Ənənələrini
yaşadan məbədgah
"Azərbaycan Dövlət
Pedaqoji İnstitutu böyük və çətin yol
keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin
inkişafında böyük xidmət göstərmiş,
institut xalq maarifi üçün yüksək ixtisaslı
kadrlar ocağına çevrilmişdir".
Heydər ƏLİYEV
Azərbaycan
müəllimləri çox şərəfli bir yol
keçmiş, müstəqil respublikamızın intellektual
potensialının formalaşmasında böyük əmək
sərf etmişlər. Yüksək ixtisaslı pedaqoji kadr
hazırlığında 90 illik yubileyini keçirən Azərbaycan
Dövlət Pedaqoji Universitetinin (ADPU) professor-müəllim
heyətinin və onun məzunlarının isə xüsusi
payı vardır. Bu illər ərzində ADPU daim tərəqqi
yolunda olmuş, zəngin ənənələrə malik
şöhrətli elm və tədris ocağına
çevrilmişdir. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin
tədrisi metodikası məhz bu ali təhsil ocağında təşəkkül
tapmış, inkişaf edərək indiki yüksək səviyyəsinə
çatmışdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın ən mühüm pedaqoji problemlərindən biri milli müəllim kadrlarının hazırlanması ilə bağlı idi. Azərbaycanlı müəllimlər o zaman əsasən Qori Müəllimlər Seminariyasında və Tiflis Müəllimlər İnstitutunda hazırlanırdı. XIX əsrin 80-ci illərindən 1918-ci ilə kimi həmin təhsil müəssisələrini cəmi 262 nəfər azərbaycanlı bitirmişdi.
Millətin tərəqqisinin məktəbdən, məktəbin tərəqqisinin isə müəllimdən asılı olduğunu söyləyən Nəriman Nərimanov və onun həmfikirləri F.Köçərli, H.Zərdabi, Ü.Hacıbəyli, A.Səhhət, A.Çernyayevski, S.Əlibəyov, M.Mahmudbəyov, F.Ağazadə, C.Məmmədquluzadə ana dilində dərs deyə biləcək müəllimlərin hazırlanmasını dövrün zəruri tələbi kimi önə çəkirdilər. O dövrdə mətbuat səhifələrində Azərbaycanda müəllimlər seminariyasının açılması, Qori Müəllimlər Seminariyasının Güney Qafqazın müsəlman şəhərlərinin birinə köçürülməsi barədə qızğın müzakirələr gedirdi. Xalqın təhsillə bağlı böyük istək və arzularını Azərbaycan Xalq Cümhuriyyəti rellaşdırdı. Bu illərdə cümhuriyyət hökumətinin maliyyə yardımı ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürüldü, Şərqdə ilk dünyəvi təhsil ocağı olan Bakı Dövlət Universiteti yaradıldı, mövcud məktəblərin böyük əksəriyyəti yeniləşdirildi, çox sayda ibtidai və orta məktəblər açıldı, milli dərsliklər nəşr edildi. Ölkədə təhsil sistemini nizama salmaq, milli təhsilin möhkəm bünövrəsini yaratmaq məqsədilə həmin dövrdə Azərbaycan Xalq Maarif Nazirliyi təşkil edildi. Nazirlik bir sıra ali və orta ixtisas müəssisələrinin açılmasını planlaşdırsa da, onu reallaşdıra bilmədi. Lakin demokratik ruhlu ziyalılar, qabaqcıl maarif və mədəniyyət xadimləri ölkədə təhsilin təşkili məsələlərinə biganə qalmadılar. Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, H.Mahmudbəyov, R.Əfəndiyev, A.Şaiq, S.Axundov, M.Quliyev, M.Mirqasımov, F.Rzabəyli, M.Qiyasbəyli, S.Hüseynov, İ.Əfəndiyev, Ə.Nəzmi, R.Cəfərov, Q.Mirzəzadə, Ş.Əfəndiyeva, B.Bünyadov və başqaları ilk günlərdən respublikanın mədəni həyatında fəallıq göstərməyə başladılar. 1920-ci ilin yayında Bakı, Şamaxı, Qusar və respublikanın digər beş yaşayış məntəqəsində ibtidai məktəblər üçün müəllimlər hazırlayan qısamüddətli kurslar və texnikumlar açıldı. Lakin həmin təhsil ocaqları ölkənin birinci və ikinci dərəcəli məktəblərinin müəllimlərə olan ehtiyacını təmin edə bilmirdi. Bakıda 1920-ci il sentyabrın 19-da maarif və mədəniyyət işçilərinin qurultayı çağırıldı. Azərbaycan hökumətinin başçısı N.Nərimanov ziyalılar qarşısında çıxış edərək məktəbin yenidən qurulması, uşaqların tərbiyəsinin əsaslı şəkildə dəyişdirilməsi zərurətini ortaya qoydu. Burada göstərildi ki, yeni təhsil sisteminə keçilməsi ilə əlaqədar 40 min müəllimə ehtiyac vardır.
