Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə taktiki təlimlər keçirmişlər

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan şelfində enerji ehtiyatlarının, neft və qaz yataqlarının, neft-qazçıxarma platformalarının və sualtı ixrac boru kəmərlərinin qorunması, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində önəmli tədbirlər həyata keçirməkdədir.

DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında Xəzər dənizində taktiki təlimlərin keçirilməsi mühüm yer tutur.

DSX-nin hissə və bölmələrinin dənizdə mümkün təhdidlərə qarşı birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkətlərinin işlənilməsi və təkmilləşdirilməsi məqsədilə keçirilən genişmiqyaslı taktiki təlimlər sərhədçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə aprelin 12-dən 18-dək "Xəzər dənizinin Azərbaycan şelfindəki adalarda neft-qazçıxarma rayonlarının, ixrac boru kəmərlərinin mühafizəsi, neft-qaz platformalarına qarşı təhlükə yarandıqda mühafizənin təşkili və xilasetmə əməliyyatlarının aparılması" mövzusunda döyüş atəşi ilə taktiki təlimlər keçirilmişdir. Təlimlərə DSX-nin Sahil Mühafizəsinin Sərhəd Gözətçi Gəmiləri, itisürətli kater və qayıqları, Aviasiya dəstəsinin helikopterləri, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə gəmiləri cəlb olunmuşdur.

Təlimdən əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev qüvvə və vasitələrə baxmışdır. Üç mərhələdə keçirilmiş təlimlərdə 9 taktiki epizod uğurla icra edilmişdir. DSX-nin Sahil Mühafizəsinin, Aviasiya dəstəsinin qüvvə və vasitələrinin neft-qazçıxarma rayonlarının, platformalarının, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən xüsusi şəraitə keçirilməsi mərhələsi başa çatdıqdan sonra aşkar edilmiş şərti düşmənin terror-təxribat qrupu zərərsizləşdirilmişdir. Şərti düşmənin terror-təxribat qrupunu dəstəkləyən hava hədəfi "İqla" tipli daşınan zenit-raket kompleksi vasitəsilə məhv edilmişdir. Sonra təyin edilmiş rayonda helikopterlər və gəmilər birgə sərhəd axtarış keçirmiş, şərti düşmənin sualtı təxribat qrupu aşkarlanaraq məhv edilmişdir.

Növbəti mərhələdə sorğuya cavab verməyən və hərəkətini davam etdirərək ərazidən uzaqlaşan gəminin dayandırılması, saxlanılmış gəmiyə gücləndirilmiş baxış qrupunun çıxarılması, xüsusi təlim keçmiş xidməti itlər və axtarış avadanlığı vasitəsilə baxışın keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi, partlayıcı maddələrin və narkotik vasitələrin aşkar edilməsi elementləri uğurla icra olunmuşdur. Saxlanılan gəmidə yanğın cəhdinin qarşısı FHN-in gəmi və helikopterləri tərəfindən alınmış, yaralanmış, suya düşmüş insanlar müvəffəqiyyətlə xilas edilmiş və təxliyyə olunmuşlar.

Təlimlərdə zenit artilleriya qurğularından, iriçaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları da uğurla keçirilmişdir.

Ümumilikdə 1200 nəfər hərbi qulluqçunun iştirak etdiyi taktiki təlimlərə 21 gəmi, 20 itisürətli kater və qayıq, 8 helikopter cəlb olunmuşdur.

Təlimlərdə möhkəm intizam və yüksək döyüş hazırlığı nümayiş etdirilmiş, qarşıya qoyulan vəzifələr, o cümlədən Xəzər dənizinin Azərbaycan şelfində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və xilasetmə əməliyyatlarının aparılması zamanı DSX ilə FHN-in bölmələrinin qarşılıqlı idarə olunmasında təcrübənin, qurumlararası məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetirilmişdir.

Təlimlərin sonunda general-leytenant Elçin Quliyev yüksək peşəkarlıq göstərdiklərinə görə şəxsi heyətə təşəkkür elan etmişdir.

Sonra Dövlət Sərhəd Xidmətinin rəisi və Fövqəladə Hallar Nazirliyinin rəhbər zabitləri şəxsi heyətlə birgə nahar etmişlər.

 

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 7.