinə çevrilir. Milli-mənəvi
dəyərlərə, Azərbaycan mentalitetinə, əhalinin
tələbatına, ayrı-ayrı zümrələrin
ehtiyaclarına söykənərək yaxşı verilişlər
yaratmaq, ən yaxşı nümunələri ekrana
çıxarmaq əvəzinə daha çox sensasiya,
bayağı şou arxasınca qaçırlar. Bu da cəmiyyətin haqlı olaraq televiziyalardan
narazı qalmasına gətirib çıxarır və bunu
nümayiş etdirir. Bir daha təkrar edirəm
ki, bu, reytinq məsələsidir.
Artıq dünyada ayrı-ayrı ölkələr
reytinqölçmə kampaniyalarının fəaliyyətinə
müdaxilə edir, onların işinin şəffaflığını
təmin etməyə çalışırlar. Görünür,
biz də zaman-zaman bu işin üzərinə yeriməli
olacağıq. Şəffaflığı,
ölçü meyarları şübhə doğuran, bəzən
müəyyən qrup insanın istək, arzu və
zövqü üzərində qurulan reytinqölçmə
texnologiyası neçə illərdir ki, Azərbaycan
televiziyalarını bayağı şou arxasınca
qaçmağa yönəldir. Bu da bizim
milli mentalitetimizə ziddir. Dövlət
buna dözə bilməz. Problemləri
aradan qaldırmaq üçün yəqin ki, həmin
reytinqölçmə texnologiyalarının üzərinə
gedəcəyik, onların fəaliyyətinin şəffaflaşdırılması
istiqamətində addımlar atacağıq.
- Burada
bir ziddiyyət var. Televiziyalardan narazı olan ekspertlərin,
siyasətçilərin, müxalifət partiyalarının,
QHT-lərin, ziyalıların vəziyyətə ciddi təsir
etmək imkanları yoxdur. Amma onlarla eyni formada narazı olan
hakimiyyət nümayəndələrinin vəziyyətə
müdaxilə, təsir etmək üçün geniş
imkanı və səlahiyyəti var. Çünki
telekanalların sayı çox deyil və onlar hakimiyyətə
bağlıdırlar, müstəqil biznes subyekti olmaqdan
çox ideoloji işi həyata keçirirlər, hakimiyyətlə
siyasi bağlılıqları mövcuddur. Belə
olan halda narazılıq etməkdənsə, vəziyyətə
müdaxilə edib problemləri aradan qaldırmaq daha doğru
olmazmı?
- Əksinə, sizin dediyinizdən tam fərqli olaraq
televiziyalar müstəqil biznes subyektləridir. Onların
hakimiyyətlə bağlılıqları şərti
ölçü və şərti dəyərləndirmədir.
Hər bir televiziya kommersiya strukturu olaraq ilk
növbədə, özünü saxlamalıdır. Əgər kommersiya strukturu özünü maliyyələşdirib
saxlamırsa, onun ideoloji fəaliyyəti yalnız dövlətə
və cəmiyyətə məxsus olur.
Cəmiyyət, dövlət, bütün əhali, idarəçiliyi
həyata keçirən hakimiyyət televiziyaların ideoloji
işinə, onun tərbiyə, mənəviyyatın
qorunması, yaşadılması, təbliğ olunması
funksiyalarına daha çox ehtiyac duysa da, televiziyalar bir
kommersiya strukturu kimi yaranıb. Özəl televiziyalar
fəaliyyətlərini əsasən reytinqli, pul, reklam gətirən
verilişlərə yönəldir. Ona
görə də dövlətin bunlara müdaxiləsi o qədər
də asan deyil. Ola bilər ki, bu, kimlərəsə
asan görünür. Amma belə deyil.
Dövlət nə etməlidir? Ya televiziyaları pulla təmin etməlidir,
onların yaşaması üçün lazım olan vəsaiti
dövlət büdcəsindən ayırmalıdır, ya
televiziyaların özlərini saxlamaq üçün şou
axtarmalarına dözməlidir, ya da televiziyaları
bağlamalıdır. Qoy cəmiyyət bu
üç seçimi bilsin və buna cavab axtarsın.