Azərbaycan hökuməti 1920-ci ilin payızında Bakı, Gəncə, Qazax müəllimlər seminariyalarını yenidən təşkil etməklə yanaşı, Şəki və Şuşada da belə seminariyaların açılmasına sərəncam verdi. Ölkənin ikinci dərəcəli məkəbləri və orta ixtisas təhsili ocaqları üçün pedaqoji kadrlar hazırlamaq məqsədilə Azərbaycan Xalq Maarif Komissarlığının 1920-ci il 17 noyabr tarixli qərarı ilə Bakıda birillik ali pedaqoji kurslar fəaliyyətə başladı. Təbiyyat-coğrafiya, fizika-riyaziyyat və tarix-filologiya şöbələrindən ibarət olan həmin kurslarda tədris xüsusi proqram üzrə Azərbaycan və rus dillərində aparılırdı. Beləliklə, həmin pedaqoji kursların səmərəli fəaliyyətindən və müsbət iş təcrübəsindən istifadə olunaraq Ali Pedaqoji İnstitut təşkil edildi. Bu təhsil ocağı Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli "Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təşkili haqqında" dekret əsasında yaradıldı. Altı nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan birinci və ikinci dərəcəli məktəbləri yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edirdi. Fəaliyyəti dövründə institut öz missiyasını şərəflə yerinə yetirdi, 150 minə yaxın müəllim kadrları yetişdirdi, bir çox ixtisaslar üzrə elmi-pedaqoji kadr hazırlığının mərkəzinə çevrildi.
İnstitut müxtəlif illərdə tədris və elmi-pedaqoji fəaliyyətində bir çox çətinliklərlə qarşılaşmışdı: iki dəfə (1927-1929 və 1941-1943-cü illərdə) öz fəaliyyətini dayandırmışdı, Azərbaycan Dövlət Universitetinə birləşdirilmişdi. Lakin təhsil ocağı bütün çətinliklərdən şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elmin və maarifin inkişafında xüsusi xidmətləri olan müəllim kadrları yetişdirməklə millətin mənəvi potensialının formalaşmasında mühüm rol oynamışdı. O zaman Azərbaycan hökumətinin başçısı N.Nərimanov, xalq maarif komissarı D.Bünyadzadə, dövrün görkəmli ziyalıları M.Quliyev, Ü.Hacıbəyli, V.Xuluflu, Ə.Übeydullin, B.Çobanzadə və başqaları təhsil ocağına yaxından kömək göstərmişdilər. Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli institutun direktoru, Tiflis Müəllimlər İnstitutunu bitirmiş Həbib bəy Mahmudbəyov direktor müavini vəzifəsinə təyin olunmuşdular. Sonralar direktor vəzifəsində çalışan M.Əfəndiyev, H.Mahmudbəyov, Ş.Manafov və C.Məmmədzadə Pedaqoji İnstitutun təşkilatca möhkəmlənməsinə, kollektivin tədris və elmi fəaliyyətinin tənzimlənməsinə xeyli səy göstərmişdilər. Onların həyata keçirdikləri əməli tədbirlər yeni ali təhsil müəssisəsinin maddi-texniki bazasının qurulub möhkəmlənməsinə, fakültə və şöbələrin elmi-pedaqoji kadrlarla təmin edilməsinə, fəhlə və kəndli gənclərin ali təhsil almalarına geniş şərait yaratmışdı. Qərbi Avropa, Rusiya, Türkiyə və Şərqin bir sıra tədris və elm mərkəzlərində təhsil alan yüksək ixtisaslı milli kadrlar burada pedaqoji fəaliyyətə cəlb edilmişdilər.
