VƏTƏNİ SEVMƏYƏN İNSAN OLMAZ...

 

Hardan başlanır vətən?

Bu, adi sual deyil, məhəbbətimizin hüdudlarını, bəlkə də hüdudsuzluğunu müəyyənləşdirmək üçün öz-özünə müraciətdir.

 

Beşikdən?

Doğulduğun evdən?

İsti ana qucağından?

Yoxsa sərhəddən?

 

Doğma Azərbaycanın torpağı, suyu, meşəsi, çayı və dənizidir Vətən!

İnsan ziyarətinə, Yasin səsinə həsrət qalmış qəbiristanlıqlardır Vətən!

Müharibənin viran qoyduğu - həyətləri qanqal basmış, bağları, ağacları qurumuş kənd və qəsəbələr, şəhərlərdir Vətən!

Dağıdılmış abidələr, məscid və məktəblərdir Vətən!

Vətən ana bətnidir, Vətən böyük Azərbaycandır, Vətən qəbir evidir, Vətən haqq dünyasıdır!

Bunların hamısının sevgiyə ehtiyacı var!

Bəs Vətən sevgisi nədir, vətəni necə sevərlər?

Vətənə sevgi hissi də tərbiyə olunmalıdır: həm ailədə, həm məktəbdə, həm də cəmiyyətdə! Bu heç də sadə məsələ olmayaraq böyük qayğı və diqqət tələb edir. Prezident İlham Əliyev bu barədə demişdir: "Bu gün  yeniyetmə yaşında olan gəncləri biz necə tərbiyə edəcəyik?! Onlar hansı  ruhda tərbiyə olunacaqlar, onlar öz dövlətinə nə qədər bağlı olacaqlar, öz milli mənliyini necə qoruyub saxlayacaqlar!? Çünki qloballaşma meyilləri gedir və bəzi hallarda böyük güc mərkəzləri qloballaşma adı altında öz  siyasətini yeridirlər. Bu da heç kimə sirr deyil ki, kənar qüvvələrin bəzi çox gözəl şüarlar altında maraqlarını təmin etmək üçün səylər göstərilir. Gənclərimiz buna hazır olacaqlarmı?! Biz buna hazırıq və istənilən təzyiqə dözürük, dözəcəyik və öz seçimimizi müdafiə edirik və edəcəyik".

Vətənpərvərlik Vətənini, dövlətini, xalqını, millətini sevməkdir! Onun inkişafına, rifahına çalışmaq, töhfələr verməkdir!

Vətənpərvərlik konkret dövrlərdə Vətənin çağırışlarına cavab  verməkdir!

İndi Vətən bizi nəyə çağırır:

Artıq Azərbaycan müstəqil dövlətdir, öz maraqlarına xidmət edən müstəqil siyasət yürüdür. Müstəqilliyimizin ötən 20 ili ərzində bir çox  uğurlara imza atıb. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinə keçib, iqtisadi  sahədə keçid dövrünü uğurla başa vuraraq enerji, nəqliyyat, ərzaq  təhlükəsizliyini təmin edib, 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. "Eurovision" mahnı müsabiqəsində qalib  gəlib. Dünyaya inteqrasiya olunub. Cənubi Qafqazın söz sahibinə çevrilib. Yaranmış yeni vəziyyət ölkə daxilində və beynəlxalq miqyasda geniş fəaliyyət göstərilməsini tələb edir. Azərbaycan vətəndaşı, xüsusən gənclər  elmli, bilikli, geniş dünyagörüşlü olmalı, müasir düşüncə tərzinə, İKT-yə  yiyələnməli, bütün sahələrdə dövlətin maraqlarını qorumağı bacarmalıdırlar.

Azərbaycan gənci idman sahəsində də böyük uğurlara imza  atır. Onun  idmanın bütün növləri ilə məşğul olmasına hər cür şərait yaradılmışdır. Avropa, dünya birinciliklərində, Olimpiya yarışlarında iştirak edən idmançılarımız daim bayrağımızı yüksəklərə qaldırırlar. Vətən bizi sağlam, qüvvətli, çevik olmağa, idman nailiyyətlərinin sayını artırmağa səsləyir.

Dövlətimizin əsasını milli-mənəvi dəyərlərimiz təşkil edir. Xalqımızın bu dəyərləri ümumbəşəri dəyərlərdir, millətin varlığını qoruyub saxlayan dəyərlərdir. Vətən bizdən bu dəyərləri mənimsəməyi, daim zənginləşdirməyi, yaşatmağı və uca tutmağı tələb edir. Hər bir azərbaycanlı azərbaycançılıq ideyasına xidmət etməyi özünə müqəddəs borc bilməlidir.

