Azərbaycanda nağdsız ödənişlərdən daha geniş istifadə məsələsi müzakirə olunmuşdur

 

Aprelin 18-də Amerika Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə Bakıda "Vergitutma: Yeni vergi mədəniyyəti naminə" adlı ikinci vergi konfransı keçirilmişdir.

Konfransda dünyanın aparıcı audithüquq şirkətlərinin, Azərbaycan Vergilər, Maliyyə nazirliklərinin, Milli Məclisin və digər qurumların nümayəndələri iştirak etmişlər.

AMCHAM-ın icraçı direktoru Nərgiz Nəsrullayeva bildirmişdir ki, məqsəd yeni vergi mədəniyyətinin yaradılmasına, insanların bu sahədə maarifləndirilməsinə nail olmaq, nağdsız ödənişlərə keçid istiqamətində yeni təkliflərin verilməsi və müzakirələrin aparılmasıdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycanda Vergilər Nazirliyinin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində ölkənin vergi sistemi dünyanın öncül yerlərindən birini tutur. Bu yaxınlarda Vergi Məcəlləsində də yeni dəyişikliklərin edilməsi gözlənilir. Azərbaycanda əhalinin 80 faizi könüllü vergi ödəyiciləridir. Bu çox müsbət göstəricidir. Azərbaycanda azad bazar şəraitində vergi rüsumunu azaltmaq üçün məsələyə sistemli yanaşmaq lazımdır. Bunun üçün ayrı-ayrı ölkələrin təcrübəsi də öyrənilməli, müqayisə aparılmalıdır.

Vergilər Nazirliyinin Fiziki şəxslərin qeydiyyatı şöbəsinin rəhbəri Natiq Şirinov məlumat vermişdir ki, Azərbaycan Vergilər Nazirliyi nağdsız ödənişlərin artırılması üçün hazırlanan təkliflər paketini dövlətə təqdim edəcəkdir. Nazirlik ötən həftədən elektron formada vergi və dövlət rüsumlarının qəbuluna da başlamışdır. Bu proses Vergilər Nazirliyi və Mərkəzi Bankın nağdsız ödənişlərinin stimullaşdırılması tədbiri çərçivəsində reallaşdırılır. Fizikihüquqi şəxslər nağdsız ödənişləri elektron portal üzərindən həyata keçirə bilərlər. Artıq yaxın 20 gün ərzində ölkədə POS-terminalların sayı da 25 minə çatdırılacaqdır.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işləri, nağdsız ödənişlərə keçidlə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. Tədbirdə nağdsız ödənişlərin daha geniş tətbiqi üçün nağd ödənişlərin azaldılması istiqamətində müəyyən məhdudiyyətlərin qoyulması və qaydaları pozanlara qarşı müəyyən cərimələrin tətbiqi də təklif olunmuşdur.

Bildirilmişdir ki, nağdsız ödənişlərə keçid istiqamətində kompleks tədbirlərin görülməsi zəruridir. Belə ki, qara iqtisadiyyatlakorrupsiya ilə mübarizə, qaçaqmalçılığın qarşısının alınması, Pos-terminalların sayının artırılması nağdsız ödənişlərə keçidi daha da sürətləndirən amillərdir. Əhalinin nağdsız ödənişlərdən istifadəsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də vacib məsələdir.

Tədbirdə transfer qiymətlərinin tətbiqinin üstünlüyü, cərimə və sanksiyaların həvəsləndirici tədbirlərlə müqayisəsi beynəlxalq bazarlara çıxışın təmin edilməsi üçün vergi sisteminin rolu müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 5.