Azərbaycanda pedaqoji kadrların
hazırlanmasını yaxşılaşdırmaq və ali məktəblərdə
vahid rəhbərliyi təmin etmək məqsədilə Azərbaycan
XKS 1926-cı il iyun ayının 16-da "Ali pedaqoji
institutların yenidən təşkili haqqında" qərar
qəbul etdi. Həmin qərara uyğun olaraq Ali Pedaqoji
Kişi və Ali Pedaqoji Qadın institutları Bakı
Universitetinin pedaqoji fakültəsinə birləşdirildi.
BDU-nun pedaqoji fakültəsi səmərəli fəaliyyət
göstərməsinə baxmayaraq, alitəhsilli pedaqoji kadrlara
olan ehtiyacı ödəyə bilmirdi. Ona görə də həmin
pedaqoji fakültənin bazasında müstəqil ali təhsil
ocağının - APİ-nin yenidən yaradılması
planlaşdırıldı. P.Qasımov instituta direktor, professor B.Komarovski direktor
müavini təyin edildilər. BDU-nun pedaqoji fakültəsində
çalışan tanınmış alimlərin əksəriyyəti
bu ali təhsil ocağına müəllimliyə
cəlb olundular.
Ötən əsrin 30-cu illərində və 40-cı
illərinin əvvəllərində APİ-də təşkilati
məsələlərin həllində, tədris və elmi-tədqiqat
işlərinin düzgün qurulmasında direktor vəzifəsində
çalışan P.Qasımovun, M.Bayramovun, B.Bünyadovun, M.Məmmədovun,
D.Rəsulzadənin böyük xidmətləri oldu. Onların fəaliyyət
göstərdikləri dövr tariximizin ən mürəkkəb,
ziddiyyətli və faciələrlə dolu bir mərhələsi
idi. Sərt və ciddi qanunların tətbiqi ilə səciyyələnən
həmin dövrdə pedaqoji institutda təhsilin tamamilə
siyasiləşdirilməsi, sinfi mübarizənin gücləndirilməsi
haqqında Stalin təlimi ali pedaqoji təhsilin
demokratik ənənələrinin inkişafını ləngitməklə
yanaşı, yeni, arzuolunmaz istiqamətin formalaşmasına zəmin
yaratdı. 30-cu illərdə başlanan
repressiya dalğası bir çox Azərbaycan
ziyalıları kimi bu institutun da ən yaxşı müəllimlərinin
məhvinə və ya sürgünə göndərilməsinə
gətirib çıxardı.
İkinci Dünya müharibəsinin ilk illərində
APİ-nin maliyyə imkanları tükəndi, tələbə
və müəllim heyətinin vəziyyəti
ağırlaşdı. Ona görə də Azərbaycan XKS və Azərbaycan K(b)P MK-nın qərarı ilə institut ADU ilə
birləşdirildi. Müharibənin gedişində əsaslı
dönüş yarandıqdan sonra Pedaqoji İnstitut yenidən
müstəqil ali təhsil ocağı
kimi fəaliyyətə başladı. Bu dövrdə ali təhsil ocağına rəhbərlik
ardıcıl olaraq A.Abdullayevə, M.Ələkbərliyə
və Ə.Seyidova həvalə edildi.
