Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası öz işinə başlamışdır

 

İclasda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlar əldə etdiyi xüsusi vurğulanmışdır

 

Aprelin 18-də Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovun, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormatsın həmsədrliyi ilə keçirilən iclasda ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

İclası amerikalı həmsədr Robert Hormats açaraq ABŞ-ın Azərbaycan ilə əlaqələrin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduğunu, münasibətlərin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd etmişdir.

Robert Hormats bildirmişdir  ki, Azərbaycan son illərdə böyük iqtisadi nailiyyətlər əldə etmişdir ki, bu da çox təqdirəlayiqdir. Amerikalı həmsədr bütün bu nailiyyətlərə məhz Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi sayəsində nail olunduğunu vurğulamışdır. Bu göstəricilərin Dünya Bankının 2011-ci il üzrə hesabatlarında öz əksini tapdığını və bankın ekspertləri tərəfindən yüksək qiymətləndirildiyini bildirən R. Hormats demişdir: "ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. Ölkələrimiz təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidirlər. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi ölkənin əhəmiyyətini daha da artırır".

R.Hormats Birləşmiş Ştatlardan olan iş adamlarının Azərbaycanda bir çox sahələr üzrə investisiya qoymaqda maraqlı olduqlarını vurğulayaraq bunun üçün, ilk növbədə, milli strategiyanın yaradılmasının vacibliyini önə çəkmişdir.

Azərbaycan tərəfindən komissiyanın həmsədri S.Şərifov iclasda bildirmişdir ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənmiş və dərinləşmiş, Azərbaycan ilə Birləşmiş Ştatların münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. S.Şərifov demişdir ki, Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın üzvlərinə ABŞ və Azərbaycan arasındakı hazırkı əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağı tapşırmışdır.

ABŞ tərəfindən "Azadlığın dəstəklənməsi aktı"na 1992-ci ilin oktyabrında əlavə edilmiş "907-ci düzəliş"in hələ də qüvvədə olduğunu təəssüflə qeyd edən S.Şərifov artıq bu düzəlişin ləğv edilməsinin vaxtının çatdığını bildirərək demişdir: "Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və "907-ci düzəliş"in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyildir".

Samir Şərifov həmçinin qeyd etmişdir ki, ABŞ təhlükəsizlik və enerji üzrə strateji tərəfdaşı olan Azərbaycana dair diskriminasiya xarakterli və köhnəlmiş Cekson-Venik tələblərini də aradan qaldırmalıdır. Bu düzəlişin bir sıra ölkələrə şamil olunmasının və digərlərinə şamil olunmamasının müəyyən suallar doğurduğunu vurğulayan  komissiyanın azərbaycanlı həmsədri bildirmişdir ki,  Dövlət Departamenti tərəfindən Konqres qarşısında məsələ qaldırılmalı və nəhayət, bu düzəlişin ləğv edilməsinə nail olunmalıdır.

Tərəflər iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutduğunu və əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradıldığını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 5.