Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının Avropa üzrə
28-ci regional konfransı işinə
başlamışdır
Aprelin 19-da Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, ikigünlük konfransa Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ev sahibliyi edir.
Regional konfransın əsas məqsədi 2012-2013-cü illər üzrə FAO-nun region üzrə İş Proqramının və büdcəsinin təsdiq edilməsi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdən ibarətdir.
Tədbirdə Bakı konfransının əhəmiyyəti vurğulanmış, ərzaq çatışmazlığı və aclıqla mübarizə yolları barədə fikir mübadiləsi aparılmışdır.
Kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevin ölkə iqtisadiyyatına, o cümlədən aqrar sektora diqqət və qayğısından söz açmışdır. Bildirmişdir ki, son dövrlərdə Azərbaycanda aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycan FAO çərçivəsində ərzaq təhlükəsizliyinin təmin edilməsi və qıtlıqla mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsində donor ölkəyə çevrilmişdir. Nazir konfransda 46 dövlətin nümayəndələrinin iştirak etdiklərini diqqətə çatdırmışdır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva bəzi ölkələrdə hökm sürən aclıq, ərzaq və kənd təsərrüfatı məhsullarının çatışmazlığı ilə mübarizənin birgə aparılmasının vacibliyini vurğulamışdır. Bildirmişdir ki, Bakı konfransı bu məsələdə dialoq və əməkdaşlıq qurmaq üçün geniş imkanlar açır. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında regionlararası əməkdaşlıq aclıqla mübarizədə və regionda davamlı kənd təsərrüfatı və kəndin inkişafı üçün mühüm rol oynayır. FAO ənənəvi olaraq regionda kənd təsərrüfatı sahəsində fəal tərəfdaş olmuşdur.
Çıxış edənlər konfransın yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmiş, Azərbaycanın bütün sahələrdə dinamik inkişafından danışmışlar.
FAO-nun fəaliyyətindən danışan iştirakçılar Bakıda qəbul ediləcək qərar və veriləcək təkliflərin təşkilatın gələcək fəaliyyətində nəzərə alınacağını bildirmişlər. Tədbirdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsində kiçik fermer təsərrüfatlarının dəstəklənməsinin əhəmiyyəti vurğulanmış, 2014-cü ilin "Kiçik fermerlər ili" olacağı diqqətə çatdırılmışdır.
Tədbirdə BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
Avropa üzrə 27-ci regional
konfransının nəticələri və gündəlikdə
olan digər məsələlər
müzakirə edilmişdir. Konfrans aprelin 20-dək davam edəcəkdir.
Azərbaycan.- 2012.- 20 aprel.- S. 4.