1950-1970-ci illərdə tanınmış elm və
maarif xadimləri - C.Hacıyev, M.Mehdizadə, H.Qədirov, C.Ələsgərov,
M.Vəkilov, M.Əliyev, Ş.Ağayev APİ-nin rektoru vəzifəsində
çalışmışdılar. Bu dövrdə M.Muradxanova, Ə.Zəkuzadəyə
və Ə.Əbdülrəhmanova professor elmi adının
verilməsi, professor A.Abbaszadənin RSFSR PEA-nın müxbir
üzvü, M.Mehdizadənin SSRİ PEA-nın həqiqi
üzvü seçilməsi fərəhli fakt və hadisə
kimi gənc kadrların inkişafına təkan verən əsas
amilə çevrildi. Bir faktı qeyd edək ki, SSRİ
PEA-nın həqiqi və müxbir üzvü seçilən
azərbaycanlı alimlərin hamısı - Mehdi Mehdizadə,
Abbasqulu Abbaszadə, Hüseyn Əhmədov, Sədi İmanov
ADPU-nun əməkdaşları olmuşlar.
Ali pedaqoji təhsilin bayraqdarı sayılan Azərbaycan
Dövlət Pedaqoji Universitetinin 90 illik tarixinin bütöv
bir mərhələsində (1969-1987 və 1993-2003-cü illər)
qazanılan uğurlar bilavasitə ulu öndər Heydər Əliyevin
adı və gərgin fəaliyyəti ilə
bağlıdır. Ümummilli lider bir neçə dəfə
Pedaqoji Universitetdə olmuş, professor-müəllim və tələbə
kollektivinə dəyərli tövsiyələr, məsləhətlər
və göstərişlər vermiş, hər bir əməkdaşın
arzu və istəkləri ilə maraqlanmışdır.
Ulu öndərin tövsiyələri universitetdə
təhsil və tərbiyənin səmərəsinin və
keyfiyyətinin yüksəlməsində, qəbul
imtahanlarında obyektivlik və ədalətin bərqərar
edilməsində, nöqsanların aradan qaldırılmasında,
gənclərin ictimai fəallığının
artırılmasında, yüksək səviyyəli elmi və
pedaqoji kadr hazırlığında həlledici rol
oynamışdır.
1970-1980-ci illərdə institutda tədris və elmi fəaliyyətin
səviyyəsinin yüksəldilməsi, yüksək
ixtisaslı müəllim kadrlarının hazırlanması,
maddi-texniki bazanın gücləndirilməsi, yeni tədris
korpusları və tələbə yataqxanalarının
inşası istiqamətində konkret tədbirlər həyata
keçirildi.
Haşım Ağayev, sonra Afad Qurbanov instituta rektor təyin
edildilər.
Ötən
əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində
ölkədə baş verən ictimai-siyasi şərait,
hakimiyyət uğrunda gedən savaşlar, bədnam
qonşularımızın işğalçılıq siyasəti
bütün ali təhsil müəssisələrində,
eyni zamanda, Pedaqoji Universitetin tədris prosesində və elmi-tədqiqat
işlərində də geriləməyə səbəb
oldu. Görkəmli dövlət xadimi ulu öndər
Heydər Əliyevin 1993-cü ildə respublika rəhbərliyinə
yenidən qayıdışı ölkədə daxili
sabitliyi təmin etdi, irimiqyaslı sosial-iqtisadi problemlərin həlli
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirildi. Cəmiyyətin bütün
intellektual potensialı mənəvi-psixoloji, sosial-iqtisadi
mühitin sağlamlaşmasına, millətin tərəqqisinə,
intibahına yönəldi. Bütün bunlar
ADPU-nun da səmərəli fəaliyyəti
üçün geniş imkanlar açdı.
Azərbaycan Dövlət Pedaqoji Universiteti 90-cı illərdən
sonra ölkədə gedən bütün ictimai-siyasi proseslərin
mərkəzində olmuş, sabitliyin və əmin-amanlığın
qorunub saxlanılmasında, dövlətin və dövlətçiliyin
möhkəmləndirilməsində vətəndaşlıq
mövqeyi nümayiş etdirmişdir. ADPU ölkəmizdə ali pedaqoji məktəblər arasında
universitet statusu alan ilk tədris və elm ocağı
olmuşdu.
Ali məktəbə 1989-1994-cü illərdə professor
Səlvər Aslanov, 1994-1996-cı illərdə professor Nizami
Xudiyev, 1996-2006-cı illərdə Bəhlul Ağayev rəhbərlik
etmişlər.
