Bakı-Roma-Bakı aviareysi
açılmışdır
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Roma-Bakı marşrutunu istifadəyə vermişdir.
AzərTAc xəbər verir ki, aprelin 17-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yerli vaxtla saat 8.30-da havaya qalxan "Aerobus-319" sərnişin təyyarəsi 4 saat 55 dəqiqədən sonra Romanın Leonardo da Vinçi Beynəlxalq hava limanında yerə endi. Təyyarənin sərnişinlərini, QSC-nin əməkdaşlarını və mətbuat nümayəndələrini Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, aeroportun rəhbərliyi və şirkətin İtaliya üzrə baş təmsilçisi qarşıladılar.
Bakı-Roma-Bakı marşrutunun istifadəyə verilməsi münasibətilə hava limanında mərasim keçirilmişdir. Səfir Vaqif Sadıqov demişdir ki, İtaliya ilə Azərbaycanın bütün sahələrdə çox yaxşı münasibətləri vardır. Bu münasibətlərin daha da möhkəmlənməsində yeni açılmış təyyarə reysi əhəmiyyətli rol oynayacaqdır. Bu reysdən istifadə edən hər iki ölkənin iş adamları, tələbələr və turistlər artıq rahat şəkildə Azərbaycandan İtaliyaya və əks istiqamətə hərəkət edə biləcəklər. Eyni zamanda, yeni təyyarə reysi ölkələrin turizm sahəsində əməkdaşlığını da genişləndirəcək və turizm şirkətlərinin işini asanlaşdıracaqdır.
Səfir bildirmişdir ki, aprelin 17-dən İtaliyada Azərbaycan mədəniyyəti günləri başlamışdır. Ayın 23-dək davam edəcək mədəniyyət günləri çərçivəsində İtaliyanın müxtəlif şəhərlərində tədbirlər təşkil olunacaq və Azərbaycanın mədəniyyəti, tarixi, bugünkü inkişafı geniş şəkildə İtaliya ictimaiyyətinə çatdırılacaqdır. Təyyarə reysinin də məhz bu günə təsadüf etməsi onu deməyə əsas verir ki, İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəkdir.
Çıxışlardan sonra nəzarət-buraxılış məntəqəsinin qarşısındakı rəmzi lent kəsilmiş və yeni reyslə Romadan Bakıya gələn ilk sərnişinlər təyyarəyə keçmişlər.
Yeni reyslə ilk dəfə Bakıya uçan sərnişinlərdən biri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano de Silva idi. Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mərkəzi ofisi Romada yerləşir.
Joze Qratsiano de Silva kənd təsərrüfatı üzrə Avropa Komissiyasının təşkil etdiyi konfransda iştirak etmək üçün Bakıya gəlirdi.
Yeni reysin açılmasına münasibətini bildirən Joze Qratsiano de Silva demişdir ki, Azərbaycanın İtaliya ilə əlaqələri getdikcə genişlənir. Yeni təyyarə reysinin açılması sayəsində isə səfərə çıxan insanların nəqliyyat problemi öz həllini tapdı və bu da dövlətlər arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Mən Avropa Komissiyasının tədbirində iştirak etmək üçün dəvət aldıqdan sonra Bakıya necə gedəcəyim haqqında düşünürdüm. Azərbaycanın İtaliyadakı səfirliyi ilə əlaqə saxladım və mənə bildirdilər ki, aprelin 17-də Bakı-Roma-Bakı reysi istifadəyə veriləcəkdir. Bu xəbər məni çox sevindirdi, çünki əlavə qayğı və problemlərlə qarşılaşmalı olmadım.
Bakıdan uçan Roma Universitetinin tələbəsi Günay Məmmədova bildirmişdir ki, bu şəhərə getmək üçün əvvəllər Bakı-Milan reysindən istifadə edirdi ki, bu da əlavə xərc və vaxt itkisinə səbəb olurdu. Yeni marşrut Romada təhsil alan bütün azərbaycanlı tələbələrin nəqliyyat problemini həll etdi. Digər sərnişin Arif Məmmədov öz ailəsi ilə istirahət etmək üçün Romaya gedirdi. O bildirdi ki, birbaşa reysin açılması Bakıdan Romaya gəlmək istəyənlərin rahatlığını təmin edəcəkdir. Turist səfərləri də artacaqdır.
Bakı-Roma-Bakı reysi həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri 125 sərnişin tutumu olan "Aerobus-319" sərnişin təyyarələri ilə həyata keçiriləcəkdir.
Biletin o baş-bu
baş qiyməti 417 manatdır.
Azərbaycan.- 2012.- 19 aprel.- S. 7.