Biz nə etməliyik? Bundan sonra da
televiziyaların sayını artırıb, bunu bir qədər
də bayağılaşdırmalıyıq, yoxsa bu sahəyə
hansısa bir məhdudlaşdırıcı veto
qoymalıyıq, yaxud özəl televiziyalara dövlət
büdcəsindən ayırmalar olmalıdır və ya
reytinqölçmə mexanizmləri şəffaflaşdırılmalıdır?
Necə olur ki, cəmiyyətin böyük bir
qismini, ziyalıları qane edən veriliş hansısa
reytinqölçmə qrupuna cəlb olunmuş insanları
razı salmır? Hesab edirəm ki, bu məsələlərdə
müəyyən qaranlıq məqamlar var və yəqin ki,
biz bunun üzərinə gedəcəyik.
Partiyaların sayının
çoxalmasındansa, keyfiyyətinin
yaxşılaşması daha əlverişlidir
- "Siyasi partiyalar haqqında" qanuna təklif olunan
dəyişikliklər aprelin 20-də Milli Məclisdə
müzakirəyə çıxarılacaq. Bu layihədə
mübahisə yaradan əsas müddəa partiyaların
dövlətdən maliyyələşməsi mexanizmi ilə
bağlıdır. Təklif olunan mexanizmə
əsasən, ayrılacaq vəsaitin 50 faizinədək hissəsini
hakim Yeni Azərbaycan Partiyası alacaq. Parlamentdə
təmsil olunmayan, amma seçkilərdə 3 faizədək səs
toplayan partiyaların da dövlətdən maliyyə alması
nəzərdə tutulur. Amma hətta belə
olan halda da AXCP, Müsavat Partiyası və digər müxalifət
partiyaları dövlətdən maliyyə dəstəyi ala
bilməyəcək. 3 faizlik baryerin
aşağı salınması mümkündürmü?
- "Siyasi partiyalar haqqında" qanuna təklif olunan
dəyişikliklər layihəsinin müəlliflərindən
biri də mənəm. Dəyişikliklər layihəsini
hazırlayarkən qanunun tək hüquqi anlamını deyil,
həm də onun siyasətini nəzərə
almışıq. Azərbaycanda vətəndaş
cəmiyyəti institutlarının inkişafı, dərinləşdirilməsi,
getdikcə təmərküzləşərək ciddi siyasi
instituta çevrilməsi nəzərə alınıb.
Azərbaycan kimi kiçik dövlətdə
50-dən artıq partiya var. Ona görə də zaman-zaman Azərbaycan
o həddə gəlib çatmalıdır ki, partiya dedikdə
insanların təfəkküründə həqiqi siyasi
institut, hakimiyyəti idarə etməyə qadir, cəmiyyəti
təmsil edə biləcək institut təsəvvür
olunsun. Qanunun siyasətinin mahiyyəti ondan
ibarətdir ki, Azərbaycan cəmiyyətində həm
mövcud vəziyyət, həm də siyasi institutların
perspektivi burada nəzərə alınsın.
Əlbəttə
ki, parlamentdə müxtəlif fikirlər səslənəcək,
layihəyə çox yaxşı əlavələr, təkliflər
də ola bilər. O vaxt Venesiya
Komissiyasında da müxtəlif fikirlər səsləndirilmişdi.
Necə olacaq, nə təhər olacaq, bu,
sonrakı prosesdir.
Dəyişikliklər layihəsində partiyalar
üç yerə ayrılıb. Maliyyələşmə də belə
gedir: hakim partiya - mövcud qalib partiya, yəni hakimiyyətin
bütün strukturunu formalaşdıran, dövlətin idarəçiliyini
həyata keçirən partiya; ikincisi, parlamentdə yer qazanan
digər partiyalar - qanunverici hakimiyyətdə bəlli təmsilçilik
norması olan partiyalar; üçüncüsü, parlamentdə
təmsil olunmayan partiyalar. Biz bu institutları da
unutmamışıq, çünki gələcəkdə
parlamentə düşməyən partiyalar da dərhal özünü
buraxmamalıdır, əksinə, kənarda qalmalarına
müvafiq olaraq birləşməli, qruplaşmalıdır.