Hazırda
universitetdə aparılan işlər Bolonya prosesinin prinsiplərinə
uyğun olaraq ali pedaqoji təhsilin məzmununun zamanın tələblərinə
uyğun qurulmasına, keyfiyyətin yüksəldilməsinə,
şəffaflılıq və ədalətlilik prinsiplərinin
təmin olunmasına, maliyyələşdirmə və idarəolunmanın
təkmilləşdirilməsi, əməkdaşlığın
və beynəlxalq əlaqələrin genişləndirilməsi,
pedaqoji kadr hazırlığında yeni modellərin tətbiqi
sahələrinə yönəldilmişdir və bu istiqamətdə
təhsil ocağında diqqətəlayiq nailiyyətlər
qazanılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda siyasi, sosial-iqtisadi, hüquqi
islahatların həyata keçirilməsində, vətəndaş
cəmiyyətinin qurulmasında, milli və Avropa dəyərlərinin
bərqərar edilməsində, insan hüquqlarının və
azadlıqlarının təmin olunmasında, bazar
iqtisadiyyatına keçid prosesində əldə edilən
nailiyyətlərin mühüm bir hissəsi təhsilin
payına düşür. Hazırda təhsillə
bağlı 16 inkişafyönümlü dövlət
proqramı uğurla həyata keçirilir. Bu
proqramların reallaşdırılması nəticəsində
təhsilin infrastrukturu müasir tələblərə
uyğun qurulmuş, məzmunu yeniləşdirilmiş, "Azərbaycan
Respublikasında ümumi təhsilin konsepsiyası (milli
kurikulum)" təsdiq olunmuş, yeni dərslik siyasəti
reallaşdırılmış, təhsil sisteminin
informasiyalaşdırılması, məktəbəqədər,
texniki-peşə, ali təhsil, xaricdə təhsil,
istedadlı uşaqların inkişafı və s. sahələrdə
əhəmiyyətli nailiyyətlər əldə olunmuş,
insan kapitalının inkişafına xüsusi diqqət
ayrılmışdır. Təhsil, səhiyyə, elm və mədəniyyət
sahəsində inkişafyönümlü proqram və layihələrin
həyata keçirilməsində Heydər Əliyev Fondunun,
onun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır.
2006-2007-ci
tədris ilində universitetin kimya və filologiya, 2007-2008-ci tədris
ilində biologiya və fizika, 2008-2009-cu tədris ilində
pedaqoji, tarix, riyaziyyat, 2009-2010-cu tədris ilində pedaqogika və
psixologiya, coğrafiya və çağırışaqədər
hazırlıq, mühəndis-pedaqoji və bədii qrafika
fakültələrində kredit transfer sisteminin tətbiqinə
başlanılmış, bu tələblərə cavab verən
yeni tədris planları, fənlərin reyestri, sillabuslar, fənlərin
semestrlər üzrə bölgüsünü göstərən
sənədlər hazırlanmış, 40 nəfər tyutor
hazırlanaraq tədris prosesinə cəlb olunmuşdur.
2007-2008-ci tədris ilində universitetdə kompyuter mərkəzi
təşkil edilmişdir. Həmin mərkəzin
təşkili kollokviumların və imtahanların elektron-test
üsulu ilə keçirilməsinə şərait
yaratmışdır. Belə ki, tələbələrin
biliklərinin qiymətləndirilməsində bir çox qabaqcıl
dünya universitetlərində uğurla tətbiq edilən
"Elektron test sistemi" layihəsi hazırlanıb müvəffəqiyyətlə
sınaqdan çıxarılmışdır. Bundan başqa, elektron dərsliklərin
yaradılması, tədris resurslarının
hazırlanması, elektron kitabxananın, universitetin
avtomatlaşdırılmış idarəetmə sisteminin
qurulması istiqamətində xeyli işlər
görülmüşdür.
Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək,
onun nəzəri irsini öyrənmək, təbliğ etmək,
gələcəyin müəllimlərini dövlətçiliyə
sədaqət və azərbaycançılıq ruhunda tərbiyə
etmək ADPU-nun professor-müəllim heyətinin ən ümdə
vəzifələrindəndir. Ümummilli lider Heydər Əliyevin
xatirəsinə ehtiram əlaməti olaraq nadir eksponatlarla təchiz
edilən, professor-müəllimlərin, tələbələrin,
qonaqlarımızın ziyarət məkanına çevrilən
"Heydər Əliyev xatirə muzeyi"
yaradılmış, dahi rəhbərin zəngin irsinin gənc
nəslə çatdırılması məqsədilə
"Heydər Əliyev məktəbinin lektoriyası" təşkil
edilmişdir.
Hazırda
universitetin 12 fakültəsində ali təhsilin bakalavr pilləsində
23 ixtisas üzrə 8 mindən artıq tələbə,
magistratura pilləsində 11 istiqamət, 39 ixtisas üzrə
802 nəfər magistr təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 69 elmlər doktoru, professor, 380 nəfər elmlər
namizədi, dosent, 330 nəfər müəllim və baş
müəllim məşğul olur. Universitetdə fəlsəfə
doktoru proqramı üzrə 28 nəfər doktorant, 42
dissertant, elmlər doktoru proqramı üzrə isə 30 nəfər
doktorluq dissertasiyası üzərində
çalışır.
Bu gün
ADPU-da maddi-texniki bazanın möhkəmləndirilməsi, ali pedaqoji təhsilin məzmununun təkmilləşdirilməsi,
professor-müəllim və tələbə kollektivi
arasında mənəvi-psixoloji mühitin
sağlamlaşdırılması istiqamətində ciddi
islahatlar aparılır. Təhsil ocağında
müxtəlif ölkələrlə tələbə
mübadiləsi və birgə elmi-tədqiqatlar aparmaq,
konfrans, konqres, simpozium keçirmək, beynəlxalq və
regional təhsil proqramlarına qoşulmaq və onlarda fəal
iştirak etmək istiqamətində uğurlu işlər
görülür. Fərəhli haldır
ki, dünyanın tanınmış elm və təhsil
ocaqları ilə əməkdaşlığımız
günbəgün genişlənir. Elə
bunun nəticəsidir ki, universitetdə fransız və ingilis
dili müəllimlərinin hazırlığına xüsusi
diqqət verilir.
Əməkdaşlarımızın elmi- tədqiqatlarının
nəticələri Avropanın, Rusiyanın və Türkiyənin
ən nüfuzlu elmi nəşrlərində çap edilir. Onların elmi
yaradıcılıq nümunələrinin işıq
üzü görməsində üç seriyada nəşr
olunan ADPU-nun "Xəbərlər"i və "Təhsildə
İKT" elmi-nəzəri jurnallarının mühüm
rolu vardır.
1958-ci ildən indiyədək nəşr olunan "Gənc
müəllim" qəzeti universitetin elmi-mədəni həyatında
baş verən hadisələrin iştirakçısı və
şərhçisi kimi fəaliyyətini davam etdirir. 1948-ci ildə
yaradılan və zəruri avadanlıqlarla təchiz edilən
nəşriyyat şöbəsi proqram, metodik göstəriş,
dərs vəsaitləri nəşr etməklə tələbələrin
tədris ədəbiyyatına olan tələbatını
ödəməyə çalışır.
