Azərbaycanın
BMT yanında daimi nümayəndəsi Ermənistanın
növbəti provokasiyasına cavab vermişdir
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev bu təşkilatın baş katibi Pan Gi Muna məktub göndərmişdir. A.Mehdiyev həmin sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qanlı divan tutmasının iyirminci ildönümü ilə əlaqədar onun 17 fevral 2012-ci il tarixli məktubuna Ermənistanın daimi nümayəndəsinin cavab vermək üçün göstərdiyi, "öz forma və məzmununa görə həyasız cəhd" olan məktubuna cavab vermişdir.
Azərbaycanın daimi nümayəndəsinin məktubu aprelin 9-da BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin rəsmi sənədi kimi yayılmışdır.
AzərTAc həmin məktubun tam mətnini təqdim edir.
Azərbaycanın
Birləşmiş Millətlər Təşkilatı
yanında daimi nümayəndəsinin Baş katibə məktubu 23 mart
2012-ci il
Zati-aliləri!
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qanlı divan tutmasının iyirminci ildönümü ilə əlaqədar mənim 17 fevral 2012-ci il tarixli məktubuma (A/66/704-S/2012/105) Ermənistan Respublikasının daimi nümayəndəsinin cavab vermək üçün göstərdiyi, öz forma və məzmununa görə həyasız cəhd olan 24 fevral 2012-ci il tarixli məktubuna (A/66/708-S/2012/117) istinad etmək istərdim.
Diqqəti cəlb edən məqam odur ki, Ermənistanın daimi nümayəndəsinin sözügedən məktubuna Azərbaycan Respublikasının işğal edilmiş ərazisində Ermənistan tərəfindən qanunsuz yaradılmış oyuncaq separatçı rejim adından bəyanat əlavə edilir. Təkcə bu fakt - əslində təcavüzün və irqi ayrı-seçkiliyin nəticəsindən başqa bir şey olmayan separatçı qurumun təbliğ olunması Ermənistanın beynəlxalq hüquq üzrə öz üzərinə götürdüyü öhdəliklərə riayət etməyi və ümumtanınmış sivil davranış qaydalarına əməl etməyi inadla istəmədiyini əyani şəkildə təsdiq edir.
Aşkardır ki, həm Ermənistanın daimi nümayəndəsinin məktubu, həm də ona əlavənin məzmunu hiddətləndirici saxtalaşdırmanın növbəti nümunəsidir. Erməni tərəfi bu saxtalaşdırmanın köməyi ilə onun təcavüz zamanı sülhə və insanlığa qarşı törətdiyi cinayətlərə görə öz təqsirini və məsuliyyətini inkar etməyə çalışır. Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin kütləvi şəkildə qırılması barədə erməni təbliğatının şərhlərinin əsasını məsələni elə qələmə vermək kimi absurd və sağlam düşüncəyə zidd olan bir cəhddir ki, guya azərbaycanlılar özləri mülki əhalinin hərbi əməliyyatlar zonasından evakuasiya edilməsinə mane olmuş və üstəlik, dinc sakinlər arasında böyük itkilərdən daxili siyasi məqsədlər naminə istifadə etmək üçün öz həmvətənlərinə atəş açmışlar. Bu cür iyrənc və məşum uydurmaları təkzib edən faktlar yetərincədir və onlar dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edilmişdir.
Məsələn, "Hyuman Rayts Uotç/Helsinki" hüquq-müdafiə təşkilatının icraçı direktoru Ermənistanın xarici işlər nazirinə ünvanlanmış 24 mart 1997-ci il tarixli məktubunda erməni təbliğatının bu hüquq müdafiə təşkilatını öz saxtakarlıqlarına cəlb etmək cəhdlərinə cavab verir:
"Bizim araşdırmalar, İnsan Hüquqlarının Müdafiəsi Memorial Mərkəzinin araşdırmaları göstərir ki, Xocalıdan geri çəkilən könüllülər oradan qaçan mülki əhalinin ayrı-ayrı iri qrupları ilə birlikdə qaçmışlar. Bizim məruzədə qeyd edilirdi ki, qalan silahlı Azərbaycan könüllülərin əynində forma olmuşdur, buna görə də onlar qaçan dinc sakinləri müdafiə etmək niyyətində olsalar belə onları təhlükəyə məruz qoyan kombatantlar hesab edilə bilməzlər.