Yəni özünəməxsus güc mərkəzinə
çevrilərək növbəti parlamentdə əsas
iddiaçılara çevrilməlidirlər. Ona görə də 3 faizlik baryer bizim
üçün ədalətlidir və dünyada belə məsələdə
bundan aşağı hər hansı rəqəmi təsəvvürümə
də gətirmirəm. 3 faizlik baryeri bu
seçkidə qazana bilməyən partiya gələcək
seçkilərə qədər mütləq başqaları
ilə birləşməli, onların arasında birləşmə
stimulu olmalıdır. Bu da həmin siyasi
partiyanın güclənməsini, fərqli, daha güclü
instituta çevrilməsini təmin etməlidir.
O ki
qaldı 40-50 faiz məsələsinə, bu da parlamentdə
müzakirə olunacaq. Onu deyim ki, bu təkcə
parlamentin indiki tərkibinin strukturuna görə deyil. Yəni
YAP-ın deputatlarının sayının daha çox
olması, buna görə daha çox pul alması, digər
partiyanın isə bir deputatı olduğuna görə az pul alması kimi məqamlar parlamentin indiki tərkibinin
doğurduğu reallıqdır. Biz nəzəri
baxımdan elə götürmüşük ki, növbəti
parlamentdə belə olmaya da bilər. İndiki
göstəricilər 20, 30, 40, 70 faiz miqyasında dəyişə
bilər. Biz dünya ölkələrinin
təcrübəsini əsas götürmüşük.
Həmin təcrübə necədir? Vəsaitin 40-50 faizi qalib partiyaya düşür,
qalanı isə paylanır. Ayrılacaq vəsait
partiyaların ümumi gücünə, say tərkibinə və
cəmiyyətdə kəsb etdiyi əhəmiyyətə, cəmiyyətdə
qəbul olunduğu dəyərə görə
bölündüyündən bunu ədalətli bölgü
kimi qəbul etmək lazımdır.
- Sizcə,
qanunun təzələnməsi Azərbaycanda siyasi müstəvidə
nəyi dəyişəcək?
- Təklif
olunan dəyişikliklər açıqlanıb və
müxtəlif siyasi qüvvələr, düşərgələr
bunu fərqli formalarda dəyərləndirirlər. Dövlət maliyyələşməsinə
düşməyənlər hesab edirlər ki, 3 faizlik kvota
aşağı salınmalıdır və başqa partiyalar
da pul almalıdır. Seçkinin qalibi olan partiya isə
deyir ki, onlara az vəsait düşür, payları daha
çox olmalıdır, ayrılacaq dövlət vəsaitinin
90 faizi onlara verilməlidir, qalan 10 faiz isə digər siyasi təşkilatlar
arasında bölünməlidir. Parlamentə
düşən, amma həddən artıq azlıqda qalan,
bir-iki deputatla təmsil olunan partiyalar düşünürlər
ki, maliyyələşmədə onların payları
artırılmalıdır. Nə qədər
partiya varsa, bir o qədər də fikir var. Siyasi mülahizələrin
çox olması onu göstərir ki, "Siyasi partiyalar
haqqında" qanun üzərində sonsuzluğa qədər
işləmək mümkündür. Amma
dəyişikliklər layihəsi hazırlanarkən burada
yalnız hüquqi normalar, bu günün siyasi
reallıqları nəzərə alınmayıb. Eyni zamanda Azərbaycanın gələcək siyasi
palitrası, burada cərəyan edəcək proseslər nəzərə
alınıb.
Qanunun hüquqi tərəfi və siyasəti var. Təklif
olunan dəyişikliklərdə cəmiyyətin gələcək
siyasi inkişafına, siyasi cəhətdən
strukturlaşmasına və siyasi palitrasına yönəlmiş
addımlar var. Mən bunun mahiyyətini qısaca olaraq belə
diqqətə çatdırardım ki, biz partiyaları
üç qrupa bölmüşük. Bunlar
seçkinin qalibi olan partiyalar, bir qədər səs
toplayıb parlamentə düşən partiyalar və 3 faizədək
səs qazanan, amma Milli Məclisdə təmsil olunmayan
partiyalardır. Biz istəyirik ki, gələcəkdə
bu üç institut arasında münasibətləri
yarış fonuna keçirək. Çöldə
qalanlarla seçkidə qələbə qazananlar və
azlıqda olanlar arasında həqiqi, demokratik yarış
mühiti formalaşsın. Baryeri aşa
bilməyən, parlamentə düşməyən partiyalar gələcəkdə
təmərküzləşərək, birləşərək,
səylərini, güclərini, tərəfdarlarını
bir araya gətirərək güclü və ciddi instituta
çevrilsinlər. Ciddi instituta
çevrilən partiya isə artıq hakim partiya olmaq
uğrunda mübarizə aparsın. Parlamentdə
azlıqda qalan partiyalar da öz aralarında təmərküzləşsinlər,
daha yaxşı güc mərkəzinə çevrilsinlər.