Hazırda universitetimiz öz inkişafının yeni mərhələsinə
qədəm qoymuş, elmi fəaliyyətin həm strukturu, həm
də məzmununda əhəmiyyətli keyfiyyət dəyişiklikləri
aparılmışdır. Mövcud elmi-tədqiqat
laboratoriyalarının maddi-texniki bazası gücləndirilmiş,
zəruri avadanlıqla təchiz edilmiş, tədqiqat
mövzuları müasir dövrün tələblərinə
uyğunlaşdırılmış, "Türk
odası" və "Dədə Qorqud" elmi-tədqiqat
laboratoriyasının strukturunda əsaslı dəyişikliklər
edilmiş, yeni elmi-tədqiqat laboratoriyaları - "Pedaqoji təhsilin
problemləri", "Bioinformatika"
yaradılmışdır. Ali təhsil
ocağında professor-müəllimlərin, magistr və
doktorantların apardıqları elmi-tədqitqat işləri
daha çox pedaqoji təhsilin məzmununun yeniləşdirilməsinə,
pedaqoji kadr hazırlığının nəzəri və
praktik məsələlərinin araşdırılmasına,
yeni dərslik, dərs vəsaiti və metodik tövsiyələrin
hazırlanmasına istiqamətlənmişdir. Elmi-tədqiqatların metodoloji bazasının məqsədyönlü
şəkildə təkmilləşdirilməsi son illərdə
elmi potensialın kəmiyyət və keyfiyyət
artımına səbəb olmuşdur.
1990-cı illərin əvvəllərindən
başlayaraq əməkdaşlarımız xarici ölkələrdə
müxtəlif konfrans və simpoziumlarda iştirak etmişlər. Əgər
1991-2000-ci illərdə bu tədbirlərdə 79 nəfər
iştirak etmişdirsə, 2001-2010-cu illərdə onların
sayı 200 nəfərə yaxın olmuşdur.
Son illərdə ADPU-nun beynəlxalq əlaqələri
xeyli genişlənmişdir. Müxtəlif ölkələrlə
müəllim-tələbə mübadiləsi aparmaq, beynəlxalq
və regionlararası təhsil proqramlarına qoşulmaq və
onların işində fəal iştirak etmək kimi istiqamətlərdə
həyata keçirilən tədbirlərdə xüsusi fəallıq
göstərilir. Bu baxımdan ADPU ilə
Türkiyənin Hacəttəpə Universiteti arasında
yaradılmış pedaqoji və elmi istiqamətlərə
söykənən əlaqələr gündən-günə
genişlənir. 2007-ci ilin mayında Bakıda
ümummilli lider Heydər Əliyevin anadan olmasının
84-cü ildönümünə həsr olunmuş "Müəllim
hazırlama siyasəti və problemləri" mövzusunda
keçirilən beynəlxalq elmi konfransda Türkiyənin,
Şimali Kiprin, Almaniyanın, Qazaxıstanın, Amerikanın
29 universitetindən 175 tədqiqatçı və Azərbaycanın
21 ali məktəbindən çoxsaylı nümayəndələr
iştirak etmişlər. Həmin konfransda 11
bölmə üzrə 300-dən artıq məruzə dinlənilmişdir.
Konfransın materialları Türkiyədə
iki cilddə nəfis şəkildə çap edilmişdir.
Qara Dəniz Hövzəsi Ölkələrinin
Universitetləri Assosiasiyasının üzvü olan ADPU
2009-cu ildən Avropa Müəllim Hazırlığı
Birliyinə (ETEN) üzv seçilmişdir. Burada BMT-nin
İnkişaf Proqramı, ADPU və Lider Qadın İctimai
Birliyi tərəfindən Gender Təhsili Araşdırma Mərkəzi,
UNİSEF tərəfindən "Müasir təlim
texnologiyaları, təlim və resurs mərkəzi" təşkil
edilmişdir.
Bütün bunlar Azərbaycan Dövlət Pedaqoji
Universitetində elmin və təhsilin real göstəriciləridir. ADPU-da aparılan islahatlara ən
yüksək qiymət ali məktəbimizin
85 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən
verilmişdir. Ölkə rəhbərinin 26 dekabr 2006-cı il
tarixli sərəncamı ilə iki nəfərə
"Şöhrət" ordeni, 16 nəfərə "Tərəqqi"
medalı, 2 nəfərə "Əməkdar elm xadimi",
19 nəfərə "Əməkdar müəllim" fəxri
adı və üç nəfərə Azərbaycan
Respublikası Prezidentinin təqaüdü verilmişdir. Yubileydən sonra iki nəfər "Şöhrət"
ordeninə layiq görülmüşdür. "Əməkdar elm xadimi", "Əməkdar mədəniyyət
işçisi", "Əməkdar bədən tərbiyəsi
və idman xadimi" adlarını alanlar da olmuşdur. Universitetin iki nəfər professoru AMEA-nın
müxbir üzvü, bir professoru isə Rusiya Təhsil
Akademiyasının əcnəbi üzvüdür.
