Avropa Parlamentinin assosiativ saziş üzrə
Azərbaycan-Avropa İttifaqı danışıqlarına dair qətnaməni qəbul etməsi ilə
ölkəmiz tarixi irəliləyişə
nail olmuşdur
Avropa Parlamenti assosiativ saziş üzrə Azərbaycan-Avropa İttifaqı danışıqlarına dair qətnamə qəbul etmişdir. Bu sənədin qəbul edilməsi ilə Azərbaycan tarixi irəliləyişə nail olmuşdur.
AzərTAc xəbər verir ki, bu sözləri aprelin 18-də jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev demişdir.
E.Abdullayev Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası çərçivəsində Ermənistan ilə də assosiativ saziş üzrə danışıqların gedişinə dair oxşar qətnamənin qəbul olunduğunu vurğulamışdır. Cənubi Qafqaz ilə bağlı Avropa strategiyasının öz əksini tapdığı sənəddə "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlar qeyd olunmuşdur.
Xarici siyasət idarəsinin sözçüsü bildirmişdir ki, qətnamədə Azərbaycanın enerji təminatçısı və tranzit ölkə kimi əhəmiyyətli rolu xüsusi vurğulanır, Avropa qonşuluq siyasəti çərçivəsində ölkəmizin fəaliyyəti yüksək qiymətləndirilir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Avropa İttifaqı ilə ölkəmiz arasında məsləhətləşmələrin keçirilməsinə əlverişli şərait yaradır.
Qətnamədə qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan və Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Həll olunmamış münaqişə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi Cənubi Qafqaz regionunda sabitliyi sarsıdır, inkişafa əngəl törədir. Bu münaqişə Avropa qonşuluq siyasətinin tam inkişafına maneçilik törədir. Sənəddə Avropa İttifaqı münaqişənin həllində daha fəal rol oynamağa çağırılmışdır. Vurğulanır ki, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmayacağı, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına geri dönməyəcəyi təqdirdə assosiativ saziş həyata keçirilə bilməz.
Sənəddə ermənilərin hərbi təcavüzü nəticəsində yüz minlərlə qaçqının hüquqlarının pozulduğu göstərilmiş, bunun qeyd-şərtsiz dərhal təmin olunması tələb edilmişdir.
Sənədin ən vacib məqamlarından biri də yuxarıda sadalanan amillər reallaşdırılmadan Dağlıq Qarabağda referendumun keçirilməsinin mümkün olmamasının bildirilməsidir.
E.Abdullayev demişdir ki, Ermənistana aid olan qətnamədə bu ölkənin işğalçılıq siyasəti yürütdüyü qeyd edilir və bunun Avropa qonşuluğuna zidd olduğu, "Şərq tərəfdaşlığı" proqramına xələl gətirdiyi vurğulanır. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyəti - hərbi manevrlər, hərbi texnikanın və şəxsi heyətin yenilənməsi qeyd edilir. Həmçinin narahatedici amillərin - Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda aparılan qanunsuz məskunlaşdırma siyasəti qətnamədə öz əksini tapmışdır.
Sənəddə, həmçinin münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinin zəruriliyi qeyd olunur. Bildirilir ki, münaqişənin həlli ilə bağlı BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr yerinə yetirilməlidir. Qətnamədə Avropa Parlamenti Ermənistanı Dağlıq Qarabağa nizami ordu hissələri göndərməyi dayandırmağa çağırmışdır.
Bundan başqa,
qəbul edilmiş sənəddə Ermənistan
enerji sektorunun
inkişafını Avropa Ətraf Mühit Standartları və ESPOO
konvensiyasına uyğun şəkildə
həyata keçirməyə çağırılır.
Azərbaycan.- 2012.- 19 aprel.- S. 5.