Hesab edirik ki, dinamika kəmiyyətə deyil,
keyfiyyətə yönəlməlidir. Partiyaların
sayının çoxalmasındansa, keyfiyyətinin
yaxşılaşması daha əlverişlidir.
- Cəmiyyətdə
əsas müxalifət partiyaları kimi tanınan Müsavat və
Xalq Cəbhəsi partiyaları maliyyələşmədən
kənarda qalırsa, bu mexanizm nə qədər effektli olacaq?
- Hesab
edirəm ki, təklif olunan dəyişikliklər bu partiyalarda
növbəti seçkilərə daha yaxşı
hazırlaşmaq üçün stimul yaradacaq. 2015-ci ilin seçkisi çox da uzaqda deyil. 2015-ci ilin parlament, yaxud 2013-cü ilin prezident
seçkilərində və digər seçkilərdə bu
partiyalar fəaliyyətlərini, səylərini birləşdirsinlər,
güclərini artırsınlar. Bunun nəticəsində
isə növbəti seçkilərdə dövlətdən
maliyyələşən partiyalar sırasına
düşsünlər. Maliyyələşmə
üçün nəzərdə tutulan baryeri 3 faizdən
aşağı salmaq cəmiyyətin siyasi
institutlaşmasını məhv etmək deməkdir. Əgər 3 faizdən aşağı səs
toplayan partiya dövlət maliyyələşməsinə
düşsə, o zaman Azərbaycanda nə qədər siyasi
iddialı insan varsa, bir o qədər də partiyanın
yaradılmasının şahidi olacağıq.
-
Müxalifət hesab edir ki, sonuncu parlament seçkisi azad, ədalətli,
demokratik olmayıb və onlar seçkidə rəsmi şəkildə
göstəriləndən daha çox səs toplayıblar. 3 faizədək səs almayan partiyaların başqa
mexanizmlə maliyyə alması mümkündürmü?
- Əgər partiyalar maliyyə almaq istəyirlərsə,
buna nail olacaqlar. Bunun üçün müvafiq olaraq
qanunun tələblərinə, proseduralarına əməl
etməlidirlər, seçkilərə
qatılmalıdırlar, 3 faizdən artıq səs
toplamalıdırlar. Əgər 3 faiz səs
toplaya bilmirlərsə, deməli, onlar ciddi partiya sayıla və
dövlət maliyyələşməsinə düşə
bilməzlər.
Onların hansı ildə seçkilərin necə
keçirilməsi, nələrin baş verməsi haqda
iddialarına gəlincə, bunlar hamısı siyasi mülahizələrdir. Dövləti
həmin mülahizələrlə idarə etmək, siyasətini
onunla formalaşdırmaq olmaz, xüsusən də qanunvericilik
fəaliyyətini. Hesab edirəm ki, bu
partiyalar özləri bir yol tapacaqlar, dövlətin ciddi
institutuna çevrilmək, onun maliyyələşməsi
prosesində iştirak etmək və həmin vəsaitin
böyük bir qismini əldə etmək üçün
müxtəlif yollar arayacaqlar.
- Qanun dəyişdiriləndən
sonra partiyaların proqramları Ədliyyə Nazirliyində
qeydiyyata alınmalıdır. Bununla
bağlı YAP və müxalifət partiyalarının
mövqeyi üst-üstə düşür. Onlar hesab edirlər ki, partiya proqramının Ədliyyə
Nazirliyində qeydiyyata alınması doğru deyil.