Fəaliyyəti
dövründə ADPU təkcə respublikamız
üçün deyil, Gürcüstan, Mərkəzi Asiya
respublikaları, Bolqarıstan və başqa ölkələr
üçün də yüksəkixtisaslı müəllim
və elmi kadrlar hazırlamış, son illərdə ABŞ,
İngiltərə, Fransa, Rumıniya, Almaniya, İtaliya,
Türkiyə, İran və Yəmən Ərəb
Respublikasının ali pedaqoji təhsil ocaqları, elm mərkəzləri
ilə əməkdaşlığa başlamışdır.
Pedaqoji Universitet Azərbaycanda elmin və təhsilin
inkişafına dəyərli töhfələr verən
çoxsaylı alimləri ilə qürur duymuş, fəaliyyəti
ərzində elmi mərkəz kimi inkişaf etmişdir. Bu ali təhsil və elm məbədində
pedaqogika və psixologiya (Ə.Seyidov, M.Mehdizadə, Ə.Zəkuzadə,
M.Muradxanov, Ş.Ağayev, H.Əhmədov, Ə.Əlizadə),
riyaziyyat (M.Əfəndiyev, M.Ə.Cavadov, İ.İbrahimov,
M.N.Cavadov), fizika (A.Abbaszadə, S.İmanov, M.Murquzov), kimya
(H.Şahtaxtinski, Ş.Məmmədov, A.Verdizadə), biologiya
(Z.Şahtaxtinskaya, A.Qarayev), tarix (Z.İbrahimov, Y.Yusifov),
filologiya (B.Çobanzadə, M.Şirəliyev, Ə.Dəmirçizadə,
M.Rəfili, Ə.Sultanlı, H.Araslı, F.Qasımzadə,
A.Qurbanov, H.Mirzəyev), fəlsəfə (H.Hüseynov) və
başqa sahələr üzrə elmi məktəblər və
istiqamətlər yaradılıb inikişaf etdirilmişdir.
Xalqımızın fəxr etdiyi yüzlərlə
tanınmış alim, yaradıcı ziyalı, ictimai və
dövlət xadimi ADPU-da təhsil almışlar. Universitetin məzunlarından
- Y.Məmmədəliyev, H.Hüseynov, Z.Xəlilov, H.Abdullayev,
M.Rəsulov, Ə.Hüseynov, İ.Hüseynov, S.Rəhimov,
Ş.Qurbanov, A.Qarayev, Ə.Sumbatzadə, M.Dadaşzadə, M.Cəfərov,
İ.İbrahimov, M.Şirəliyev, İ.Şıxlı, H.Əmirxanov
kimi tanınmış elm və mədəniyyət xadimləri
xalqımızın şöhrət simvoluna
çevrilmişlər. Fəxrlə qeyd etməliyəm ki,
AMEA-ya rəhbərlik etmiş 9
prezidentdən üç nəfəri - Yusif Məmmədəliyev,
Zahid Xəlilov, Həsən Abdullayev Pedaqoji Universitetin məzunları
olmuşlar.
Bu günlərdə ADPU-nun 90 illik tarixinin yeni səhifələri
yazılır.
Universitet kollektivi Prezident İlham Əliyevin daxili və xarici
siyasətini birmənalı olaraq dəstəkləyir, təhsildə
daha böyük uğurlar qazanmaq üçün yaradıcılıq
axtarışlarını inamla davam etdirir, müasir
düşüncəyə, yeni təhsil-tərbiyə
texnologiyasına, əxlaqi və mənəvi saflığa,
yüksək peşə və ixtisas hazırlığına
malik müəllim kadrları hazırlamaq işini özlərinin
ən ümdə məqsəd və vəzifəsi bilirlər.
Yusif MƏMMƏDOV,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin rektoru, AMEA-nın
müxbir üzvü
Azərbaycan.- 2012.- 19 aprel.- S. 6.