Buna baxmayaraq, biz mülki əhalinin öldürülməsinə görə birbaşa məsuliyyəti Qarabağdakı erməni qoşunlarının üzərinə qoyuruq. Üstəlik, istər bizim məruzədə, istərsə də memorial mərkəzin məruzəsində belə bir fikri təsdiqləyən hər hansı sübut yoxdur ki, guya Azərbaycan qüvvələri azərbaycanlı sakinlərin qaçmasına mane olmuş və ya onlara atəş açmışlar" (kursiv bizimdir). "Hyuman Rayts Uotç/Helsinki"nin icraçı-direktorunun məktubunun tam mətni bu hüquq-müdafiə təşkilatının veb-saytında yerləşdirilmişdir: http://www.hrw.org/en/news/1997/03/23/response-armenian-governmentletter-town-khojaly-nagorno-karabakh>.
Öz doğma qardaşı, Xocalının işğal olunmasında bilavasitə iştirak etmiş məşhur beynəlxalq terrorçu Monte Melkonyanın "şanlı yol"una kitab həsr etmiş erməni müəllif Markar Melkonyan erməni əsgərlərinin bu şəhərin dinc sakinlərini necə qətlə yetirmələrini ətraflı təsvir edir. Məsələn, onun sözlərinə görə, Xocalının bəzi sakinləri təqribən altı mil məsafəni piyada qət edərək demək olar ki, təhlükəsiz yerə çatdığı vaxtda "(erməni) əsgərlər onların başının üstünü almışlar". Onun sözlərinə görə, o vaxt əsgərlər "uzun müddət kəmərlərində asılıb qalmış bıçaqları çıxararaq zərbələr endirməyə başlamışlar" (Markar Melkonian, My brother's Road: An American's Fateful Journey to Armenia (London and New York: I.B.Tauris, 2005), pp. 213-214).
Qeyd etmək lazımdır ki, Ermənistanın daimi nümayəndəsi öz şərhlərində nəinki bu faciəni gözləri ilə görənlərin çoxsaylı şahid ifadələri və əcnəbi jurnalistlər, hüquq müdafiəçiləri və nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən aparılmış müstəqil təhqiqatların nəticələri, hətta Ermənistan prezidenti Serj Sarkisyanın açıq etirafı barədə də heç nə demir. Erməni diplomatların və bu vicdansız böhtan və təhqir kampaniyasının digər iştirakçılarının yaddaşını təzələmək üçün biz Ermənistan dövlətinin indiki başçısının açıq etiraflarına bir daha diqqəti cəlb etməyə məcburuq.
Belə ki, Serj
Sarkisyan 15 dekabr 2000-ci
ildə britaniyalı jurnalist Tomas de Vaala
verdiyi müsahibəsində əsla vicdan əzabı çəkmədən etiraf etmişdir:
"Xocalı hadisələrinə qədər azərbaycanlılar
düşünürdülər ki, ...
ermənilər mülki əhaliyə əl
qaldıra bilməzlər. Biz bu [stereotipi]
alt-üst edə bildik" (Thomas de Waal, Black Garden: Armenia and
Azerbaijan through Peace and War (New York and London: New York University
Press, 2003), p.172). Bu yaxınlarda, həmin müsahibədən
12 il sonra
sözügedən jurnalist
müsahibənin tam stenoqramını
dərc etmişdir. Bu
sənədin məzmunu
erməni təbliğatının
saxtakarlıqlarına ən
təsirli cavabdır
(bax:
http://carnegieendownment.org/2012/02/24/president-interview-and-tragic-anniversary/9vpa).