- Bunlar
texniki məsələlərdir. Siyasi
partiyanın fəaliyyətinin əsasında hakimiyyətə
gəlmək, bunun uğrunda qanun çərçivəsində
mübarizə aparmaq, hakimiyyətə gələcəyi təqdirdə
görəcəyi işləri siyasi cəhətdən əsaslandırıb
cəmiyyətə bəyan etmək dayanır. Ona görə partiyaların siyasi proqramları
tez-tez dəyişə bilməz. Taktiki
işlər, vəzifələr, proqramın həyata
keçirilməsi ilə bağlı digər məsələlər
dəyişə bilər. Proqramlar isə qurultayda,
partiyanın ali qurumlarının iclaslarında
qəbul olunur.
Amma dəyişikliklər
layihəsi, qanun "Quran" ayəsi deyil ki, ona heç kim toxunmasın, təklif, irad bildirməsin. Layihəni bir qrup hazırlayıb və Prezident
İlham Əliyev onu dəstəkləyərək parlamentə
göndərib. Parlamentdə hansısa əlavələr,
dəyişikliklər ola bilər. Əgər hansısa müddəa məqbul hesab
olunmursa, parlamentin onu dəyişdirməyə tam ixtiyarı
var. Amma partiyaların cari fəaliyyəti, taktikaları ilə
siyasi proqramını bir-birinə qarışdırmaq
lazım deyil.
Siyasi
partiya hakimiyyətə gəlməyə iddialıdırsa,
onun maliyyələşməsində şəffaflıq
olmalıdır
- Dəyişikliklər
layihəsinə görə, partiyalara ianə verən
insanların kimliyi açıqlanmalıdır. Müxalifət partiyaları bununla
razılaşmır. Onlar deyirlər ki,
indi onsuz da müxalif siyasi təşkilatlara ianə verən
yoxdur, ianə verənlərin kimliyinin açıqlanması
qanuniləşsə, onda müxalifətə heç kömək
edən olmayacaq. Həmin müddəanın
dəyişdirilməsi mümkündürmü?
- Bu,
bütün dünyada belədir. Əgər
insan hansısa aksiyaya qoşulursa, ianə verirsə, sponsorluq
edirsə, bunu şəffaf formada həyata keçirməlidir.
Bütün dünyada ianə verənlərin
şəxsiyyəti ona görə açıqlanır ki,
vergidən yayınma olmasın, fəaliyyətin şəffaflığı
təmin edilsin, ianə verən, yardım edən şəxslərin
hüquqları başqa insanlar tərəfindən mənimsənilməsin.
Mümkün mənfi halların
qarşısını almaq məqsədilə belə bir
mexanizm həyata keçirilir. Əvvəlki
illərdə Azərbaycanda da bu sahədə ciddi
narahatlıq və narazılıqlar olub, bunlar hamıya məlumdur.
Kimliyi açıqlanmayan, qeyri-şəffaf mənbələr
gizli formada antiazərbaycan fəaliyyətini maliyyələşdiriblər.
Sonda bu, partiyaların müxtəlif xarici dairələrin
təsir altına düşməsinə gətirib
çıxarıb. Belə partiyalardan
maliyyənin haradan gəldiyini soruşanda mənbəyi məlum
olmayan ianələri göstərirlər, pulun ianələr
olduğunu, fəaliyyətlərinin bunun hesabına maliyyələşdiyini
iddia edirlər. Tarixən belə olub ki, mənbəyi
bilinməyən sərmayə yaxşı işə xidmət
etməyib, bu, faktiki olaraq mümkün deyil. Ona görə də əgər siyasi partiya cəmiyyətin
bir institutudursa, Azərbaycanda hakimiyyətə gəlməyə
iddialıdırsa, bunun uğrunda mübarizə aparırsa,
onun maliyyələşməsində şəffaflıq
olmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir.
-
Parlamentdə 11 siyasi partiya var. Onlardan 2-si parlament
seçkisində partiya kimi iştirak etməyib, 1-i isə
seçkidən sonra dövlət qeydiyyatına alınıb.
Bu partiyalara da dövlət büdcəsindən
vəsait veriləcəkmi? Ümumilikdə
partiyalara nə qədər vəsait ayrılacaq?
