TürkPA ilə TDƏŞ arasında əməkdaşlıq
memorandumu imzalanacaqdır
Bakıda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Xəlil Akıncı Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovla görüşmüşdür.
AzərTAc xəbər verir ki, Ramil Həsənov TürkPA ilə TDƏŞ arasında münasibətlərin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğunu vurğulamışdır.
Eyni zamanda R.Həsənov iyunun 14-dən 16-dək Qırğızıstanın paytaxtı Bişkekdə TürkPA-nın Assambleya Şurasının III iclası və III plenar sessiyasının keçirilməsi ilə bağlı məlumat vermişdir. Bildirilmişdir ki, 2011-ci ildə TürkPA-nın dörd daimi komissiyası yaradılmışdır. Artıq bu komissiyalar iclaslarını keçirmiş, hesabat və tövsiyələrini hazırlamışlar və bu sənədlər III iclasda təqdim olunacaqdır.
Xəlil Akıncı TürkPA-nın türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsinə töhfə verməsindən və təşkilatlar arasında iqtisadi, ticarət, humanitar, mədəniyyət və təhsil sahələrində ortaq layihələrin mövcudluğundan məmnunluğunu ifadə etmişdir.
Görüşdə TürkPA-nın daimi komissiyalarının iclaslarında və TDƏŞ-in komitələrinin toplantılarında qarşılıqlı olaraq hər iki təşkilatın nümayəndələrinin iştirakının vacibliyi qeyd olunmuşdur.
Həmçinin eyni məqsədə xidmət edən TürkPA və TDƏŞ arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanması haqqında ilkin razılıq əldə edilmişdir.
Görüşdə TDƏŞ-in baş katibinin müavini Qismət Gözəlov və TürkPA baş katibinin müavini Kürşad Melih Sarıarslan iştirak etmişlər.
Sonda Xəlil Akıncı
şərəf dəftərinə ürək sözlərini
yazmış və xatirə şəkli çəkdirilmişdir.
Azərbaycan.- 2012.- 20 aprel.- S. 5.