Məsələn, Serj
Sarkisyanın aşağıdakı
sözlərinə əlavə
şərh tələb
olunmur:
"Bəli, həqiqətən
Xocalıda dinc əhali olmuşdur. Lakin dinc
əhali ilə birlikdə əsgərlər
də vardı. Mərmi uçanda o, dinc sakini əsgərdən fərqləndirmir, onun gözləri yoxdur. Əgər dinc əhali oradan getməsi üçün
yaxşı imkan olduğu halda orada qalırsa, deməli, bu əhali də döyüş əməliyyatlarında
iştirak edir...".
Ermənistan prezidentinin heç bir təqsiri olmayan insanların kütləvi şəkildə
qətlə yetirilməsi
barədə bu qədər həyasız
tərzdə danışması
ilə yanaşı, həm də vəzifə mövqeyinə
görə öz qərarlarının və
hərəkətlərinin hədlərini dəqiq təsəvvür etməyə
borclu olan şəxs üçün
bağışlanılmaz bir
məsələ, onun
savadındakı aşkar
qüsurlar da diqqəti cəlb edir. Əgər Serj Sarkisyan
hərbi əməliyyatlar
aparılmasının ümumtanınmış
qanunlarından, əsas
etibarilə mülki şəxslərlə kombatantlar
arasında fərq qoymağı tələb
edən, habelə seçimsiz xarakterli hücumları qadağan edən qanunlardan xəbəri olsaydı, yəqin ki, yuxarıda xatırladılan
açıq etiraflardan
çəkinərdi. Ermənistan dövlətinin başçısı
tamamilə haqlı olaraq qeyd edir
ki, uçan döyüş mərmisinin
gözləri yoxdur.
Bununla bərabər o, belə bir fakta qarşı
çətin mübahisə
edər ki, hədəf seçən
və həmin hədəfə mərmi ilə atəş açan adamların gözləri görür.
Ermənistan prezidenti işğalçıların
Xocalının dinc əhalisi üçün
guya dəhliz saxlaması barədə mifi də puç
edir. Belə ki, Serj Sarkisyan jurnalistin bu barədə sualına cavab verərək açıq
bildirir ki, bu hadisələr əsasən Xocalıdan sonra olmuşdur, çünki etnik təmizləmə gedən
bir vaxtda başqa cür hərəkət etmək
mümkün də deyil. Tomas de Vaal soruşur ki, başqa cür hərəkət etmək
olardımı və Serj Sarkisyan minlərlə insanın həlak olmasına görə təəssüflənirmi? Ermənistan dövlətinin başçısı
heç bir vicdan əzabı çəkmədən cavab
verir ki, o, qətiyyən təəssüflənmir,
çünki hətta
minlərlə insan həlak olduğu vaxtda da bu
cür sarsıntılar
zəruridir.
Serj Sarkisyan
onu da açıq
etiraf edir ki, müharibəni Ermənistan başlamışdır
və bu müharibənin məqsədi
Azərbaycan ərazisini
işğal etmək barədə çoxdan hazırlanan planı həyata keçirmək idi. Bundan əlavə,
o təsdiqləyir
ki, münaqişənin
aktiv hərbi fazada olduğu dövrdə məhz erməni tərəfi Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının sabit
atəşkəsin bərqərar
olması məqsədilə
bütün hərbi əməliyyatların və
düşmənçilik aktların
dərhal dayandırılması
barədə tələblərinə
bilərəkdən etinasızlıq
göstərmişdir. Həqiqətən qan tökülməsini dayandırmaq və minlərlə insanın həyatını xilas etmək üçün
real imkan olduğu bir vaxtda Ermənistan
liderləri başqa cür fikirləşirdi.