- Bunu hələlik
hesablamamışıq. Çünki dəyişikliklər
layihəsi konkret olaraq bu parlament, indiki siyasi palitra üçün
hazırlanmayıb. Qanunun məntiqi, fəlsəfəsi
Azərbaycanın gələcək siyasi palitrasının
formalaşmasına, siyasi inkişafına,
yaxşılaşmasına xidmət edir. Ona
görə də indiki parlamentdə qanunun hansısa müddəasının
tətbiqi sahəsində müəyyən problemlər yarana
bilər. Amma parlament də problemlərin
yaranmaması üçün təkliflər vermək, onu həyata
keçirmək üçündür.
...Belə
şeyi yalnız Azərbaycan müxalifəti edə bilər
- Azərbaycan "Avroviziya" mahnı
yarışına hazırlaşır. Eyni zamanda
müxalif İctimai Palata elan edib ki, "Avroviziya 2012"yə
qədər vicdan məhbusları, xüsusən də 2011-ci
ilin aprel ayının 2-də Bakıda keçirilmiş
aksiyaya görə həbs olunan şəxslər
azadlığa buraxılmasa, etiraz aksiyaları təşkil
ediləcək. Mahnı yarışı
başlanana qədər Azərbaycanda növbəti əfv sərəncamının
imzalanması, yaxud başqa bir formada müxalifətin və
bir sıra təşkilatların vicdan məhbusu
saydığı şəxslərin azadlığa
buraxılması mümkündürmü? Ümumiyyətlə, İctimai Palatanın
"Avroviziya 2012" müsabiqəsi keçirilən
günlərində paytaxtda aksiyalar təşkil etməsini
gözləyirsinizmi?
- Təəssüf
edirəm ki, bu halda da Azərbaycan müxalifəti antidövlət
mövqeyini ortaya qoyur. Müxalifət bir daha nümayiş
etdirir ki, onun üçün dövlət, millət adlı ali məfhumlar yoxdur, konkret təkliflərinin
reallaşması əsasdır. Müxalifət
deyir ki, ya bu təkliflər həyata keçəcək, ya da
o, bunun hansı mahiyyət kəsb edəcəyindən, millətin,
dövlətin imicinə hansı zərbə
vurulacağından asılı olmayaraq, istədiyini edəcək.
Amma bu, yaxşı hal deyil. Mən
təsəvvür etmirəm ki, Ermənistan müsabiqədə
qalib olaydı və erməni cəmiyyətində müxalifət
çıxıb bu müsabiqənin keçirilməsinin əleyhinə
çıxışlar, bəyanatlar verəydi. Mən bunu təsəvvür etmirəm. Belə şeyi yalnız Azərbaycan müxalifəti
edə bilər.
O ki
qaldı məhbusların azadlığa çıxması məsələsinə,
bununla bağlı nəsə deyə bilmərəm. Çünki bu məsələ müstəsna
olaraq Əfv Məsələləri Komissiyasının təklifi
əsasında həyata keçirilir. Komissiya
hesab etsə ki, bu insanlar buraxıla bilər, bununla
bağlı cənab Prezidentə məruzə olunsa və
dövlət başçısını inandıra bilsələr,
müvafiq olaraq əfv sərəncamı da imzalana bilər.
Amma bunu da kənara qoyaq. 1993-cü
ildən başlayaraq Azərbaycan dövlətinin siyasəti
birmənalı olaraq yalnız ümumi maraqlara, Azərbaycan
millətinin maraqlarına əsaslanır. Hər
hansı təklif Azərbaycan xalqının marağına
cavab verirsə, nəzərə alınır, cavab vermirsə,
onda kimin necə düşünməsi, hadisələri daxildən,
yaxud xaricdən necə qiymətləndirməsi, hakimiyyətə
təzyiq göstərməyə çalışması əhəmiyyət
daşımır. Azərbaycan hakimiyyəti
yalnız bir mövqedən - Azərbaycan millətinin
marağından çıxış edir. Əgər həmin təkliflər buna cavab verirsə,
qəbul olunur. Başqa halda teatr göstərməyə
ehtiyac yoxdur.
Aynur İMANOVA
İmdad ƏLİZADƏ
Azərbaycan.- 2012.- 19 aprel.- S. 4.