Vətəni daim müdafiəyə hazır olmaq övlad borcudur. İndi Vətənin çətin günləridir - 20 faiz torpaqlarımız düşmən işğalındadır, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu gün hər bir  Azərbaycan kişisi həm də potensial əsgərdir, vətənin müdafiəçisidir. Bu şərəfli missiyaya həmişə hazır olmamızı istəyir Vətən!

Vətəni inkişaf etdirmək, zənginləşdirmək, xain qəsdlərdən qorumaq həm də özümüzə xidmətdir! Firavan həyatımızın, xoş güzəranımızın, sabitgüclü, nüfuzlu Azərbaycanımızın əbədiyaşarlığına xidmətdir!

Vətənpərvərlik tərbiyəsi sahəsində hər şey qaydasındadırmı? Çox təəssüf ki, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Şəxsi marağı milli  mənafedən üstün tutmaq, qrant xatirinə antiazərbaycançı şəbəkəyə xidmət  göstərmək hallarının mövcudluğu dözülməzdir.

Uşağın beyni kağıza bənzəyir, o kağızda nə yazsaq, onu da  oxuyacağıq! Gələcəkdə onlarla bağlı əldə edəcəyimiz nəticələr bu gün uşaqlarımızı necə tərbiyə etməyimiz, onları necə böyütməyimizdən birbaşa asılıdır. Adətən, övladlarımız üçün hər cür şərait yaratmağa çalışır, onları iqtisadi cəhətdən təmin etməyə cəhd göstəririk. Amma mənəviyyatı barədə çox az düşünürük. Nə qədər ki uşaqlara onlarda görmək istədiklərimizi  verməmişik, geri ala bilməyəcəyik!

Mətbuata nəzər salsaq görərik ki, orada gənclərə və yeniyetmələrə  heç bir müsbət qəhrəman, konkret nümunələr təqdim edilmir. Hansı  qəzetdə və ya televiziyada müsbət qəhrəman var ki, gənc nəsil ondan  nümunə götürsün, onlara oxşamağa çalışsın? Bu gün özəl kanalların hamısının baş qəhrəmanı oxuyub-çalanlardır.

Kompyuter, internet, sosial şəbəkədə insanların müəyyən yaş dövrlərində  bilməli olmadıqları hər şeyi o qədər çılpaqlığı ilə göstərir, hətta bu barədə fikir mübadiləsi aparırlar ki, belə bir şəraitdə yeniyetmələrə doğru tərbiyə vermək, doğru yola istiqamətləndirmək, onlara həqiqəti başa salmaq çox çətindir! Təbii ki, belə vəziyyətdə ən ağır yükü məktəblər daşımalı olur. O həm təhsil verməli, həm tərbiyələndirməli, həm hərtərəfli insan yetişdirməlidir. Bütün bunları bir arada aparmaq, üstəlik də cəmiyyətdən, ətrafdan kömək görmədən etmək çox çətindir. Valideyn məktəbin ən yaxın dostu olmalıdır. Əgər söhbət gənc nəslin təlim-tərbiyəsindən gedirsə, burada  əməkdaşlıqdan başqa yol yoxdur! Valideynlər məktəbə hörmətlə yanaşmalıdırlar. Bütün məsuliyyəti məktəbin üzərinə atmaq, daha sonra isə  nəsə tələb etmək nə dərəcədə doğrudur? Münasibətlər ziddiyyətli qurulanda  uşaqlar da sanki bu vətənin övladları olmur.

Vətən , övlad da bizimdir! Onlar bir-birlərini, biz isə hər ikisini sevməliyik! Ancaq sözdə sevirəm demək məsələnin həlli deyil!

Biz Vətəni sevməyi sevdirməyi bacarmalıyıq!

Biz müstəqil Azərbaycanın övladı olmaqdan qürur duymalıyıq!

Biz nadan övladlarımızı da düz yola dəvət etməli, Vətənə necə xidmət etməli olduqlarını Mübariz İbrahimovun, Fərid Əhmədovun nümunəsində göstərməliyik.

Unutmayaq, müdriklər deyiblər: Vətəni sevməyən insan olmaz...

 

 

Azərbaycan.- 2012.- 20 aprel.- S. 4.