Prezident Sarkisyanın aşağıdakı sözlərinin
şərhə ehtiyacı
yoxdur:
"Biz bir dəfə
belə müharibəyə
getdik və mən güman etmirəm ki, ikinci dəfə belə bir addım
ata bilərdik. Bu, sadəcə olaraq, mümkün deyildi.
Bu, ola bilsin
ki, əlli ildən və ya yüz ildən
sonra mümkündür.
Lakin sən əsgərə desən ki, oradan çəkil,
o, bir daha oraya getməz. Heç bir ciddi təminat
yox idi. Yox bir indi ərazini
verək, sonrasına baxarıq. Bəs nə üçün
onlar sonrasına baxmalı idilər? Nə üçün? Bunun mənası
yox idi".
Erməni tərəfin çətinliklə
gizlətdiyi əsəbiliyi
və Xocalı hadisələri, eləcə
də Ermənistanın
Azərbaycana qarşı
təcavüzü zamanı
törədilmiş digər
cinayətlər barədə
beynəlxalq birliyi çaşdırmaq cəhdlərində
onun xüsusi canfəşanlığı çox
sadə izah edilir.
Əvvələn, məlumdur ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan və keçmiş prezident
Robert Koçaryan, habelə
bu dövlətin bir sıra başqa
yüksək vəzifəli
şəxsləri və
Azərbaycanın işğal
edilmiş ərazisində
Ermənistan tərəfindən
yaradılmış oyuncaq
separatçı rejimin
liderləri Azərbaycan
torpaqlarının işğal
olunmasında və mülki əhaliyə qanlı divan tutulmasında
birbaşa iştirak etmişlər. Aşkardır ki, törədilmiş
cinayətlərin miqyası
və ağırlığı
nəzərə alınaraq
bu şəxslərin
cinayət məsuliyyətinə
cəlb edilməsi onların mənfur əməllərinin labüd
yekunudur.
İkincisi, Xocalı şəhərinin
dinc sakinlərinin və onu müdafiə
edənlərin bilərəkdən
kütləvi şəkildə
qətlə yetirilməsi
yeganə və ya ayrıca bir akt deyil,
Ermənistan tərəfindən
həyata keçirilən
genişmiqyaslı və
sistemli zorakılıq
siyasəti və praktikasının tərkib
hissəsi idi. Bu siyasətin əsasını
ilhaqçılıq cəhdləri,
irqi və dini dözülməzlik barədə iyrənc ideyalardır. Bu mənada
Ermənistan rəhbərləri
və separatçıların
onlara tabe olan liderləri İkinci Dünya müharibəsi dövründə
misli görünməmiş
kütləvi cinayətlər
törədənlərdən az fərqlənir.
Xüsusi qeyd etmək
lazımdır ki, Xocalı qırğını
və münaqişə
dövründə azərbaycanlılara
qarşı törədilmiş
digər ağır cinayətlər Ermənistanın
əbədi qurban kimi qələmə verildiyi mifi tamamilə puç edir. Bu da aşkardır ki, bu fonda
Ermənistanın öz
əməllərini təyini-müqəddərat
hüququnun həyata keçirilməsi kimi qələmə vermək
cəhdləri tamamilə
gözdən düşür.
Biz əminik ki, milli səviyyədə görülən ardıcıl
tədbirlər, habelə
beynəlxalq birliyi təşvişə salan
ən ağır cinayətlərə görə
məhkəmə təqibi
və cəzalar üçün mövcud
hüquqi əsas Ermənistanın
Azərbaycana qarşı
təcavüzü zamanı
törədilmiş cinayətlərə
görə cəzasızlığa
son qoymağa kömək
edəcəklər.
Bu məktubun Baş
Məclisin gündəliyinin
35, 39, 65, 67, 69, 83 və 84-cü bəndləri üzrə
sənədi kimi, habelə Təhlükəsizlik
Şurasının sənədi
kimi yayılmasına görə minnətdar olaram.
Aqşin Mehdiyev
Azərbaycan.- 2012.- 19 aprel.- S. 5.