Ukrayna icmasının nümayəndələri
ilə görüş
Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının sədri Vladimir Litvin böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsi önündə Ukrayna icmasının nümayəndələri ilə görüşmüşdür.
Yüksək qonağı Azərbaycan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Milli Məclisin deputatları müşayiət etmişlər.
V.Litvin Taras Şevşenkonun abidəsi önünə əklil qoymuşdur.
Ukrayna icmasının sədri Aleksandr Zareçnıy və Azərbaycan Ukraynalıları Konqresinin sədri İqor Yakovenko icmanın üzvləri adından qonağı salamlamışlar. Onlar icmanın fəaliyyətindən danışaraq bildirmişlər ki, Azərbaycanda yaşayan bütün xalqlar kimi ukraynalılar da ölkəmizin tamhüquqlu vətəndaşlarıdırlar və başqa xalqların nümayəndələri ilə sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Bildirilmişdir ki, böyük Ukrayna şairi, nasiri və rəssamı Taras Şevçenkonun abidəsi Bakıda 2008-ci ildə açılmışdır. O vaxtdan etibarən hər il martın 9-da - şairin doğum günü onun abidəsi qarşısında Ukrayna poeziyası günü keçirilir.
"Barvinok" ansamblı və Bakı Slavyan Universitetinin tələbələri Ukrayna mahnıları ifa etmiş, Taras Şevçenkonun şeirlərini oxumuşlar.
V.Litvin A.Zareçnıya və İ.Yakovenkoya xatirə hədiyyələri təqdim etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 20 aprel.- S. 3.