Dövlət Sərhəd
Xidmətinin yeni aldığı
texnikaların döyüş
sıralarına qəbul edilməsi ilə əlaqədar tədbir
keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin (DSX) maddi-texniki bazası möhkəmləndirilmiş, idarəetmə sistemi təkmilləşdirilmişdir. Dövlət Sərhəd Xidmətinin texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi, müasir döyüş texnikası və digər texniki vasitələrin alınaraq sərhədlərimizin mühafizəsi işində tətbiq edilməsi əsas vəzifələrdən biridir və bu proses uğurla davam etdirilir.
Yeni alınmış texnikaların döyüş sıralarına qəbul edilməsi ilə əlaqədar aprelin 19-da DSX-nin aviasiya dəstəsinin bazasında tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev müxtəlif döyüş texnikalarına - "Mi-35", "Mi-17", "Mi-8" helikopterlərinə, "Kobra" tipli yüngül zirehli döyüş maşınına, "LAND-ROVER-110" tipli çevik hərəkət maşınına baxış keçirmişlər.
Nümayiş etdirilən zirehli döyüş helikopterlərinin və texnikaların taktiki-texniki imkanları barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, yeni alınmış döyüş texnikaları müxtəlif hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir və ən müasir silahlarla təchiz olunmuşdur. Helikopterlərin və müxtəlif təyinatlı döyüş avtomobillərinin səmərəli istifadəsi Vətənimizin hüdudlarının mühafizəsinin daha da gücləndirilməsində mühüm rol oynayacaqdır.
Sonra "Mi-35" helikopterinin nümunəvi uçuşu nümayiş etdirilmişdir. 45 dərəcə bucaq altında forsajlı döngələr, şığıma, yüksəlmə, döyüş dönməsi, dönmə uçuşu və digər mürəkkəb elementlər uğurla icra olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev qarşıya qoyulmuş vəzifələrin daha yüksək səviyyədə yerinə yetirilməsi, döyüş sıralarına yeni daxil edilən texnikaların səmərəli tətbiqinə dair müvafiq tapşırıqlar vermiş, "Mi-35" helikopterinin nümunəvi uçuşları zamanı peşəkarlıq göstərən heyət üzvlərinə təşəkkür etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 20 aprel.- S. 4.