“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının hazırlanması ilə əlaqədar “Sığorta-pensiya sistemi” mövzusunda “dəyirmi masa”
Aprelin 19-da Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Sığorta-pensiya sistemi" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbiri YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov açaraq bildirmişdir ki, sosial müdafiə və pensiya təminatı sistemlərində görülən işlər Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində mühüm yer tutur. Əsas məqsəd vətəndaşların daha etibarlı və daha yüksək səviyyədə pensiya ilə təmin olunmasıdır. Digər tərəfdən, bu islahatlar pensiya sisteminin yeni mexanizminin daha ədalətli formada reallaşdırılması istiqamətində aparılan dəyişiklikləri əhatə edir. Həyata keçirilən islahatların əsas istiqamətlərindən biri də pensiya alanlar və pensiya orqanları arasında münasibətlərin sivil formada və müasir texnologiyalarla təmin edilməsindən ibarətdir. Azərbaycanda həyata keçirilən islahatlar bütövlükdə ölkəmizdə etibarlı, ədalətli və müasir pensiya sisteminin yaranmasını və fəaliyyət göstərməsini təmin edəcəkdir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mövzu ilə bağlı təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli sərəncamına əsasən müvafiq dövlət orqanlarına ölkəmizin növbəti 10 ildə inkişafının əsaslarını müəyyənləşdirəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması tapşırılmışdır. S.Müslümov fond tərəfindən Azərbaycanın sığorta-pensiya sisteminin gələcək inkişafı strategiyasının müəyyənləşdirilməsi məqsədilə bir sıra layihələr çərçivəsində aktual tədqiqatların aparıldığını vurğulamışdır. Bu tədqiqatlar müasir dünyada sığorta-pensiya sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə standart göstəricilər əsasında təşkil olunmuşdur. Fondun sədri demişdir: "Beynəlxalq maliyyə və tədqiqat qurumlarının qəbul etdiyi metodiki tövsiyələr əsasında Azərbaycanın sığorta-pensiya sisteminin qiymətləndirilməsi aparılmış, 2020-ci və 2040-cı illər üçün sığorta-pensiya sisteminin inkişafı üzrə fərqli ssenarilər, mövcud risklər və onların qabaqlanması üçün alternativlər verilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması üçün verilən tapşırıq və tövsiyələrə uyğun olaraq həmin tədqiqatlarda 2020-ci ilədək olan dövrə xüsusi diqqət yetirilmişdir".
DSMF sədri bildirmişdir ki, ötən dövrdə Azərbaycanda sosial müdafiə sisteminin beynəlxalq standartlara əsaslanan islahatı nəticəsində sığorta-pensiya sistemində mühüm nailiyyətlərə nail olunmuşdur. Üçpilləli pensiya təminatı müəyyənləşdirilmişdir ki, bu da əhalinin sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilmiş prinsipinin əyani təzahürüdür. Əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır.
S.Müslümov vurğulamışdır ki, son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil etmişdir. S.Müslümov demişdir: "Pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddini üstələmişdir. Ölkəmizdə 60 yaşdan yuxarı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ümumi daxili məhsulun 0,53 faizi düşür ki, bununla da qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunmuşdur".
Fondun sədri demişdir ki, Azərbaycanın sığorta-pensiya sistemində vətəndaşla fondun əməkdaşları arasında birbaşa əlaqə yarada bilən bütün hallar aradan qaldırılır, həm sığortaedənlərin uçota alınması, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi, fərdi uçotunun aparılması, fərdi şəxsi hesablardan müvafiq məlumatların əldə edilməsi, fond tərəfindən bu proseslərə audit və digər vasitələrlə nəzarət edilməsi, həm də pensiyaların təyin olunması və onların ödənişi tam avtomatlaşdırılır.
"Dəyirmi masa"da mövzu ilə
bağlı müzakirələr
aparılmışdır. Müzakirələrdə
Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli,
Ziya Səmədzadə, Azərbaycan
Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Əli Məsimli
çıxış edərək Azərbaycan 2020: gələcəyə
baxış "İnkişaf
Konsepsiyasının hazırlanması istiqamətində
görülən işlərin əhəmiyyətini
vurğulamış, sosial müdafiə, pensiya təminatı
sistemlərinin inkişafına dair təkliflər
vermişlər.
Azərbaycan.- 2012.- 20 aprel.- S. 5.