Azərbaycan ilə Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq əsasında inkişaf edir

 

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Ali Radasının sədri Vladimir Litvinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 19-da Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.

Baş nazir Artur Rasizadə siyasi və iqtisadi sahələrdə Azərbaycan-Ukrayna əməkdaşlığını yüksək qiymətləndirmiş, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin dərin tarixə söykəndiyini və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşdığını diqqətə çatdırmışdır. Baş nazir Azərbaycan ilə Ukraynanın GUAM  çərçivəsində əməkdaşlığının əhəmiyyətini vurğuladı.

Artur Rasizadə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar barədə qonaqlara məlumat verdi. Bildirildi ki, Azərbaycanda əldə olunmuş siyasi sabitlik iqtisadi, infrastruktur, sosial, humanitar sahələrin də sürətlə inkişafına zəmin yaratmışdır. Ölkənin iqtisadiyyatı sürətlə şaxələndirilir, neft gəlirlərindən asılılıq azaldılır, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin rifahı yaxşılaşdırılır, sosial sahədə davamlı islahatlar aparılır. Sürətlə inkişaf edən Azərbaycan regionda irimiqyaslı layihələr həyata keçirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə demişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Bu münaqişənin həll olunmaması nəinki Azərbaycanın, həmçinin bütün regionun inkişafına əngəl törədir.

Ukrayna Ali Radasının sədri Vladimir Litvin Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin qurulmasından ötən illər ərzində əldə olunmuş uğurlardan məmnunluğunu ifadə etmişdir. Bakının simasında inkişaf edən Azərbaycanı gördüyünü deyən Ukrayna parlamentinin sədri bu uğurların ölkəsində diqqətlə izlənildiyini dedi, respublikamızın sosial-iqtisadi sahələrdə nail olduğu müvəffəqiyyətlərin əhəmiyyətindən danışdı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.   

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 20 aprel.- S. 3.